Araşdırma

  • 3 859

Gücsüzlüyün etirafı - ANALİZ

image

Paşinyanın arvadının Kiyevə səfəri və ABŞ-la manevrlər Ermənistan-Rusiya müttəfiqliyini parçaladı, İrəvan arzuolunmaz müttəfiq kimi Moskvadan uzaqlaşır

"Ermənistanın baş naziri Paşinyan başa düşdü ki, arvadının Kiyevə səfəri Moskva üçün cəsarətli jestdir", Fransanın Le Monde qəzeti belə hesab edir. Və onun Zelenski ilə görüşü rusların gözündə xoş “hadisə” olmayacaq. Buna baxmayaraq, Paşinyan həyat yoldaşını Kiyevə göndərib və NATO ilə manevrlər elan edib. O, Rusiya ilə “ayrılmağa” qərar verib.

Qəzet yazır ki, Qarabağı Azərbaycanın "hücumlarından" qorumaq məsələsində Moskvanın passivliyindən təngə gələn İrəvan Ukrayna münaqişəsi ilə bağlı əvvəlki neytral mövqeyindən əl çəkir. Əslində, nə Moskva, nə də İrəvan tərəfindən tanınmayan separatçı qurumun qarşısında Rusiyanın heç bir öhdəliyi yoxdur. KTMT çərçivəsində münasibətlər Rusiyanın Qarabağsız, yalnız Ermənistanın özünün ərazisini müdafiə etməsini nəzərdə tutur, ona görə də Paşinyanın Rusiyanı qınamağa heç bir haqqı yoxdur. Keçmiş sovet respublikası Kiyevə humanitar yardım göndərildiyini və ABŞ-la birgə hərbi təlimlər keçirəcəyini açıqlayıb və bunu artıq həyata keçirməkdədir.

Qeyd edək ki, Ermənistan ABŞ sülhməramlıları ilə “Eagle Partner 2023” birgə təlimlərinə başlayıb. ABŞ ordusunun adını açıqlamayan rəsmisinin sözlərinə görə, mərasim İrəvan yaxınlığındakı Zar təlim mərkəzində baş tutub. Təlimlərdə 85 amerikalı və 175 erməni hərbçi iştirak edir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, ABŞ və Ermənistanın keçirdiyi təlimlər dərin təhlil tələb edir: “Müəyyən etmək lazımdır ki, Ermənistan hansı məqsədləri güdür. Biz bununla bağlı Ermənistanla əlaqə quracağıq”.

Qeyd edək ki, bu gündən başlanan və sentyabrın 20-dək davam edəcək Ermənistan-ABŞ birgə hərbi təlimləri rəsmi müttəfiqlər olan Rusiya və Ermənistan arasında ikitərəfli münasibətlərdə görünməmiş gərginliyə səbəb olub. Keçmişdə bu gərginlik səviyyəsinə nadir hallarda rast gəlinib. İrəvan bilərəkdən Kremlə qarşı meydan oxuyan jestlər edir. Onlardan ən sonuncusu baş nazir Paşinyanın həyat yoldaşı Anna Akopyanın Vladimir Zelenski ilə gülümsəyərək əl sıxdığı Kiyev fotosudur. Akopyan çərşənbə günü, sentyabrın 6-da Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskayanın dəvəti ilə birinci xanımların və həyat yoldaşlarının psixi sağlamlıq problemlərinə dair illik sammitində iştirak etmək üçün Kiyevdə olub.

Ukrayna paytaxtına ilk səfəri zamanı Anna Akopyan Ermənistanın 2022-ci ilin fevralında münaqişə başlayandan bəri ilk dəfə olaraq Ukraynaya humanitar yardım çatdırmağa hazır olduğunu təsdiqləyib. Rusiyadan isə bu səfəri analiz edənlər köməyin kifayət qədər "təvazökar" olduğunu və bağışlanan elektron cihazların içində nələrin gizlədildiyi düşünürlər.

