PREZİDENT İLHAM ƏLİYEV: "Sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır"
Prezident İlham Əliyevin cari ilin aprel ayının 5-də Tacikistan Respublikasına dövlət səfəri hər iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərin inkişafına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistanın dövlət başçısı Emoməli Rəhmon ilə geniş tərkibdə görüşündə iki ölkə xalqlarını qədim tarixi köklərə malik ənənəvi dostluq telləri bağladığını vurğulayıb, ötən illər ərzində həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli şəkildə genişləndiyini deyib. İki ölkə arasında münasibətlərin dinamik inkişafı dövlət başçılarının mətbuata bəyanatlarında da əksini tapıb.
AZƏRBAYCAN SÜLHSEVƏR DÖVLƏTDİR VƏ DÖVLƏT BAŞÇIMIZIN YÜRÜTDÜYÜ SİYASƏT DƏ BU AMALA XİDMƏT EDİR
Elə aprelin 5-də Azərbaycan Prezident İlham Əliyev və Tacikistanın dövlət başçısı Emoməli Rəhmon ilə mətbuata bəyanatı da bir daha göstərir ki, Azərbaycan sülhsevər dövlətdir və dövlət başçımızın yürütdüyü siyasət də bu amala xidmət edir: "Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı".
Bəli, bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar.
Azərbaycan Prezidenti bəyanatında respublikamızın Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazır olduğunu bildirərək, bunu dost ölkənin bizə yaxın dövlət olması, orada sabitlik hökm sürməsi ilə əlaqələndirib: «İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən, xarici investisiyalar dövlət tərəfindən qorunur».
AZƏRBAYCANIN SABİTLİK MODELİ: HAQLI OLMAĞIN BƏHRƏSİ
Bəli, dünya tarixində 2022-ci il gərginliyi və çoxsaylı sosial problemləri ilə qaldı. Bunun əsas səbəblərindən biri Rusiyanın Ukraynada apardığı müharibədir. Azərbaycan isə dünyanın indi üzləşdiyi bir sıra problemləri 30 ilə yaxın müddət ərzində yaşayıb. O illərdə rəsmi Bakı torpaqlarının 20 faizinin işğal olunmasına, bir milyondan çox vətəndaşının ata-baba yurdlarından didərgin düşməsinə beynəlxalq ictimaiyyətin diqqətini bu vəziyyətə çətinliklə cəlb edirdi. Dünyanın aparıcı gücləri Azərbaycanın haqlı tələblərini, istəklərini 30 ilə yaxın görməzlikdən gəlib və qulaqardına vurub. Rəsmi Bakının o vaxt gündəliyə gətirdiyi problemlərin həllinə düzgün yanaşılsaydı, ola bilsin ki, bu gün nə Avropa, ABŞ, nə də Rusiya bugünkü təhdidlərlə üzləşərdi. Azərbaycan 30 il ərzində terrora məruz qalıb, torpaqları işğal olunub, qaçqınlıqla üzləşib. Minlərlə dinc və hərbçi vətəndaşını itirib. Azərbaycan dünyanın narahatlıqla qaldırdığı problemlərin həllinə, enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir.
44 GÜN ƏRZİNDƏ ERMƏNİSTANIN VƏ ONUN HAVADARLARININ MÜQAVİMƏTİNİ QIRARAQ CƏNUBİ QAFQAZDA YENİ GEOSİYASİ, HƏRBİ REALLIĞIN YARANMASINA NAİL OLUB
Göründüyü kimi, Azərbaycan 44 günlük müharibəsindən sonra işğaldan azad etdiyi ərazilərinin 20 faizini yenidən qurmağa başlayıb və sülhsevərliyi, öz torpağını azad etməsi, əməkdaşlığa üstünlük verməsi, quruculuq işləri, regionda, Cənub Qafqazda təhlükəsizliyin başlıca təminatçılarından biri kimi Azərbaycanın dünyada nüfuzu artır. Dünya miqyasında baş verən hadisələr beynəlxalq gərginlik və güc mərkəzlərinin qarşı-qarşıya durduğu şəraitdə öz ərazi bütövlüyünü bərpa etmək üçün ölkə liderinin biliyi, bacarığı, qətiyyəti və uzaqgörənliyi, düzgün daxili və xarici siyasəti, mükəmməl ordu quruculuğu tələb olunduğunu bir daha sübut edir. Bu keyfiyyətləri özündə birləşdirən Azərbaycan Prezidenti İlham Əliyev xaricdən gələn çoxsaylı təzyiqlərə baxmayaraq, 44 gün ərzində Ermənistanın və onun havadarlarının müqavimətini qıraraq Cənubi Qafqazda yeni geosiyasi, hərbi reallığın yaranmasına nail olub.
Genişmiqyaslı hərbi əməliyyatlar və müharibə dövlətin büdcəsindən milyardlarla maliyyə vəsaitinin xərclənməsinə səbəb olur. Nəticədə ölkə iqtisadiyyatı tənəzzülə uğrayır. Dövlətin düşdüyü ağır maddi-iqtisadi vəziyyətdən çıxması üçün böyük məbləğdə maliyyə vəsaitlərinə ehtiyac yaranır. Azərbaycan torpaqlarının minalardan təmizlənməsi və bərpası prosesini təkbaşına həyata keçirir.
İQTİSADİ BÖHRANLAR FONUNDA SABİTLİYİN HÖKM SÜRMƏSİ AZƏRBAYCANIN HAQLI, ƏDALƏTLİ MÖVQEYİNİN NƏTİCƏSİDİR
Bu bir reallıqdır ki, dünyada yaranan mövcud problemlər və qarşıdurmalar fonunda Azərbaycan iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Dünyanın aparıcı gücləri isə bu gün yaratdıqları və görməzdən gəldikləri çoxsaylı problemlərin həlli ilə məşğul olurlar. Bu zaman çox sayda insan itkisi, iqtisadi tənəzzül, sosial problemlərlə üzləşir. Beynəlxalq ictimaiyyətin üzləşdiyi gərginlik, qarşıdurma, müharibə və iqtisadi böhranlar fonunda sabitliyin hökm sürməsi Azərbaycanın haqlı, ədalətli mövqeyinin nəticəsidir.
Və bu gün Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 5-də dost ölkəyə rəsmi səfəri də bu münasibətləri də qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Və Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında da mühüm məqamı da xüsusi qeyd etdi ki, bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir: "O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, - hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular".
Bəli, bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Hazırda regionda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, bu reallıq təsdiqlənir ki, sabitlik inkişafın, təhlükəsizliyin əsasıdır. Bəli, sabitlik olmasa nə investisiyalar, nə də tərəqqi və insanların rahatlığı olacaq. Ulu Öndər Heydər Əliyev hər bir inkişafın əsasında sabitliyin dayandığını xüsusi qeyd edirdi. İqtisadi əlaqələrin qurulmasında bu amilin rolu böyükdür. Təbii ki, hər bir ölkə investisiya yatırdığı dövlətdə sabitliyə, demokratik inkişafa xüsusi diqqət göstərir. Çünki, bu gün Azərbaycan özünə güvənir, öz gücü ilə özünü təmin edir! Çox uzağa getməyək. Regionumuzda da iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, ictimai münasibətlərdə ziddiyyətlər və digər problemlər ölkələri öz ağuşuna alıb. Cənubi Qafqazın 3 ölkəsindən ikisi - Gürcüstan və Ermənistanda zaman-zaman (və tez-tez) siyasi və hakimiyyət böhranı, iqtisadi problemlər, xarici siyasətdə krizis halları müşahidə edilir. Azərbaycanın digər bir sıra qonşuları da milli təhlükəsizliyə təhdid yaradan hallardan (iqtisadi geriləmə, ictimai münasibətlərdə etimadsızlıq, beynəlxalq müstəvidə problemlər və s.) əziyyət çəkirlər. Bu, əslində, daxili və xarici siyasətin düzgün prinsiplər, hədəflər əsasında qurulmamasından qaynaqlanır. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycan xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, «demokratiya laboratoriyası»na, dini, etnik müstəvidə qarşıdurma sahəsinə çevrilən region ölkələrindən fərqli olaraq öz milli qüdrətini artırıb.
AZƏRBAYCANIN SABİTLİK ADASI – TƏHLÜKƏSİZLİK MƏKANIDIR
Bəli, bu gün Azərbaycanın sabitlik adası – təhlükəsizlik məkanıdır. Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi - regional güc mərkəzi deyil. Bakı yeni reallıqlar fonunda dialoq və əməkdaşlıq məkanı, inam və etimad ünvanıdır. Ölkəmizdə mötəbər tədbirlərin, görüşlərin keçirilməsi, qlobal siyasi atmosferə təsir imkanlarına malik elita tərəfindən taleyüklü məsələlərin müzakirəyə çıxarılması və digər bu kimi nümunələr iki məqamı ifadə edir: ölkəmizə inam və etimad yüksəkdir. Reallıqlar həm də onu təsdiqləyir ki, Azərbaycan ilə tərəfdaşlığın genişləndirilməsi güc mərkəzləri üçün strateji prioritetlərdən biridir. Bakıya regional və beynəlxalq təhlükəsizlik məsələsində inam - etimad mesajları, tərəfdaşlığı gücləndirmək çağırışları da bu səpkidə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan nəinki öz təhlükəsizliyini təmin edir, hətta regional sabitliyə və inkişafa çox mühüm töhfələr verir. Ölkəmizin təşəbbüsü ilə çoxtərəfli regional əməkdaşlıq formatları yaradılır. 44 günlük müharibədə qalib gələn ölkəmiz 100 ilik geostrateji arxitekturanı dəyişdirir. Regionda yeni geosiyasi nizamın məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda təşəkkül tapması isə diqqəti cəlb edir. Xüsusi vurğulamaq gərəkdir ki, iki dost, qardaş və tərəfdaş ölkə Şuşa Bəyannaməsini imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəddir. Qars müqaviləsindən yüz il sonra Şuşa Bəyannaməsinin imzalanması hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır.
Bu yerdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 28 may - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda qeyd etdiyi: "Bir millət, iki dövlət» şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram".
Bəli, bu gün müstəqil, qalib, nüfuzlu, qüdrətli, güclü Azərbaycan Qalib Lider İlham Əliyevin siyasəti, xalqın iradəsi, xalq-Lider birliyi və ya milli həmrəyliyi ilə tarixi Qələbə, möhtəşəm Zəfərə nail oldu!
Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında dediyi bütün deyilənlərin təsdiqidir: "Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı». Bəli, bu gün Azərbaycan bütün bunlara Qalib Liderimiz prezident İlham Əliyevin apardığı proqmatik uğurlu siyasəti ilə nail olub. Və "Sabitlik bütün inkişafın əsasıdır" söyləyən ulu öndər Heydər Əliyevin bu arzusu artıq reallığı çevrilib. Son 19 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizə biri-birindən əhəmiyyətli uğurlar qazandırıb. Dövlətimizin başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V qurultayında səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: "Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir".
RƏFİQƏ KAMALQIZI