Əslində, bu bəyanat Ermənistana göndərilməliydi
Beləliklə, Fransa yenidən özünün aşkar birtərəfli mövqeyində qaldığını - erməni havadarı olduğunu sübuta yetirdi. Artıq heç bir təəccüb doğurmur bu kimi hallar. Çünki bu həmin Fransadır ki, hakimiyyətində kimlərin olmasına rəğmən, daim Ermənistanın Azərbaycana qarşı aqressiyasına öz hərtərəfli dəstəyini əsirgəməyib. Elə aprelin11-də erməni təxribatı nəticəsində baş vermiş silahlı insidentdən sonrakı bəyanatı da bunu sübut edir. Fansanın XİN-i öz bəyanatında “narahat” olduğunu siyasi artistizmin ən yüksək pikində nümayiş etdirməsi ilə yanaşı, Ermənistanın ərazi bütövlüyünü tanımağa çağırış edib, siyasi həyasızlığa yol verərək, “gələcəkdə baş verə biləcək insidentlərin yaşanmaması, regionda möhkəm sülhün qorunması naminə” Azərbaycan Ordusunu Azərbaycanın (!!!) suveren ərazilərindən çıxmalı olduğunu bildirib.
Paris əks halda Bakıya qarşı savaşmı açacaq?
Lap deyək ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımır (çünki sərhədlər delimitasiya olunmayıb və s.), həmçinin tarixi xəritələrlə bugünkü Ermənistan tarixi Qərbi Azərbaycan torpaqlarıdır. Nə olacaq? Fransa bizə müharibə elan edəcək? Hətta adi sanksiyaları belə qəbul etməyə cürəti çatmayan, uzağı hansısa lazımsız kağızlar üzərində qəbul edilmiş qətnamələr qəbul edən Paris əks halda Bakıya qarşı savaşmı açacaq?
Belə də ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, Azərbaycan nəyə görə Ermənistanın ərazi bütövlüyünə hörmət qoymalıdır?! Necə deyərlər, salam aleykum nə cür verilirsə, aleykuma salam da o cür cavablandırılır!
Fransa XİN-nin sözügedən bəyanatı Azərbaycan XİN-nin kabinetləri qarşısındakı tullantı kağızlar üçün qoyulmuş urnaların birindədir
Yoxsa ki, fransızların yalnız Ermənistanın ərazi bütövlüyündən dəm vurmalarına qalanda təbii ki, Azərbaycan da öz sərt mövqeyini bildirir və bildirəcək. Misal üçün, Paris öz bəyanatında həm Ermənistanın, həm də Azərbaycanın ərazi bütövlükləri barədə danışsaydı, qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmalı olduğunu bəyan etsəydi bax onda bu, olardı ədalətli çağırış. Hazırda isə Fransa XİN-nin sözügedən bəyanatı Azərbaycan XİN-nin kabinetləri qarşısındakı tullantı kağızlar üçün qoyulmuş urnalarının birindədir. Fransa XİN-i bir həqiqəti də dərk etməlidir ki, özünün birtərəfli mövqeyi ilə aprelin 11-də baş vermiş silahlı insident zamanı hər iki tərəfdən həlak olmuşlara görə İrəvan qədər elə Paris də məsuliyyət daşıyır!
Ona görə də Fransa dərk etməlidir:
1. Bu zonada təmas xətti yoxdur. Qonşu (erməni) tərəfin 30 ildir hörmət etmədiyi dövlət sərhəddi var.
2. Azərbaycan Silahlı Qüvvələrinin “erməni tərəfi”ndən çıxarılması üçün ilk növbədə bu Silahlı Qüvvələr orada olmalıdırlar.
3. Bütün dünya tərəfindən tanınan Azərbaycan ərazilərindən erməni işğalçı qüvvlərinin çıxarılması zəruridir və bu fakt Azərbaycanın ərazi bütövglüyünə göstərilən hörmət prinsipində reallaşdırılmalıdır. O cümlədən, Fransanın da bu mövqedən çıxış etməsi birinci əhəmiyyət daşıyır.
4. Beləliklə, Pari Bakıya göndərdiyi "exprime sa vive préoccupation" (“işğal vəziyyəti bizi narahat edir”) bəyanatını harayasa digər yerə göndərsə daha yaxşı olardı...
Rövşən RƏSULOV