Bolqarıstan nəşri: “Kiyev Ermənistana eyham vurur ki, aqressorla ticarətində uduzacaq”
Son vaxtlar Avropanın bir çox nəşrləri Rusiyanın Ukraynada apardığı müharibəsində Ermənistanın birinciyə dəstəyi haqqında yazmağa başlayıblar. Əsasən, Böyük Britaniya, Rumıniya, Bolqarıstan kimi ölkələrdə dərc edilən aparıcı media səhifələri sözügedən mövzuya geniş yerlər ayırmaqdadırlar. Sanksiyalar altında düşən mülki və hərbi məqsədli məhsulların Rusiyaya göndərilməsində Ermənistanın ayrıca canfəşanlıq göstərməsi ilə yanaşı, bu məsələdə İranla da əlbir olması artıq Avropanın siyasi dairələrini də düşündürməyə başlayıb. Artıq dəfələrlə sübuta yetirilib ki, İranın Rusiyaya verdiyi zərbə dronları, raketlər və s. hərbi məqsədli təchizatlar bilavasitə Ermənistan üzərindən keçirilərək göndərilir. Bu faktlar isə həm də regional təhlükələrin artmasına geniş şəraitlər yaradır.
“Rusiya Avropa İttifaqı, ABŞ və Böyük Britaniya tərəfindən tətbiq edilən ticarət və sanksiyalardan yan keçir”
Sözügedən mövzu ilə bağlı daha bir bolqar nəşri - Fakti.bg İnformasiya Agentliyi çıxış edib. Qeyd edək ki, bu nəşr Bolqarıstanın aparıcı xəbər saytlarının ilk üçlüyündə yer alır. “Rusiya prezidenti Vladimir Putinin avtoritar rejimi Avropa İttifaqı, ABŞ və Böyük Britaniya tərəfindən tətbiq edilən ticarət və sanksiyalardan yan keçir”, deyə qeyd edilən məqalədə bildirilir ki, Rusiyanın Ukraynaya qarşı aqressiyasında bəzi keçmiş Sovet İttifaqı ölkələri tranzit rolunu oynayırlar və burada xüsusi seçilən Ermənistandır. Lakin Ukrayna hökuməti də bu faktlardan məlumatlıdır və xəbərdarlıqlarını da edib. “Kiyev Ermənistana eyham vurur ki, aqressorla ticarətində uduzacaq”, yazıda vurğulanır.
Bu fakt həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, Ukraynada müharibə başa çatdıqdan sonra Kiyev savaş dönəmində rusların aqressiyasına bu və ya digər şəkillərdə dəstək göstərən bəzi postsovet ölkələri ilə münasibətlərinə yenidən baxmalı olacaq.
Zelenski xəbərdarlıq etmişdi: “Hər şey Ukraynanın qələbəsindən və müharibənin başa çatmasından sonra dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq”
Əslində, bundan bir neçə vaxt əvvəl Ukrayna prezidenti Zelenski mətbuat konfranslarının birində bəyan etmişdi ki, onda Rusiyanın sanksiyalardan yayınmasına dəstək göstərən bəzi ölkələr haqqında bir sıra məlumatlar var və həmin məlumatların indidən açıqlanması məqsədəuyğun deyil. “Hər şey Ukraynanın qələbəsindən və müharibənin başa çatmasından sonra dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq”, deyə Ukrayna prezidenti bildirmişdi.
Ancaq söhbət məhz Ermənistana, üstəlik, ukraynalıların qətlə yetirilmələrində aparıcı rol almağa başlayan İran zərbə dronlarına və raketlərinə gəldikdə artıq bu məsələ kifayət qədər açığa çıxıb və hazırda Avropanın aparıcı media qurumlarının da məlumatları öz təsdiqini çoxdan tapıb.
Rövşən RƏSULOV