"Madam" Akopyanın sosial şəbəkədəki səhifəsində Ukrayna prezidenti ilə əl sıxma fotosu, eləcə də bu humanitar yardımın elanı Rusiya-Ermənistan münasibətlərində dönüş nöqtəsidir. Ermənistan Rusiya müttəfiqindən uzaqlaşmaq qərarına gəlib və indiyədək Ukrayna münaqişəsinə qarşı nümayiş etdirdiyi neytrallıqdan əl çəkir. Bununla da Ermənistan açıq şəkildə bəyan edir ki, o, artıq Moskvanın tərəfində deyil.

Ukraynaya kömək

Bütün sahələrdə Rusiyadan böyük asılılıqda qalan keçmiş Sovet respublikası heç vaxt Rusiyanın Ukraynadakı hərəkətlərini açıq şəkildə pisləməyib. May ayında Nikol Paşinyan artıq bu istiqamətdə addım ataraq “Ukrayna ilə münaqişədə Ermənistan vətəndaşlarının Rusiyanın müttəfiqi olmadığını” söyləməyə cəsarət edib. Amma indi ilk dəfədir ki, bu ölkə Ukraynaya dəstəyini nümayiş etdirir, baxmayaraq ki, bu, Vladimir Putini açıq şəkildə narazı salacaq. Və baş nazirin həyat yoldaşının Kiyevə səfərindən bir müddət əvvəl Ermənistan ABŞ silahlı qüvvələrinin sülhməramlı missiyalarda iştirak edən hissəsinin iştirakı ilə Birləşmiş Ştatlarla birgə hərbi təlimlər keçirəcəyini elan edərkən artıq Rusiya prezidentini qıcıqlandırmışdı. Eagle Partner 2023 adlanan bu manevrlər sentyabrın 11-dən 20-dək Zar təlim mərkəzində baş tutacaq. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, onlar sülhməramlı əməliyyatlarda iştirak edən ABŞ və Ermənistan ordularının həmin bölmələrinin “döyüş qarşılıqlı fəaliyyətinin səviyyəsini artırmaq” üçün nəzərdə tutulub.

Ermənistanda hərbi bazası olan Rusiya NATO ölkəsinin KTMT-nin bir üzv ölkəsinin ərazisində hərbi təlimlər keçirməsinə öz “narahatlığını” bildirib. "Bu vəziyyətdə, təbii ki, belə təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə kömək etmir. Deyək ki, bu ehtiyatlılığa səbəb olur. Bu cür xəbərlər, xüsusən də indiki şəraitdə regionda qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə kömək etmir. ”, - deyə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru və ABŞ vətəndaşı Riçard Qiraqosyan bildirib ki, birgə hərbi təlimlərin elan edilməsi “sürpriz deyil”. “Bu, ilk belə təlim deyil, ermənilər artıq beynəlxalq koalisiyanın tərkibində ABŞ və NATO ilə birlikdə onları Əfqanıstanda, İraqda və ya Kosovoda keçiriblər”, - o qeyd edib.

Ermənistanın narazılığı

Buna baxmayaraq, İrəvan və Moskva arasındakı münasibətlərdəki gərginliyi nəzərə alsaq, ABŞ-la birgə bu təlimlər “əhəmiyyətlidir”, Kirakosyan əlavə edir. Ukrayna münaqişəsi ilə o qədər məşğul olan, ermənilərin təhlükəsizliyinə təminat verə bilməyən Rusiyanın zəifliyi artıq ortadadır. Bu, 2020-ci ilin noyabrında Qarabağda Ermənistan və Azərbaycan qüvvələri arasında hərbi əməliyyatların başlanmasından sonra bölgəyə yerləşdirilən 2000-ə yaxın Rusiya sülhməramlısının olmasına baxmayaraq belədir. Ermənistanda münaqişə başa çatdıqdan sonra Rusiyadan məyusluq və narazılıq daha da qızışır. Halbuki Ermənistan məhz Rusiyanın himayəsi altında öz varlığını sürdürür. Çünki bu ölkənin özü ötən əsrin ikinci onilliyində, Çar Rusiyasının süqutu və bölşevik diktaturası, yəni Sovet hakimiyyəti qurulanda "kupça" ala bilib. İrəvan öz narazılığının əlaməti olaraq yanvar ayında Rusiyanın başçılıq etdiyi keçmiş sovet respublikalarının hissələrinin regional hərbi alyansı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi manevrlərinə ev sahibliyi etməkdən imtina edib. Ermənistan hökuməti həmçinin fevral ayında Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin təsis müqaviləsi olan Roma Statutunun ratifikasiya olunmasını tələb edib. Sənəd prosesi başa çatdırmaq üçün sentyabrın 1-də Ermənistan parlamentinə göndərilib.

