PDF Oxu

Araşdırma

  • 4 407

İran bu addmları ilə özünə ciddi zərər vura bilər ŞƏRH+AKTUAL

image

Bəhruz Quliyev: “Azərbaycan xalqı və dövləti heç vaxt bu xəyanəti unutmayacaq"

Məlum olduğu kimi, İran parlamentinin 210 nəfərə qədər deputatı Azərbaycanın İsraillə diplomatik münasibətlərini qurması və inkişaf etdirməsi, xüsusilə hər iki dost ölkənin qarşılıqlı olaraq səfirliklər açması ilə bağlı rəsmi Bakıya öz təbirlərincə etirazlı, hətta təhdid xarakterli mesaj yollayıblar. Bu barədə qonşu ölkənin İRNA agentliyi məlumat yayıb və orada bildirilir ki, Azərbaycanın Qüdsdə səfirlik açması yolverilməzdir və s. Azərbaycanın Xarici İşlər Nazirliyi qarşısında da əsassız “tələblərlə” çıxış edən Tehran rejiminin deputatları əslində bütün qırmızı xətləri keçiblər və bununla bir daha sübut ediblər ki, “İran İslam Respublikası” adı altında təqdim olunan məlum siyasi dairələr və onların əlaltıları əslində İslam pərdəsi altında öz kirli mənfəətlərini güdürlər.

Bu barədə Publika.az-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib. Onun sözlərinə görə, reallıqda Tehranın siyasi dairələri istər əvvəllər, istərsə də sonrakı dövrlərdə özlərinin inanılmaz və qəbuledilməz rəftarları ilə iki ölkə arasındakı münasibətlərə xələl vurublar və indi də öz əməllərini rəsmi Bakının üzərinə atmağa çalışırlar. Buna isə riyakarlıqdan başqa ad vermək olmaz.

“Bu həmin İrandır ki, istər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində təcavüzkar Ermənistanın silahlanmasında aparıcı rol oynayırdı”

“İran parlamentinin Azərbaycan dövlətinin əleyhinə yaydığı bəyanatı ifrat riyakarlıq nümunəsi ilə yanaşı, Tehranın İslam pərdəsi altında tətbiq etdirdiyi kirli siyasi mənfəətlər güdməsinin göstəricisidir və düşünürəm ki, belə olan halda qonşu ölkə bu yolla əslində özü-öz daxilindəki çirkinliklərini ifşa edib”, deyə bildirən Bəhruz Quliyev mövzu ilə bağlı şərhində onu da vurğulayb ki, Azərbaycanın istər regionda, istərsə də beynəlxalq miqyasda müstəqil siyasət yürütməsi, qətiyyət və iradə nümayiş etdirərək bütün dövlətlərlə isti və mehriban münasibətlər qurması İranı təlaşlandıran məsələlərdən biridir. İsraillə münasibətlərin daha möhkəm əsaslarda qurulması da məhz bu sıradandır. SİTAT: “Xüsusilə, İsrailin Azərbaycanda, Azərbaycanın isə İsraildə səfirlik açması İranı nədənsə narahat edir və məntiqsiz bəyanatlar verməsinə səbəb olur, Tehran rejimi Fələstin məsələsini ortaya ataraq sanki Bakıya qarşı ittiham trayektoriyasını genişləndirməyə çalşır. Halbuki bu həmin müsəlman İrandır ki, torpaqlarımız işğala məruz qaldığı dövrlərdə talanlara uğrayanda, məscidlərimiz, dini abidələrimiz dağıdılanda, donuz fermalarına çevriləndə susurdu. Susmağı da qalsın bir yana, bu həmin İrandır ki, istər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində təcavüzkar Ermənistanın silahlanmasında aparıcı rol oynayırdı. Və bu, yenə də həmin İrandır ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərimizdən sonra uzun müddət Azərbaycana bu münasibətlə təbrik ünvanlamaqda tərəddüd etdi”.

“Son müharibə zamanı təkcə Cəbrayıl-Zəngilan cəbhəsində, İranla həmsərhəd ərazilərdə irəliləyən Silahlı Qüvvələrimizin süni şəkildə qarşısının alınması cəhdləri də bu sıradandır”

Siyasi ekspert İranın zaman-zaman müsəlman Azərbaycanın “kürəyindən xəncər sancması”, çoxsaylı xəyanətləri barədə də fikirlərini açıqlayıb. Təəssüf ki, bu hal özünü 44 günlük müharibədə də göstərib. SİTAT: “Son müharibə zamanı təkcə Cəbrayıl-Zəngilan cəbhəsində, İranla həmsərhəd ərazilərdə irəliləyən Silahlı Qüvvələrimizin süni şəkildə qarşısının alınması cəhdləri də bu sıradandır və Azərbaycan xalqı və dövləti heç vaxt bu xəyanəti unutmayacaq. Bax, budur İslam pərdəsi altında riyakarlığın aşkar nümunəsi. Bütün bunlardan sonra müstəqil qərarlar verən, istədiyi ölkələrlə diplomatik əlaqələrini möhkəmləndirən Azərbaycana qarşı görə təzyiq cəhdinə söykənən əsassız bəyanatın verilməsi xalqımız, ictimaiyyətimiz tərəfindən yalnız istehza ilə qarşılana bilər”.

