PDF Oxu

Araşdırma

  • 7 918

Prezidentin Qazaxıstan səfəri qardaşlığımızın möhkəm təməlinin təsdiqidir - ŞƏRH

image

Qədim və zəngin, eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Azərbaycan-Qazaxıstan münasibətləri Sovet imperiyası dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Həmçinin hər iki dövlət Xəzəryanı ölkələr kimi ortaq su sərhəddinə malikdir. İki qardaş ölkə arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulmuşdur. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Qazaxıstanın Aktau şəhərində Azərbaycanın konsulluğu fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbəri kimi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşü 1994-cü il oktyabrın 19-da türk dövlətləri başçılarının ikinci Zirvə görüşündə baş tutub. 1996-cı ilin sentyabrında isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edib. 2004-cü ildə Prezident İlham Əliyev Qazaxıstana ilk rəsmi səfərini edib. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Bu görüşdən sonra Nazarbayev bildirib ki, İlham Əliyev ulu öndərin layiqli davamçısı olmaqla yanaşı, ölkənin regionda və dünyada mövqeyini gücləndirəcək.

Bəli, artıq bu gün, son 19 ildə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasəti göz önündədir. Son 20 ildə ümumtürk birliyinin möhkəmləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev həmişə Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı, həmçinin bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqədə olduğunu və iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdiyini bildirib. Və bu gün Prezident İlham Əliyevin Qazaxıstana səfəri üummilli lder Heydər Əliyevin 100 illiyinə təsadüf edir. Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi, Prezident Kasım-Jomart Tokayevin Ulu Öndər barədə fikirləri bir daha qardaş ölkədə Azərbaycan xalqının üummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir. Eyni zamanda, Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə üçün tarixi və strateji cəhətdən böyük əhəmiyyət daşıyır. Bu səfər, həmçinin, qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir. Deyir: dost-düşmən çətin gündə bilinər. Biz bunu 44 günlük Vətən müharibəsi dövründə bir daha gördük. Bütün qazax xalqı haqq-ədalətin yanında oldu, ölkəmizin haqlı mübarizəsini dəstəklədi. Bu gün ölkələrimiz arasında nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, mədəniyyət, turizm, təhsil, gənclər siyasəti və digər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Və səfər çərçivəsində imzalanan sənədlər arasında Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzalanan Bəyannaməyə xüsusi əhəmiyyət daşıyır. Artıq Azərbaycan və Qazaxıstan təkcə strateji tərəfdaşlar deyil, müttəfiqlərdir. Prezidet İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, "bu, üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək".

Bir sözlə, mübaliğəsiz deyə bilərik ki, Azərbaycan liderinin Qazaxıstana səfəri uğurlu və məhsuldar olub. Hər iki ölkə prezidentlərinin mülahizələrinin tonallığına görə, görüşün atmosferi xalqlarımız arasında tarixən formalaşmış qardaşlıq və etibarlı münasibətlər ruhunda idi və ortaq soykökə və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək.

MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin deputatı

Digər xəbərlər