Azərbaycan Qarabağı Ermənistanla birləşdirən Laçın yolunda sərhəd keçid məntəqəsi yaradandan sonra gərginlik daha da artıb və ermənilərin iddiasına görə, bu, Qarabağda ərzaq, dərman və yanacaq qıtlığına səbəb olub. Separatçıların dediyinə görə səkkiz aydan çox davam edən "blokada"dan sonra "humanitar böhran 120 min erməninin yaşadığı Qarabağı bürüyeb". Etiraf etmək lazımdır ki, Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın bir hissəsi kimi tanınır, düzdür burada əsasən ermənilər yaşayır, amma bu gün yerli ermənilərdən çox az bir hissəsi buranın sakinləridir. Çünki, separatçılıq inkişaf etdikcə, yerli azərbaycanlılar bu ərazilərdən zorla qovulduqdan sonra 1988-ci ilə qədər Qarabağda yaşayan ermənilər də "gəlmələr"in təzyiqlərinə dözməyərək bu əraziləri tərk edib gediblər. Qarabağda bu gün yaşayan ermənilərin əksəriyyəti işğal dövründən sonra bura xarici ölkələrdən və Ermənistanda köçürülən ermənilərdir. Azərbaycan tərəfi Qarabağda reinteqrasiya prosesinin kimlərə aid olması barədə konkret mövqe nümayiş etdirib. Bu da separatçıları narahat edir. Livandan və Suriyadan, Fransa və Rusiyadan, ABŞ və İraqdan gətirilən və Qarabağda məskunlaşdırılan ermənilərin aqibəti indidən bəllidir, yəni onlar Azərbaycan ərazilərini tərk etməlidirlər.

Ermənilər iddi edirlər ki, "Laçın dəhlizində nəqliyyatın hərəkətini və təhlükəsizliyi təmin etməli olan Rusiya sülhməramlıları missiyasını yerinə yetirə bilmədiklərini sübut etdilər". Moskva isə mütəmadi olaraq Bakıya blokadanı aradan qaldırmağa çağırdığını, lakin hələlik heç bir nəticə olmadığını bildirir. Halbuki, üçtərəfli bəyanatda təkcə "Laçın dəhlizi" ilə bağlı maddə yoxdur, bu sənəddə həm də sülhməramlıların Qarabağa yerləşdirilməsi ilə paralel olaraq Ermənistan silahlı qüvvələrin bütün hissələri buranı tərk etməsi də qeyd olunub.

Paşinyan Putini “təcrid edir və zəiflədir”

Nikol Paşinyan Rusiyanı Ermənistanın maraqlarına uyğun olaraq “Laçın dəhlizinə nəzarəti saxlaya bilməməkdə” və ya “bunu etmək istəməməkdə” ittiham edib. Bir neçə gün əvvəl Ermənistanın baş naziri hətta Ermənistanın öz təhlükəsizliyinin təminatı kimi yalnız Rusiyaya arxalanaraq “strateji səhvə” yol verdiyini demişdi. Nikol Paşinyan heç vaxt Vladimir Putinə son aylardakı kimi birbaşa etiraz etməyə cəsarət etməyib. Onun rəhbərliyi altında Ermənistanın biabırçı məğlubiyyətə uğradığı 2020-ci il Qarabağ müharibəsindən bəri Rusiya və Ermənistan liderləri arasında güc balansı çox fərqli olub. Bu, Ukrayna hadisələrindən əvvəl idi və Kremlin ağası daha sonra sülhpərvər və qalib kimi görünürdü. 2020-ci ildə vasitəçilik Rusiyanın Cənubi Qafqaz regionuna qayıdışını nümayiş etdirirdi. Paşinyan həmin an, əksinə, zəifləmişdi. Ukraynadakı münaqişə hər şeyi dəyişdi. Bu gün bütün göstəricilər üzrə məğlubiyyətə rəğmən, 2021-ci ildə yenidən seçilən Ermənistanın baş naziri qarşısında daha zəif və təcrid olunmuş Vladimir Putini gördü. İndi Paşinyan birdən-birə onun üçün arzuolunmaz hala gələn şimal tərəfdaşına doğru cəsarətli addımlar atmağa başlayıb və bunu davam etdirməyə hazırdır.

