PDF Oxu

Araşdırma

  • 5 449

Tehran Bakıya terror mesajları yollayırsa... SİYASİ RAKURS+FOTOFAKT

image

Yaxud, baş verənləri ayrı cür şərh etmək də olmur!

Azərbaycan Respublikasının Tehrandakı səfirliyi terror hücumuna məruz qaldıqdan sonra İran hakimiyyəti buraxdığı boşluqları, səhvləri nəzərdən keçirərək yaranmış soyuq münasibətləri aradan qaldırması yerinə vəziyyətin daha da gərginləşməsi yönündə sanki canfəşanlıq göstərir. Daha əvvəllər Azərbaycanla quru sərhədlərdə təxribat xarakterli hərbi təlimlərin keçirilməsi, hava sərhədlərimizi pozmaq cəhdləri sonradan daha aqressiv tonlara istiqamət almağa başladı. Bu gün İranın parlamentində, digər rəsmi dövlət və qanunvericilik qurumlarında oturan baş mollalar əllərinə düşən hər imkanlarında aqressiya ritorikalı fikirləri ilə közərən alovun üzərinə benzin tökməklə məşğuldurlar.

Hədəfdə deputatlardır - Fazil Mustafanın silahlı terror hücumuna məruz qalmasının ardınca Tahir Kərimliyə təhdid mesajının verilməsi

Əlbəttə, bu kimi əməllərin cavabsız qalmayacağını da gözəl anlayan Tehran rejimi digər tərəfdən Azərbaycan vətəndaşlarını da hədəfə alırlar – terror və s. cinayətkarlıq vasitələri ilə. Əvvəlcə millət vəkili Fazil Mustafanın öz evinin qarşısında silahlı hücuma məruz qalaraq yaralanması, ardınca daha bir millət vəkili Tahir Kərimlinin sosial şəbəkə hesabında “növbəti hədəf sənsən” tipli təhdid statusunun yazılması, bunun ardınca isə İrana bağlı terror qruplaşmalarının ölkədə fəaliyyət göstərən jurnalistlərin sosial media hesablarına anonim xarakterli təhdidlər yağdırması şovinizmə bağlı rejimin, eləcə də ona bağlı qruplaşmaların dinc dayanmaq istəməməsi ilə əlaqələndirilə bilinər.

Bu dəfə növbə Təbriz şəhərindəki konsulluğumuza çatır – Hizbullah və Hüseyniyyun bir arada!

Baş verənlər fonunda İrandakı hakimiyyət bütün bunların qarşısını qəsdən almadığını nümayiş etdirir. Əksinə, sifarişlərin də bu rejim tərəfindən verildiyi artıq heç bir şübhə doğurmur. Məsələn, sual edə bilərik ki, necə olur, Tehrandakı səfirliyimizə qanlı terror cinayətinin araşdırılması, istintaqının aparılması yerinə bu dəfə növbə Təbriz şəhərindəki konsulluğumuza çatır və bu diplomatik nümayəndəliyimiz də təhdidlərə uğrayır?

Belə ki, ötən gün konsulluğumuz qarşısında Livanın İrana bağlı olan və birbaşa Tehrandan idarə edilən Hizbullah terror qruplaşmasının və Hüseyniyyun bayraqlarının qaldırılması, aksiyanın keçirilməsi yuxarıda qeyd edilən faktları isbatlayır. Yeri gəlmişkən, bu həmin Hizbullahdır ki, Livanda Azərbaycan səfirliyinə qarşı edilən rüsvayçı erməni hücumuna dəstək göstərmişdi.

Və bu gün Hizbullahın əsasən xain azərbaycanlılardan ibarət Hüseyniyyun qruplaşması ilə təxribat törətmək cəhdləri də diqqətlərdən yayınmır. Onların son vaxtlar Azərbaycanda ələ keçirilən casusların azadlığa buraxılmaları tələbləri ilə birgə çıxış etmələri də hər halda nəzərdə saxlanılır...

Beləliklə, İranın öz daxilində Azərbaycan konsulluğuna qarşı təxribatçı əməllərin törədilməsi sanki Tehran terrorunun davamı kimi göstərilməyə çalışılır. Daha dəqiq desək, səfirliyimizə edilən hücumun sabah-birigün konsulluğumuza qarşı reallaşdırılması siqnalları verilməkdədir. Hər halda, İranın Azərbaycana qarşı davranışları artıq kifayət qədər qənaətə gəlməyə zəmin yaradır ki, bu ölkə regionumuza ciddi təhlükələr verə biləcək terror siyasəti yürüdür və dünyanın qlobal terrorçuluğa qarşı mübarizəsi fonunda növbə çox yaxın zamanlarda İranın özündə də çatacaq.

Artıq Suriyada, Yəməndə İrana bağlı digər terror qruplaşmalarının, habelə Tehran rejiminə məxsus hərbi-strateji obyektlərin hədəfə alınaraq məhv edilmələri də bu kontekstdəndir.

Rövşən RƏSULOV

Digər xəbərlər