PDF Oxu

Araşdırma

  • 9 340

Dil hər bir xalqın varlığının əsas təminatçısıdır - ŞƏRH

image

Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən və varlığının təminatçısı olan onun dilidir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Azərbaycan xalqı qarşısında ümummilli lider Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də Azərbaycan dilinə dövlət dili statusunun verilməsi təşəbbüsü idi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən ümummilli lider 73-cü maddəni aşağıdakı redaksiyada verməyi təklif edib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Ulu öndər Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb. Ümummilli lider bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qoruyub. 1978-ci il Konstitusiyası, həqiqətən, ulu öndər Heydər Əliyevin öz dövləti, vətəni və xalqı qarşısında göstərdiyi böyük xidmət idi.

Müstəqilliyimizin qazanılmasından sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlanıb, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranıb. Qeyd edək ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra da hər zaman Azərbaycan dilinə və dilçi alimlərə diqqətlə yanaşdı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Ümummilli lider Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Eləcə də 2002-ci il 30 sentyabr tarixli “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunda geniş şəkildə öz əksini tapıb. Hazırda Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları var. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin formalaşması ilə bilavasitə bağlı olub.

Müstəqilliyin ən mühüm atributlarından biri dil məsələsidir. Hakimiyyətə gələn Xalq Cəbhəsi dövlət dilinin Azərbaycan dili yox, türk dili ilə əvəz olunmasını, beləliklə, tarixi həqiqətin “geri qaytarılması”na təşəbbüs etdi. Bütün dövlət strukturlarında, orta və ali məktəb dərsliklərində Azərbaycan kəlməsinin türk sözü ilə əvəz olunması ictimaiyyət tərəfindən narazılıqla qarşılandı. Ulu öndər məsələnin ciddiliyini nəzərə alaraq bununla bağlı müzakirələr keçirdi. Azərbaycan xalqı 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Azərbaycan və Türkiyə türklərinin minilliklər boyu paylaşdıqları türk dili sonralar müxtəlif yönümdə inkişaf edib. “Azərbaycan dili” anlayışı “Azərbaycan – türk dili” modelinin tərkib hissəsidir. Bu, ilk növbədə, türklərin tarix səhnəsində etnos diferensiasiyası ilə bağlıdır. Türk dili Azərbaycan dili anlayışını həm keçmişə bağlayıb, həm də gələcəyə gətirib çıxarıb. Türk dili bütün türk dilləri üçün ümumi ad olaraq, daha sonralar regional təzahürləri ilə adlandırılıb. Beləliklə, müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr referendumu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu.

Ulu öndər Heydər Əliyev dövlət dili probleminin tarixi-fəlsəfi, hüquqi və milli-mənəvi konsepsiyaya əməl olunmaqla həllini gerçəkləşdirmək işinə böyük önəm verdi. Ümummilli liderin qarşıya qoyduğu bu vacib məsələ Azərbaycan dilçiləri tərəfindən sosiolinqvistik planda müvəffəqiyyətlə yerinə yetirildi. Dahi şəxsiyyətin Azərbaycan dilinin inkişafındakı xidmətlərindən danışarkən bir məsələni də mütləq xatırlatmalıyıq. Bu, 1990-cı il sentyabrın 11-də əlifba komissiyasının yaradılması ilə bağlıdır. Təklif olunan əlifba Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1991-ci il dekabrın 25-də keçirilən iclasında müzakirəyə çıxarılır və “Latın əlifbası əsaslı Azərbaycan əlifbasının islah edilməsi haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilir. Qeyd edək ki, yeni əlifbanın təsdiqindən sonra da müzakirələr səngimir. Amma müxtəlif səbəblərdən 10 il latın qrafikalı yeni əlifba kirill əlifbası ilə paralel işlənir, yalnız ümummilli lider Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli Fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçilir. 2001-ci il avqustun 1-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi elan edilməsi ilə iki əlifbadan istifadəyə birdəfəlik son qoyuldu. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin Azərbaycanda 2001-ci il avqust ayında bütövlükdə təmin edilməsi və yeni əlifbadan istifadəsi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə oldu. İlk dəfə ana dili və onun əlifbasının şərəfinə ayrıca günün təsis olunması müstəqil dövlətimizin ana dilinə nə qədər ciddi yanaşdığını əks etdirən tarixi amildir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib-hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib.

Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanun qəbul olunması ilə nəticələndi. Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttini Prezident İlham Əliyev bu gün uğurla davam etdirir. Belə ki, Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşdi.

Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlətimizin başçısı Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə Azərbaycanda dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər