Dil hər bir xalqın varlığının ən əsas təminatçısı və özünütəsdiqidir. Ana dili xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən onun ana dilidir. Bizim ən böyük mənəvi sərvətimiz olan, qədim tarixə malik olan ana dilimiz min illərin müxtəlif burulğanlarından alnıaçıq çıxmış, əsrlər boyu xalqımızın əbədiyaşarlığına xidmət etmişdir.
Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovet hakimiyyəti dövründə əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, respublikada Azərbaycan dilinin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi. O dövrdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu, bu səbəbdən dövlət tərəfindən bu istiqamətdə hər hansı bir tədbir görülmürdü. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt (1969-cu ildən) Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir ki, bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. SSRİ Konstitusiyası qəbul edildikdən sonra ümumxalq müzakirəsinə verilmiş Konstitusiya layihəsində Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. Kommunist ideologiyasının hökm sürdüyü o dövrdə, Moskvadakı rəhbər xadimlərin hər cür maneə törətməsinə baxmayaraq respublikamızın rəhbəri, xalqını, millətini böyük məhəbbətlə sevən ulu öndər Heydər Əliyev inadından əl çəkmədən, həyatını riskə qoyaraq Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Nəhayət, Ulu Öndərin sarsılmaz iradəsi və ciddi səyləri nəticəsində 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsinə nail olundu. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Gələcək müstəqil dövlətçiliyin milli atributlarından biri olan ana dilini məharətlə qoruyan böyük lider sonrakı fəalyyətində ana dilimizin inkişafı və qorunması sahəsində əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Hələ Kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə ulu öndər deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində bir çox tədbirlər görüb, dilçi alimlərə hər zaman yüksək qayğı göstərib, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılmasını diqqətdə saxlayıb. 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi Dövlət mükafatına layiq görülmüşdü. Heydər Əliyevin bu cəsarətli addımı ana dilinə sonsuz sevgisindən qaynaqlanırdı.
Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə də xüsusi önəm vermişdi. O, Azərbaycan dilini özümüzə qaytardı. 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.
Azərbaycan dilinin qorunması və inkişafı məqsədi ilə Ulu öndər Heydər Əliyev 2001-ci ilin iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Həmin fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. 2001-ci il avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti, dahi şəxsiyyət Heydər Əliyev “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” daha bir fərman imzaladı. Həmin fərmana əsasən hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Bununla möhtərəm Prezidentimiz milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirdiyini bir daha təsdiqlədi.
Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ulu öndərin “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyyatına malik Azərbaycan dilimiz var”, “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik”, “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz” kimi müdrik kəlamları ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.
Günay Məmmədli
YAP Yasamal rayonu“Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri