BMT-nin Uşaq Fondu (UNİCEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ölkəmizdə avqust ayının 1-dən 7-dək “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” keçirilir. Bu tarix ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi üçün qeyd edilir. Bu səbəbdən də beynəlxalq dərəcəli ana südü və əmizdirmə məsləhətçisi Səltənət Zülfüqarovanın ana südü haqqında danışılan 10 yalan haqqında fikirlərini təqdim edirik.
1-ci yalan – "Süd gələnə kimi süni qida vermək lazımdır"
Çox geniş yayılmış səhv məlumatlardan biri doğuşdan sonrakı 3-4 gün müddətində ananın döşlərində körpəni qidalandırmaq üçün lazımi miqdarda südün olmamasıdır. Həqiqətən də, bu dövrdə ananın döşlərində süd olmur. Lakin tərkibində ana südündən qat-qat zəngin zülal olan ağuz südü olur. “Childbirth” Beynəlxalq Təlim Təşkilatının təqdim etdiyi məlumatlara görə, ana südünün 100 ml-də 0.9 qr zülal olduğu halda, eyni miqdarda ağuz südünün tərkibindəki zülalalın miqdarı 2.3 qr təşkil edir. Ağuz südü verməklə körpənizin bütün qida ehtiyaclarını ödəmiş olacaqsınız və süni qidaya heç bir ehtiyac qalmayacaq.
2-ci yalan - "Ana südü ilə bərabər körpəyə əlavə maye və qida lazımdır"
Ana südü məişət dili ilə desək, həm yemək, həm də içməkdir. Körpənin ilk 6 ayında ana südündən başqa heç bir əlavəyə ehtiyacı yoxdur. Bunu eşidən nənələr başını tutub, “Siz uşağa şirin çay vermirsiniz?” deyəcəklər. Mütəxəssislər hətta qızmar yayın istisində belə ana südü ilə qidalanan körpəyə əlavə mayenin verilməsinin lazımsız olduğunu qeyd edir. İsti iqlim ölkələrində körpələrin, sadəcə olaraq, daha tez-tez əmizdirilməsini tövsiyə edirlər.
Amerika Pediatrlar Akademiyası və Dünya Səhiyyə Təşkilatı ümumiyyətlə, 6 ayına qədər körpəyə ana südündən başqa heç bir qidanın (su, meyvə, tərəvəz, şirə, sıyıq və s.) verilməsini məsləhət görmür. Mütəxəssislər bildirirlər ki, bu hal gələcəkdə körpənin sağlamlığında fəsadlara səbəb ola bilər.
3-cü yalan – “Ana südü dəyişmir”
Ananın südü körpənin ehtiyaclarından asılı olaraq günü-gündən həm miqdar, həm də keyfiyyət baxımından dəyişmək qabiliyyətinə malikdir. Ananın və ya körpənin xəstə olması südün tərkibində xəstəliklə mübarizə apara bilən əlavə anticisimlərin ifraz olunmasına səbəb olur. Ananın qidalandığı yeməklərin dadı südə tam verir. Cill Rapli və Treysi Mörkit “Baby-led weaning” adlı kitabında hesab edirlər ki, məhz bu səbəbdən ana südü ilə qidalanan körpələr daha rahat “ümumi qida masasına” keçir və yeməklər arasında daha az fərq qoyurlar.
4-cü yalan – “Süni qidanın tərkibində ana südündə olduğundan artıq vitamin var”
Sözsüz ki, ana südü və süni qidanın tərkibində olan vitaminlərin miqdarına baxsanız, çox təəccüblənəcəksiniz. İnanmazsınız, lakin süni qidanin tərkibində vitaminlər qat-qat çoxdur (Childbirth Beynəlxalq Təlim Təşkilatı nəzərə çatdırır ki, məsələn, 100 ml ana südündə dəmir 0.04 mq olduğu halda süni qidada 1.4 mq-dır). Lakin yenə də ana südü üstünlüyünü itirmir. Çünki ana südündə olan az miqdarda dəmir təbii olduğundan daha böyük faydaya malikdir. Ana südünün həzm olunması çox rahatdır və həzm prosesinin getməsi üçün daha az vitaminə ehtiyac duyulur. Sintez olunmuş süni qidanın həzminə isə külli miqdarda faydalı maddə sərf olunur. Məhz bu səbəbdən süni qidaların tərkibindəki vitaminlərin miqdarı qat-qat artırılır .
