Araşdırma

  • 3 222

ABŞ Minsk qrupu çərçivəsində yol verdiyi səhvləri təkrarlayır - ŞƏRH

image

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin demək olar ki, beşdə biri işğal 30 il müddətində işğal altında saxlanıldı. İşğal bu ərazilərdən təxminən bir milyon azərbaycanlının kütləvi etnik təmizlənməsi və digər ağır cinayətlərin törədilməsi ilə müşayiət olundu.
Heç kəsə sirr deyil ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən mandat verilmiş ATƏT-in Minsk Qrupuna daxil həmsədr dövlətlər, yəni Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan arasında yaranmış münaqişənin aradan qaldırılması üçün 30 il danışıqlar apardılar.

Nəhayət 2020-ci ildə Azərbaycan aparılan danışıqların nəticəsində Birləşmiş Millətlər Təşkilatının beynəlxalq platformalardakı çoxillik fəaliyyətini nümayiş etdirərək BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş məlum qətnamələrin icrasını təmin etdi. Beləliklə, Azərbaycan bütün təzyiqlərə müqavimət göstərməyi bacardı və həm regionda, həm də dünya siyasətində tamamilə yeni bir ab-hava yaratmağa nail oldu.

Təbii ki, bu gücə və cəsarətə malik Azərbaycanın mövcudluğu erməni lobbisinin kök saldığı ABŞ, Fransa və digər bu kimi ölkələrin maraq və məqsədlərinə uyğun gəlmir. Baxmayaraq ki, bu gün Azərbaycan-Ermənistan Sülh Müqaviləsinin hazırlanmasının yekun işlərinin görülməsi, habelə regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan hökuməti tərəfindən böyük işlər görülür, bu ardıcıl tədbirləri gözü götürməyən qüvvələr də öz məkrli oyunlarını davam etdirərək beynəlxalq nüfuzundan istifadə edir, ölkəmizə qarşı qərəzli münasibət nümayiş etdirir, Cənubi Qafqazda sülhün təmin olunması prosesinə ciddi zərbə vururlar.

Yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanətin və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi Ermənistanın ABŞ-nın yüksək dairələrində kifayət qədər güclənmiş lobbiçi qruplaşmalarının təhriki ilə bəzi Amerika rəsmiləri Azərbaycana qarşı açıq şəkildə ədalətsiz, qeyri-adekvat beynəlxalq hüququn norma və prinsiplərə söykənməyən mövqe nümayiş etdirirlər.

Bu hal nəinki demokratiyanın beşiyi hesab edilən ABŞ-nın nüfuzuna xələl gətirir, eyni zamanda xüsusilə son illərdə ancaq və yalnız inkişafa doğru köklənən Azərbaycan-ABŞ münasibətlərini, sülh danışıqlarında ABŞ-na olan inamı sual altında qoyur, beləliklə regionda sülhün, əmin-amanlığın, davamlı siyasi-iqtisadi inkişafın təmin olunmasına, xalqlararası dialoqun aparılmasına əngəllər törədir.

Belə ki, Vaşinqton formatında baş tutan son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. Hətta Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş etsə də, öz maraqlarını təmin etməyə çalışan ermənipərəst siyasətçilər imitasiya edərək bu gün istər Dövlət Departamenti, istərsə də Konqresdə yalnız Laçın yolunun açılmasınınzəruriliyindən danışırlar.

Beləliklə, baş verən proseslərin fonunda bu gün ABŞ Fransa ilə yanaşı Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində görünür.
Mən bildirmək istəyirəm ki, bu kimi fəaliyyət yolverilməzdir, Azərbaycanın öz suveren ərazisində beynəlxalq hüquq və prinsiplərə, multikultural dəyərlərə əsaslanan müstəqil qərarları heç bir siyasi dairə tərəfindən müzakirə edilə bilməz.

Bu baxımdan, əgər ABŞ rəhbərliyi sülh danışıqlarında, bütövlükdə Cənubi Qafqazda baş verən proseslərdə iştirakçı qismində çıxış etmək istəyirsə, Minsk qrupu çərçivəsində yol verdiyi səhvləri təkrarlamamalı, lobbiçi qruplaşmaların təsiri altında qərarlar qəbul etməməlidir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Digər xəbərlər