Amerika-erməni analitiki Riçard Kirakosyan qeyd edir ki, "İndiki Ermənistan Moskvaya yox deməyə cəsarət edib. Paşinyan ictimai rəyi Rusiyadan belə bir məsafəyə uzaqlaşmaya hazırlayır, lakin Moskvanı NATO və ya Qərblə əvəzləməyə çalışmır. Erməni strategiyası Rusiya ilə qopmağa yönəlməyib". Lakin söhbətin sonunda Kirakosyan belə yekunlaşdırır: “Bu, bir neçə onillik davam edən kor-koranə itaətin sonudur, bundan sonra Rusiyanın istədiyi hər şey öz qiymətini alacaq”.

Bakı da öz növbəsində 2020-ci il qələbəsindən əldə etdiyi faydaları əsas götürmək əzmindədir. Ona görə də İlham Əliyev Qarabağa, həm də indiki Ermənistanın əlində olan və “Qərbi Azərbaycan” adlandırılan bölgələrinə təzyiqləri artırmağa davam edir. Cümə axşamı Ermənistanın baş naziri yenidən həyəcan təbili çalıb. Onun sözlərinə görə, azərbaycanlılar “Qarabağla sərhəd xətti boyunca və Ermənistanla Azərbaycan sərhədində daimi hərbi gücləndirmələr” təşkil edir ki, bu da Azərbaycan qoşunlarının yeni hücumu ilə bağlı narahatlıq yaradır.

Qeyd edək ki, sentyabrın 11-də İrəvan yaxınlığındakı Zar və Armavir poliqonlarında “Qartal tərəfdaşı” Ermənistan-ABŞ sülhməramlı təlimi ilk dəfə olaraq başlayıb. Təxminən eyni vaxtda Ermənistanda KTMT-nin mavi dəbilqələrinin manevrləri planlaşdırılırdı, lakin İrəvan onları keçirməkdən imtina etdi və bir neçə gün əvvəl KTMT-dəki səlahiyyətli nümayəndəsini vəzifəsindən geri çağırdı. Bu təşkilat çərçivəsində “Sarsılmaz Qardaşlıq 2023” təlimləri 2023-cü ilin oktyabrında Ermənistan nümayəndələri olmadan Qırğızıstanda keçiriləcək.

“Qartal tərəfdaşı iki ölkədən olan əsgərlərimiz üçün taktiki səviyyədə yeni əlaqələr qurmaq və sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq üçün mühüm fürsətdir. O, həmçinin Kanzas Milli Qvardiyasının Ermənistanla qurduğu 20 illik əlaqələrə əsaslanır”, - ABŞ Ordusunun Avropa və Afrika bölməsindən polkovnik Martin O'Donnell bildirib. Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, təlimlər sülhməramlı tapşırıqları yerinə yetirərkən münaqişə tərəfləri arasında sabitləşdirmə əməliyyatlarını əhatə edir.

Moskvada rəsmilər artıq bu manevrlərdən və İrəvanın Moskvaya dost olmayan digər addımlarından narazılıqlarını bildiriblər. Onların arasında, məsələn, respublikada Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin ratifikasiyası prosesinin başlanması, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Ukraynaya səfəri və Ukraynaya humanitar yardımın göndərilməsi olub.

Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarkis Xandanyan bəyan edib ki, ABŞ ilə təlimlərin keçirilməsi Ermənistanın suveren qərarıdır: “Mən başa düşürəm ki, müxtəlif tərəflərin narahatlığı ola bilər və narazılıq ifadə edə bilər. Qəbul edilən qərar həm də dərinləşən Ermənistan-Amerika münasibətlərinin reaksiyası və nəticəsidir”. Onun sözlərinə görə, Ermənistan bütün sahələrdə ABŞ-la münasibətləri yaxşılaşdırmağa çalışır. Təlimlər beynəlxalq sülhməramlı missiyalarda əməkdaşlığın yaxşılaşdırılmasına yönəlib.

ABŞ və NATO-dan olan tərəfdaşların erməni mavi dəbilqəliləri ilə birlikdə dünyanın müxtəlif regionlarında sülhyaratma vəzifələrini həll etməyə nə dərəcədə hazır olduqlarını söyləmək çətindir, lakin aydındır ki, bunun yaxın gələcəkdə baş verməsi ehtimalı azdır. Moskva, İrəvan və Bakı arasında 2020-ci ildə əldə edilmiş üçtərəfli razılaşmalara əsasən, Qarabağ ərazisində analoji tapşırıqlar Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilir. Məsələn, Rusiya Müdafiə Nazirliyinin bir gün əvvəl dərc olunmuş məlumatında bildirilir ki, münaqişə zonasında atəşkəs rejiminə əməl olunmasına nəzarət 30 müşahidə məntəqəsində aparılır: “Sentyabrın 9-na olan məlumata görə, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında hər hansı pozuntu qeydə alınmayıb. Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında beş marşrut üzrə patrul xidməti həyata keçirilib”.

Bu arada bir çox ölkələrin mətbuatı və rəsmiləri son bir-iki həftədə Qarabağ ətrafında gərginliyin artdığını qeyd ediblər. Sosial şəbəkələrdə və KİV-də münaqişə tərəflərinin Ermənistan-Azərbaycan sərhədinə silah və hərbi texnika toplanmasını əks etdirən videogörüntülər yayılır. Rusiya Müdafiə Nazirliyi bildirib ki, “Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və mümkün insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.

"İrəvanın qeyri-dost hərəkətlərinə baxmayaraq, Rusiyanın Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlılarının kontingentinin mövcudluğu sayəsində Cənubi Qafqazda rolu ardıcıl olaraq yüksək və həlledici olaraq qalır”, - hərbi ekspert, general-leytenant Yuri Netkaçev deyib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda keçirilən seçkiləri beynəlxalq hüququn prinsiplərini pozan qanunsuz fəaliyyət adlandırıb. “Ancaq bunlar daha çox siyasi, diplomatik məsələlərdir. Və orada hərbi eskalasiya artıq kulminasiya nöqtəsinə çatıb. Təkcə Rusiya deyil, Cənubi Qafqazda sərhədləri dəyişmək istəməyən və bu kimi məsələləri danışıqlar masası arxasında həll etmək niyyətində olan İran da Ermənistanla Azərbaycan arasında yeni müharibənin qarşısını ala bilər. ABŞ və ya NATO qüvvələrinin Qarabağ münaqişəsinə mümkün müdaxiləsinə gəlincə, bu, çətin ki... Bunlara İran və Rusiya, o cümlədən hərbi yolla imkan verməyəcək”, - Netkaçev hesab edir. Ekspert öz qənaətlərini təsdiqləmək üçün Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun Rusiyanın Cənubi Qafqazı könüllü olaraq tərk etməsi ilə bağlı Nikol Paşinyanın sözlərinə cavab olaraq, bunun heç də düzgün olmadığını söyləyib.

Kremlin sözçüsü Moskvanın Ermənistanın hərəkətsizliyi ilə bağlı tənqidləri rədd edib və bildirib ki, “Rusiya təhlükəsizliyin təminatçısı kimi öz funksiyalarını yerinə yetirməkdə davam edir”. Eyni zamanda, Peskov adi formulunu təkrarlayıb: “Rusiya həm Yerevan, həm də Bakı ilə çox diqqətli, ciddi və konstruktiv işləməyə davam edir”. Gücsüzlüyün etirafı kimi səslənən cavab.

V.VƏLİYEV

Digər xəbərlər