“Past” nəşri: “Bundan sona erməni kilsəsi tarixi məktəblərdə tədris edilməyəcək”
Ermənistandakı mövcud iqtidarın kilsəyə qarşı sərt münasibəti vüsət almaqda davam edir. Belə ki, baş nazir Nikol Paşinyan və onun komandası bu məsələdə xüsusi canfəşanlıq göstərirlər. Səbəb kimi isə kilsənin dövlət işlərinə tez-tez müdaxiləsi göstərilməkdədir. Və bu xüsusda onu da qeyd edək ki, erməni kilsəsi və onun başında dayananlar Paşinyan iqtidarına qarşı müxalif olduqlarını gizlətmirlər. Mövzu ilə bağlı bir neçə dəfə çıxış edən “Past” qəzeti növbəti məqaləsində qeyd edir ki, bundan sonra erməni kilsəsi tarixi məktəblərdə tədris edilməyəcək. “Məsələni kifayət qədər çox müzakirə ediblər, komissiya yaradılıb, elm, təhsil və idman naziri Janna Andreasyan II Qareginlə görüşüb, amma bütün bunlar hər hansı bir nəticəyə gətirib-çıxarmayıb”, deyə “Past” yazır və bildirir ki, nazirlik öz qərarından çəkinməyəcək – bu fənn ayrıca olaraq təhsil proqramına daxil olunmayacaq.
Hökumət rəsmiləri konstitusiyaya istinad edərək bildirirlər ki, kilsə dövlətdən ayrıdır
Yuxarıda da qeyd edildiyi kimi, erməni KİV-ləri artıq dəfələrlə yazıblar ki, nə Paşinyan, nə də onun komandası artıq bir neçə ildir ki, kilsə ziyarətini həyata keçirmirlər, hətta əsas dini bayramlarda belə kilsə ziyarətləri baş tutmamış qalır və bu fakt Nikol Paşinyanın İkinci Qareginlə aralarında olan münaqişə ilə əlaqələndirilir. Bunun səbəbləri barədə soruşulduqda isə hökumət rəsmiləri konstitusiyaya istinad edərək bildirirlər ki, kilsə dövlətdən ayrıdır.
Lakin ortada daha bir fakt da mövcuddur – hazırda erməni hakimiyyətində unudurlar ki, kilsə yalnız iri maliyyə aktivlərinə və vəsaitlərinə malik deyil, o eyni zamanda əhaliyə güclü təsir edir, həmçinin özünün Rusiyaya meylliyi ilə də seçilir. Daha dəqiq desək, Paşinyana qədər dövlət başçılarının hər biri əsas siyasi dəstəklərini bilavasitə kilsədən alıblar.
Paşinyan və kilsə - ideoloji olaraq hər iki personaj tamamilə fərqli düşərgələri təmsil edirlər
Həmin dövlət başçıları isə söz yox ki, Rusiyaya bağlı olanlar kimi, yaxud Kremlin əlaltıları olaraq tanınıblar. Məhz buna görə də Paşinyan hakimiyyətə yiyələndikdən sonra onun katolikosla münasibətləri üst-üstə düşməyib. İdeoloji olaraq hər iki personaj tamamilə fərqli düşərgələri təmsil edirlər.

Ancaq gəlin digər bir faktı da unutmayaq. Hazırda kilsə ilə münasibətləri düşmənçilik həddinə çatan Ermənistan hakimiyyəti əlinə düşən hər fürsətdə Azərbaycanı ittiham etmək üçün dərhal dini xarakterə keçid edir.
Daha dəqiq desək, münaqişəni dini çərçivəyə salmaqla özünə xal toplamağa çalışır. Belə yerdə isə bir Avropa məsəli yada düşür: “Ya boynunuzdakı xaçı çıxarın, ya da əyninizə tuman geyinin”.
Beləliklə, Paşinyan-kilsə münasibətlərindəki qarşıdurmalar get-gedə artır və bu gün Ermənistanın aparıcı KİV-ləri də bu haqda yazmağa başlayıblarsa, demək ki, yaxınlarda ölkədə kilsə qiyamının da baş qaldıra biləcəyini ehtimal etmək olar. Çünki ölkə hakimiyyəti də açıq bəyan edir ki, onların Rusiya tərəfdarı olan istənilən qurumlarla, o cümlədən kilsə ilə “ulduzları” heç vaxt barışmayacaq.
Rövşən Rəsulov