“Azərbaycan-İsrail münasibətlərinə qarşı dil uzadan iranlı deputatlar bir reallığı da unudurlar ki, Azərbaycan bütün dövlətlərlə mehriban əlaqələrini qurur və bu siyasət paralel olaraq balanslı xarakterə söykənir”

Bəhruz Quliyev İranın bu dəfə Fələstin bəhanəsini ortaya ataraq Azərbaycanı hədəfə almasını siyasi oyunbazlıq kimi xarakterizə edib və bir sıra mühüm xatırlatmaları önə sürməklə İranın Azərbaycanın digər ölkələrlə münasibətlərinə də müdaxilə etdiyini bildirib. Onun sözlərinə görə, yaxşı olardı ki, İran rəsmiləri və deputatları Azərbaycanın Fələstinlə bağlı keçirdiyi çoxsaylı tədbirlərini xatırlasın və bu barədə də danışsın. SİTAT: “Fələstinlə bağlı bəhanə edərək Azərbaycan-İsrail münasibətlərinə qarşı dil uzadan iranlı deputatlar bir reallığı da unudurlar ki, Azərbaycan yuxarıda da qeyd etdiyim kimi, bütün dövlətlərlə mehriban əlaqələrini qurur və bu siyasət paralel olaraq balanslı xarakterə söykənir”.

Baş redaktoru bir xatırlatma da edib. Onun sözlərinə görə, bu gün ağızdolusu İslam Əməkdaşlıq Təşkilatı və İslam həmrəliyindən danışan Tehran rejimi zaman-zaman bu mötəbər qurumun çıxardığı qərarlara etinasız yanaşıb, hətta bir sıra sənədlərin ratifikasiyasında nümayişkəranə şəkildə iştirak belə etməyib. İndi isə bu təşkilatı necə deyərlər, əlində “bayraq” edərək bizə qarşı çıxış edir. SİTAT: “Necə olur ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə etiraz əlaməti olaraq digər müsəlman dövlətlər, xüsusilə Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan İrəvanla diplomatik əlaqələr qurmaqdan imtina edir, amma Tehran İrəvanla ən yaxın münasibətlər qurur. Bu iradlarla bağlı bir dəfə də olsun fikir bildirməyən İran rəsmiləri bir daha riyakarlıqlarını ortaya qoyurlar”.

İran parlamentinin deputatları bir daha düşünüb-daşınmalıdırlar, anlamalıdırlar ki, onların əsassız bəyanatları regionun inkişafına nə qədər ziddir və bu ziddiyyətlər məhz onların özlərinə ciddi zərərlər vura bilər”

Siyasi ekspert sonda daha bir xatırlatma edib və bildirib ki, hələ 2018-ci ilin noyabrında Bakıda Fələstin dövlətinin xarici işlər naziri Riyad Əl-Malikini qəbul edən Prezident İlham Əliyev vurğulamışdı ki, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanın İslam aləmi dövlətləri ilə də sıx münasibətləri mövcuddur və müstəqilliyin bərpasından sonra ölkəmiz həm türkdilli dövlətlərlə, həm də digər müsəlman dövlətləri ilə siyasi-diplomatik və iqtisadi əlaqələrin qurulmasına və inkişafına diqqətlə yanaşıb. Dövlətimizin başçısı onu da vurğulamışdı ki, Azərbaycan İslam ölkələri ilə, o cümlədən Fələstin dövləti ilə münasibətlərə həmişə xüsusi diqqətlə yanaşıb, dövlətimiz Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirib, dəstəyini əsirgəməyib. SİTAT: “Həmin vaxt Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısı keçirilib və Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi də qeyd edilənlərə bariz nümunə kimi tarixə yazılıb”.

Bəhruz Quliyev qeyd edib ki, əvvəlki illərdə də ölkəmiz Fələstinlə əlaqədar bir sıra mühüm tədbirlərə ev sahibliyi edib. SİTAT: “2013-cü ildə Azərbaycanın ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində “Müqəddəs Əl-Qüds şəhərinin inkişafı üçün Strateji Sektor Planının maliyyələşdirilməsi”nə dair İƏT Xarici İşlər Nazirlərinin Donor Konfransı və Fələstin Dövlətinə yardım üçün “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi” adlı tədbirlər də Bakıda keçirilib. Bundan başqa, yenə 2017-ci ildə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib. Məgər bütün bunları İran parlamentinin deputatları bilmirlərmi? Əlbəttə ki, bilirlər, üstəlik çox yaxşı bilirlər. Sadəcə, Azərbaycanın regionda güclənməsini həzm edə bilməyən Tehran rejimi vaxtaşırı hansısa “qırmızı xəttdən” danışır, “tarixi sərhədlərin dəyişdirilməməsi” ətrafında var-gəllər edir. Amma göründüyü kimi, belə lüzumsuz addımların Azərbaycan dövlətinin və xalqının siyasi iradəsinə heç bir təsiri ola bilməz. Azərbaycan dövləti bundan sonra da özünün müstəqil regional və beynəlxalq siyasətini inamla, qətiyyətlə davam etdirəcək və dövlət başçımızın da vurğuladığı kimi, heç bir xarici qüvvə bu qərarlarımızın qarşısını ala bilməz və bundan sonra da ala bilməyəcək. Bu baxımdan, İran parlamentinin deputatları bir daha düşünüb-daşınmalıdırlar, anlamalıdırlar ki, onların əsassız bəyanatları regionun inkişafına nə qədər ziddir və bu ziddiyyətlər məhz onların özlərinə ciddi zərərlər vura bilər”.

Rövşən RƏSULOV

Digər xəbərlər