PDF Oxu

Araşdırma

  • 5 274

Azərbaycan-İsrail: strateji tərəfdaş, sadiq dost və qardaşlıq reallığında ŞƏRH+AKTUAL

image

Bu münasibətlər regionda qeyri-sabitliyin aradan qaldırılmasına da öz əhəmiyyətli töhfələrini verir

Azərbaycan-İsrail münasibətləri daim özünəməxsus üstünlükləri və tarixi həqiqətləri ilə seçilib. Ölkələr arasındakı təmasların həm də xalqlararası dostluq və qardaşlıq faktorlarına söykənməsi nəticə etibarı ilə özünü siyasi konturların cızılmasında, gələcək addımların müəyyən edilməsində də öz mühüm rolunu oynayıb. Tarixi məqamlar isə uzun illərə söykənir. Belə ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən cəmi iki ay sonra, İsrail yeni dövləti rəsmən tanıyan ilk dövlətlərdən biri olmuş və 1992-ci il 7 aprel tarixindən etibarən Azərbaycanla diplomatik əlaqələr qurub. Məhz həmin dövrdən başlayaraq, ikitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq fonunda daha da genişlənib.

Azərbaycan və İsrail, xüsusilə hər iki dövlətin ən çox ehtiyac duyduğu sektorlarda əməkdaşlıq etməklə, bir-birləri üçün əsas regional aktorlara çevriliblər

O cümlədən, danılmaz həqiqətdir ki, Azərbaycanla hərbi-strateji əməkdaşlığa da mühüm önəm verən İsrail öz etibarlı siyasətini istər 2016-cı ilin aprel müharibəsində, istəsə də 44 günlük Vətən müharibəsində də göstərib və statistik faktlar da bu gerçəkliyi kifayət qədər ehtiva etməkdədir. Beləliklə, İsrail Azərbaycanın silah və yüksək texnologiyalarla bağlı əsas təchizatçısına çevrilib. Sözügedən həbi texnologiyalar düşmənin mövqeyini təyin etmək və onu asanlıqla məhv etmək iqtidarını cəbhədə də sübuta yetirdi.

Digər tərəfdən, Azərbaycan, öz etibarlı və strateji tərəfdaşına onun istehsal edə bilmədiyi məhsulu – nefti təklif edir. Müxtəlif mənbələrin göstəricilərinə görə, İsrailin 40 milyon barel və ya 1,5 milyard dollar dəyərində illik neft idxalı (ümumi idxalın 40%-i) məhz Azərbaycandan tədarük olunur və bu rəqəmlər zaman-zaman artır. O cümlədən, ölkələr arasında logistika sahəsində də bir sıra əhəmiyyətli addımlar atılmaqdadır. Nəticədə Azərbaycan və İsrail, xüsusilə hər iki dövlətin ən çox ehtiyac duyduğu sektorlarda əməkdaşlıq etməklə, bir-birləri üçün əsas regional aktorlara çevriliblər.

Azərbaycan İsrail dövlətinə dəstək göstərən əsas müsəlman ölkələrindən birinə çevrilib

Lakin regionda bir-birini əvəzləyən müxtəlif hadisələr fonunda Azərbaycanın etibarsız qonşusu kimi qələmə verilən İran ölkəmizin İsraillə yüksələn xətlə əməmkdaşlıq perspektivlərindən təlaşlanır və əlinə düşən hər imkanında bu münasibətləri səbəbi olmadan “özünə qarşı təhlükə” kimi bəyan edir. Hətta zaman-zaman Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyən Ermənistana havadarlıq etməklə sanki ölkəmizlə İsrail arasındakı münasibətlərə görə “qisas” alır. İstər torpaqlarımızın işğala məruz qaldığı dövrlərdə, istərsə də torpaqlarımız işğaldan azad edildikdən sonra İranın açıq-aşkar düşmənimizi öz qanadları altına almaq cəhdləri də bu kimi təəssüfedici faktları önə çıxarmaqdadır. Xüsusilə, İsraillə düşmənçilik edən Tehran bu düşmənçiliyini açıq-aşkar rəsmi Bakıya qarşı da yönəldir və qonşu ölkənin rəsmiləri bu hərbi əlaqələri İranın təhlükəsizliyinə “təhdid” kimi nəzərdən keçirirlər. Halbuki, belə əsassız iddialar özündə heç bir reallığı əks etdirmir.

Azərbaycan İsrail dövlətinə dəstək göstərən əsas müsəlman ölkələrindən birinə çevrilib. Azərbaycanın İsrailə və yerli yəhudi icmalarına qarşı olan dost münasibəti də bu kontekstin əhəmiyyətini kifayət dərəcədə artırıb.

Azərbaycan və İsrail lobbiləri arasında möhkəm bağlılıq mövcuddur

Ölkələrimizin lobbiləri arasındakı sıx münasibətlər də bunu təsdiq edir. Xüsusilə, müsəlman dövlətləri və İsrail arasında dialoq və təşəbbüsün fəal iştirakçısı olan, Nyu-Yorkdan olan ravvin Mark Şeynerin sözlərinə görə, Azərbaycanın İsrailə verdiyi böyük dəstək sayəsində Azərbaycan lobbisinin Amerika-yəhudi icması ilə əlaqələri daha da genişlənib. Amerika-yəhudi cəmiyyətinin liderlərinin fikrincə, Azərbaycan, daha geniş müsəlman dünyasına nümunə göstərir.

Hələ 2016-cı ilin dekabrında Azərbaycana səfəri çərçivəsində baş nazir Netanyahu dövlətlər arasında ikitərəfli əlaqələri əla münasibətlər və səmimi dostluq adlandırmışdı. Həqiqətən, Azərbaycan-İsrail münasibətləri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, uzun müddət əvvəl formalaşmış yaxınlıq mərhələsini keçib və yaxın dostluq, hətta qardaşlıq səviyyəsinə qədər yüksəlib. Bundan sonra kənd təsərrüfatı, təhsil və turizm kimi sahələrdə də ikitərəfli əməkdaşlıq fəal surətdə inkişaf edir. Artıq indiki dövrdə - torpaqlarımız işğaldan azad edildikdən sonra bir sıra aparıcı İsrail şirkətləri ərazilərimizin dirçəldilməsində fəaliyyətə başlayıblar. Qarabağın bərpasında İsrailin də dəstəyinin böyük önəmi xüsusilə vurğulanmaqdadır.

Ermənistan-İran təhlükəsizə qarşı Azərbaycan-İsrail gücü!

Söz yox ki, belə bir möhkəm bağlantının fonunda, Azərbaycan-İsrail münasibətləri, düşmən Ermənistanın da narahat olmasına səbəb olub. Xüsusilə, Ermənistanın özünü iki tərəfdaş ölkənin qarşılıqlı düşməni olan İranın müttəfiqi kimi göstərməsi də heç kimə sirr deyil. Uzun müddət, erməni rəsmiləri və lobbiçiləri Azərbaycan-İsrail əlaqələrini pozmağa cəhd göstəriblər. Lakin, bu saxtakarlıq dalğalarının qarşısı dərhal alınır.

Beləliklə, iki ölkə arasında yaranan və möhkəm təməllərə əsaslanan qarşılıqlı etimad siyasəti qarşıdakı illərdə daha da möhkəmlənəcək və bu həqiqət həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, hansısa digər ölkələrin – məsələn, İranın, Ermənistanın cəhdlərinə baxmayaraq bu münasibətlər regionda qeyri-sabitliyin də aradan qaldırılmasına öz töhfələrini verir, bundan sonra da verəcək.

Rövşən RƏSULOV

Digər xəbərlər