Artsvik Sarqsyan: “Nəinki 2020-ci ildə, 2016-cı ildə də fərarilik faktları çox idi”
Qarabağ searatçılarından olan Artsvik Sarqsyan ərazilərimiz işğalda olduğu müddətdə Şuşa şəhərinin “meri” vəzifəsini icra edərkən bir sıra sensassiya doğuracaq etiraflar edib. Daha dəqiq desək, o Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın ölkənin Tavuş vilayətində 11 minlik fərarilər barədə irəli sürdüyü fikirlərini dəstəkləyib.
“Müharibədə erməni hərbçilərinin öz mövqelərini, strateji mühüm postlarını necə atıb-qaçdıqlarını sübut edən kadrlar internet resurslarında da var”
Sarqsyan Anna Akopyanın fərarilik barədə dediklərindən sonra ictimai rəyin nəyə görə baş nazirin arvadına qarşı ardıcıl hücum səbəblərini anlamadığını bildirib. O, qeyd edib ki, şəxsən müharibədə iştirak edib və dezertirlik faktlarına öz gözləri ilə şahid olub. “Müharibədə erməni hərbçilərinin öz mövqelərini, strateji mühüm postlarını necə atıb-qaçdıqlarını sübut edən kadrlar internet resurslarında da var”.
Sarqsyan dezertirlərin sayının 11 min olduğunu dəqiq bilmədiyini desə də etiraf edib ki, onların sayı həqiqətən də çox idi və dəqiq rəqəm deyə bilməz. “Bu baxımdan, Akopyanın dediklərində qəribə heç nə yoxdur”, deyə o bildirib.
“Siz elə bilirsiniz ki, aprel müharibəsində bizdə dezertirlər olmayıb?”
Separatçı fərarilik faktlarının yalnız 2020-ci ildə deyil, ondan əvvəlki vaxtlarda da olduğunu bildirib və 2016-cı ilin aprel döyüşlərini də xatırladıb: “Gəlin 2016-cı ilin aprel müharibəsini xatırlayaq. Siz elə bilirsiniz ki, aprel müharibəsində bizdə dezertirlər olmayıb? Bizim bir çox hərbi qulluqçularımız “stepanakertə” (Xankəndiyə-R.R.) qaçırdılar”.
Artsvik Sarqsyan “əzazil general” adlandırılmış, yaxud qəddarlığı ilə seçilən erməni ali rütbəli zabiti, artıq cəhənnəm əbədiyyətinə qovuşmuş Manvel Qriqoryan haqqında da bəhs edib. Onun sözlərinə görə, Manvel Qriqoryan həmin vaxt döyüş meydanından qaçan hərbçiləri tənbeh etmişdi. Lakin onun özü də qızğın döyüşlərin getdiyi ərazilərə baş çəkməkdən qorxurdu. “Həmin vaxtlarda mövqelərdə 50 əsgərin yerinə 20-25 əsgər olurdu, yerdə qalanları isə qaçırdı”, deyə bildirib.
Rövşən RƏSULOV