5-ci yalan – “Müasir süni qidalar demək olar ki, ana südü ilə eynidir”
Tamamilə yanlış olan bu fikir haqqında kanadalı pediatr və əmizdirmə üzrə dünyamiqyaslı mütəxəssis Jack Newman “Some Breastfeeding Myths” adlı məqaləsində yazır: “1900 və ondan əvvəlki illərdə istehsal olunan süni qida müasir süni qida ilə eyni tərkiblidir. Onların tərkibində ana südündə olan anticisimlər, canlı hüceyrələr, hormonlar və fermentlər yoxdur. Ana südü doğuşdan 1-7 gün ərzində, anadan və körpədən asılı olaraq dəyişdiyi halda, süni qidanın tərkibi sabit olaraq qalır . Ana südü konkret körpənin, süni qida isə bütün körpələrin ehtiyacını ödəmək üçün nəzərdə tutulduğundan heç bir xüsusi xassəyə malik deyil”. Belə bir qənaətə gəlmək olar ki, süni qidalarda dəyişən yalnız rəngarəng, gözəl və cəlbedici qablaşdırmalardır.
6-cı yalan – “Döşdə olan süd köhnəlir”
Beynəlxalq Süd Liqi “The womanly art of breastfeeding” adlı kitabında oxucuların nəzərinə çatdırır ki, ananın döşündə olan süd şüşə qabda olan südlə eyni deyil. Ana bədənindən ifraz olunan “sehrli” maye həmişə eyni hərarətdə və yüksək keyfiyyətdə olur.
7-ci yalan – “Yağlı və yağsız süd”
Dünya praktikasında ana südünə tətbiq olacaq belə bir terminologiya və ümumiyyətlə, anlayış mövcud deyil. Mövcud olan başqa bir anlayışlar var: ön və arxa süd. Ön süd tərkibində daha çox maye, arxa süd isə daha çox yağdan və zülaldan ibarət olan süddür və bütün anaların südünə aiddir. Əgər kiminsə yalnız ana südü ilə qidalanan körpəsi sizin körpənizdən daha canlı və kökdürsə, bunun səbəbini südünüzün qüsurlu olmasında axtarmayın. Sadəcə, həmin körpədə genetik ailə tarixi və şəxsi bədən konstitusiyası özünü göstərə bilər.
8-ci yalan – “Çox yemək ! Çox içmək! Çox yatmaq!”
Dusdiyeker L.B “Is milk production impaired by dieting during lactation?” ( American Journal of Clinical Nutrition 1994) və Duvi K.Q. “Effects of maternal caloric restriction and exercise during lactation” (Journal of Nutrition 1998) məqalələrdə əmizdirən ananın qidası haqqında ətraflı məlumat veriblər. Bu mütəxəssislər ananın çoxlu su içməsi və qidasında çox miqdarda və kalorili yeməklərin südü daha keyfiyyətli etməsi fikirlərini təkzib edirlər.
9-cu yalan – “Yalançı südartıran ərzaqlar”
Azərbaycanda qatılaşdırılmış südü, çay və ağır xəmir xörəklərini analara tez-tez süd artıran ərzaqlar kimi məsləhət görürlər. Qeyd etmək lazımdır ki, vətənimizin hər bir bölgəsinin özünəməxsus ləziz xəmir xörəkləri analara demək olar ki, doğuşdan dərhal sonra verilir və əmizdirən analara təklif olunur. “Childbirth İnternational”ın verdiyi məlumata görə, Cənubi Amerikanın And dağlarında yaşayan bəzi tayfalarda əmizdirən analara hakaçu quşunun ətini və lələklərini yedizdirmək, Çində isə kurau balığının yumuşaq, ağ ətindən şorba hazırlamaq yerli ənənənin bir hissəsidir. Sözsüz ki, bütün bunların heç bir möhkəm elmi və praktiki əsasları yoxdur. Yalnız sağlam qida vərdişləri laktogenetikaya müsbət təsiri ilə özünü dəfələrlə təsdiqləyib.
10-cu yalan – “Südün miqdarı sağılmaqla bəllidir”
Anaların ən böyük dərdi “istehsal” etdikləri südün miqdarının körpələri üçün kifayət olub-olmamasıdır. Adətən, bunun üçün analar südlərini əl və ya südsağan aparatlar ilə sağıb miqdarını ölçməyə çalışırlar. Südünüzün kifayət qədər olmasını sübuta yetirən başqa vasitələr var. İlk növbəd,ə körpənizi müşahidə edin. Yaxşı əmən körpə ananın bütün çalışqanlığı ilə sağa biləcəyi süddən dəfələrlə çox süd əldə edə bilir. Dr. Nyümana görə, sağmaq süd ehtiyatınızı deyil, yalnız sizin sağa biləcəyiniz südün miqdarını göstərə bilər.
Ana südü minilliklər boyu özünü doğruldub və həyatın müxtəlif sınaqlarından müvəffəqiyyətlə çıxıb. Zəngin tərkibi olan ana südü bəşəriyyətin yaradıldığı gündən etibarən keyfiyyətinə və eyni zamanda, asanlığına görə rəqib tanımır. Müharibə, yoxsulluq, təbii fəlakət və digər fövqəladə vəziyyətlərdə körpələrin sağ qalmasına səbəb olan və ətraf mühitdə baş verənlərdən asılı olmayaraq, körpələri ən keyfiyyətli qida ilə təchiz edən məhz ana südüdür.
Lalə Mehralı