PDF Oxu

Araşdırma

  • 4 666

Avropa mediası Rusiya-İran-Ermənistan anti-Ukrayna üçlüyünü hədəfə aldı ANALİTİK+AKTUAL

image

Bolqarıstanın və Rumıniyanın aparıcı mediaları Ukraynaya qarşı aparılan müharibədə İrəvanın Tehran və Moskva üçün hərbi-texniki, həmçinin logistika rolu haqqında yazdılar: “Ermənistan bu ölkələrə qarşı tətbiq edilən beynəlxalq sansksiyalardan yayınmaq üçün baza rolunu oynayır”

Bolqarıstanın beş ən böyük ingilisdilli media səhifələrindən biri olan Sofia Globe Ermənistanın Rusiyanın Ukraynaya qarşı aparılan müharibədəki iştirakına qoşulması və bu müstəvidə İrəvanın Tehranla əməkdaşlığına toxunub. Adıçəkilən media qurumunun yazdığına görə, Ukraynanın energetika resurslarını bombardmana məruz qoyan və yalnız bu ölkəni deyil, həm də qonşu Moldovanı da elektriksiz qoyan pilotsuz uçuş aparatları (PUA) məhz Ermənistan vasitəsi ilə İrandan Rusiyaya daşınıb.

Sofiya Globe: "Tehran İran istehsalı olan PUA-ları və raketləri Ermənistanın beynəlxalq və hərbi aeroportları üzərindən Rusiyaya göndərir"

Sofia Globe Polşa hökumətinin və Avropa komissiyasının dəstəyi ilə işıq üzü görən New Eastern Europe nəşrinə istinad edərək yazır. SİTAT: “Ayətullahlar Putini onun Ukraynaya qarşı apardığı müharibəsində dəstəkləyir. Amma bununla yanaşı, Moskvaya yardım kimi göndərilən məhsulların və yüklərin Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın sanksiyalarından yan keçirilməsi üçün İrəvan hökumətinin sözəbaxan tranziterlərinə ayrıca rol ayrılıb... Tehran İran istehsalı olan PUA-ları və raketləri Ermənistanın beynəlxalq və hərbi aeroportları üzərindən Rusiyaya göndərir”.

Nəşr qeyd edir ki, Moskva artıq bir neçə aydır ki, İran PUA-larını və raketlərini Ermənistan üzərindən əldə edir, nəticədə Ukraynanın energetik və su infrastrukturlarına dağıdıcı hücumlar edir. “Ermənistan Ukraynaya qarşı aqressiyada nəinki sanksiyalar altında düşən reksport (sanksiya altında düşən məsulların qanunsuz dövriyyəsi) məhsullarını, həmçinin hərbi-texniki təchizatları Rusiya Federasiyasına göndərən tərəfdir, bu ölkə eyni zamanda Rusiya-İrqan alyansının hərbi-logistik bazası rolunu da oynamaqdadır”, bolqar nəşri bildirir.

“İrəvandakı hakimiyyət siyasi və iqtisadi cəhətdən özünü Kremlə daha çox bağlamağa başlayıb və mümkün ehtimal budur ki, yeni İran-Ermənistan paktı hazırlanır, eləcə də burada əsas olaraq tranzit-logistika ərazisi kimi istifadə nəzərdə tutulur”, deyə Sofia Globe qeyd edir.

Adevarul: “Ermənistanın BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında “İran İslam Respublikasında insan haqlarının pozulması” qətnaməsinə qarşı çıxması da təəccüblü görünməməlidir”

Mövzu ilə bağlı Rumıniyanın da nüfuzlu informasiya resursları kifayət qədər diqqətçəkən faktlara toxunublar. Misal üçün, ölkənin Adevarul.ro saytı yazır ki, Ermənistan ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ, yaxud CİA) Putin və ayətullahlarla bağlı ona ünvanlanan xəbərdarlıqlarına məhəl qoymur. SİTAT: “Ukraynada müharibə başlayan gündən Tehrandakı və İrəvandakı rəsmi şəxslər bir-birlərinə dostluq bəyannamələri təqdim etmək üçün sanki yarışa girmişdilər. İranın prezidenti Rəisi isə Ermənistanla münasibətlərin əhəmiyyəti barədə dəfələrlə bəyanatlar səsləndirib və erməni tərəfi də dərhal bu bəyanata qarşılıqlı cavablar veriblər. Həmçinin, müxtəlif sahələrdə qarşılıqlı etimad və əməkdaşlıq haqqında sənədlər imzalanıb, ticarət dövriyyəsi isə sürətlə artmağa başlayıb. Ermənistanın Müdafiə Nazirliyi isə etiraf edib ki, İran onların ölkəsinə zərbə PUA-ları və raketlər göndərir. Və Ermənistanın BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında “İran İslam Respublikasında insan haqlarının pozulması” qətnaməsinə qarşı çıxması da təəccüblü görünməməlidir”.

“İrəvanda Kremlin liderini qəbul edən Paşinyan fəxrlə bəyan etdi ki, “Rusiya Ermənistanın strateji partnyoru və müttəfiqidir”

Rumıniya nəşri onu da qeyd edir ki, sözügedən proseslər çərçivəsində İrəvanın Moskva ilə əməkdaşlığı sürətlə aktivləşib: “Ukraynada müharibə başlayandan sonra Ermənistanın baş naziri Nikol Paşinyan 5 dəfə Rusiyaya səfər edib, 6 dəfə Putinlə görüşüb və ondəfələrlə telefon danışığı aparıb. Ötən ilin noyabrında isə İrəvanda Kremlin liderini qəbul edən Paşinyan fəxrlə bəyan etdi ki, “Rusiya Ermənistanın strateji partnyoru və müttəfiqidir”. Bundan əlavə, Ermənistanın müdafiə naziri 4 dəfə, ölkənin Təhlükəsizlik Şurasının katibi və Baş qərargahın rəisi iki dəfə Moskvaya səfər ediblər. Ötən ilin dekabrında isə 2023-cü ildə hərbi əməkdaşlıq haqqında razılaşma sənədi imzalanıb. Erməni eskportu isə 187%-lik (!) böyük sıçrayış əldə edib”.

Realitatea və Ziarulprofit media resursları: “Ermənistan Putin rejiminin hərbi-texniki təminatı üçün logistika mərkəzi rolunu oynayır... Və bu da Ermənistanı beynəlxalq sanksiyalar altına sala bilər”

Digər rumın internet-media resursu - Realitatea.ro isə qeyd edir ki, Ermənistan Rusiyanın tətbiq edilən sanksiyalardan yan keçməsinə fəal köməklik göstərir və yalnız mülki məhsulların ixracında deyil. “Bu mənada belə nəticə hasil etmək olar ki, Ermənistan Putin rejiminin hərbi-texniki təminatı üçün logistika mərkəzi rolunu oynayır”, deyə Realitatea yazır.

Ziarulprofit.ro isə qeyd edir ki, Nikol Paşinyan bu ilin martına Berlində ölkəsinin Qərb dəyərlərinə sadiqliyi haqqında danışsa da, onun bir sıra davranışları və ölkəsinin strateji mövqeləşməsi daha çox Rusiya ilə yaxınlaşmanı əks etdirir. “Və bu da Ermənistanı beynəlxalq sanksiyalar altına sala bilər”, deyə adıçəkilən informasiya resursu vurğulayır.

Stiripesurse : “MKİ Ermənistana xəbərdarlıq etmişdi ki, İranla Rusiya arasındakı sıx hərbi ittifaqda yer almasın, ancaq Ermənistan bu məsələləri inkar etdi”

Növbəti Rumıniya media səhifəsi - Stiripesurse.ro da kifayət qədər diqqətçəkən məqamlara toxunub. SİTAT: “ABŞ Ermənistana İran və Rusiya ilə münasibətlərində xəbərdarlıq edib, xüsusilə MKİ rəhbərinin 2022-ci ildə Ermənistana səfəri zamanı. O, Ermənistana xəbərdarlıq etmişdi ki, İranla Rusiya arasındakı sıx hərbi ittifaqda yer almasın, ancaq Ermənistan bu məsələləri inkar etdi”, deyə adıçəkilən media yazıb.

Bütün bunlar isə bir daha sübut edir ki, artıq Avropa məkanında da Rusiya-İran müttəfiqliyi tandemi çərçivəsində Ermənistanın nə qədər rol alması diqqətlərdən yayınmır. Ukraynada aparılan istila müharibəsində isə bu reallıq daha çox görünməyə başlayır və qeyd edilən faktlar artmağa davam edəcəksə, Ermənistan İranla, Rusiya ilə daha çox hərbi əməkdaşlığa gedəcəksə, İrəvanın Qərbin sərt sanksiyaları ilə üz-üzə qalması ehtimalları da artacaq.

Rövşən RƏSULOV

Digər xəbərlər