PREZİDENT İLHAM ƏLİYEV: "BMT-də Azərbaycanın maraqlarını ifadə edən bəyanatlarınız növbəti qardaşlıq addımıdır"
PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN: "İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir"
Uzun illərin sınağından çıxmış Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə bu dostluğun, qardaşlığın qarşısını ala bilməz. Çünki bu birlik 31 ildir ki, "Bir millət, iki dövlət", Azərbaycan–Türkiyə dövlətlər arasında diplomatik münasibətləri qurulub. Bu günün reallığı Azərbaycan-Türkiyə birliyi və qardaşlığının əbədi və sarsılmaz olduğunu təsdiqləyir. Xüsusilə də, iki qardaş dövlət rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir. Bu başqa cür də ola bilməz. Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, Türkiyə ilə Azərbaycan “bir millət, iki dövlət”dir. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir miras qoymuşlar: Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır. Və bu birliyin nəticəsini biz 2020- ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinin ilk günündən Qələbə Zəfrinə kimi Türkiyə daim bizimlə bir olub. Sevincimizə, kədərimizə şərik olub. Çünki bu birlik…
MARAQLARA DEYİL, DƏYƏRLƏRƏ ƏSASLANAN TÜRKİYƏ-AZƏRBAYCAN İKİ GÜCLÜ LİDERLƏRİN QARDAŞLIQ BİRLİYİNİN DÜNYAYA BİR NÜMUNƏ, ÖRNƏK OLDUĞUNUN GÖSTƏRİCİSİDİR
Məhz Türkiyə Prezidentinin işğaldan azad edilən ərazilərimizə səfər edən ilk xarici ölkə başçısının olması iki qardaş ölkə liderlərinin dostluq və qardaşlığının dünyaya bir nümunə, örnək olduğunun göstəricisidir. Əsrlərə bağlı olan bu birlik, dostluq və qardaşlıq münasibətlər günümüzdə hər iki ölkənin lideri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində daha da inkişaf edir, möhkəmlənir və irəli gedir. Və cari ilin iyun ayının 12-də Türkiyənin 13-cü Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Şimali Kipr Cümhuriyyətinin ardınca Azərbaycana və sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda rəsmi səfərləri ilk növbədə iki qardaş ölkə arasında münasibətlərin ən yükəsk səviyyədə olmasının, bir millətin iki dövlətin - Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin dünyaya bir mesajıdır. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvandan bir daha bəyan etdi ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib: «İki il bundan əvvəl uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi - müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı». Dövlətimizin başçısı qeyd edib: "Bu gün bu əlaqələr ən yüksək zirvədədir və biz indi bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq".
Bəli, 15 iyun, 2021-ci il - Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan azad olunmuş Qarabağımızın baş tacı olan Şuşada Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi müttəfiqlik nümunəsildir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.
PREZİDENT İLHAM ƏLİYEVİN TÜRKİYƏNİN DÖVLƏT BAŞÇISI HAQQINDA SƏSLƏNDİRDİYİ SƏMİMİ SÖZLƏR BİR LİDERİN DİGƏRİ HAQQINDA RƏYİNDƏN DƏ ÇOX, BİR İNSANIN ÖZ DOĞMA QARDAŞININ UĞURLARI İLƏ QÜRUR DUYMASI QƏDƏR XOŞ, SEVİNDİRİCİ VƏ FƏRƏHLİDİR
Yaşanan reallıqlar bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Xüsusilə də, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri bir çox dövlətlərin qısqanclığına səbəb olub. Çünki hər iki dövlət yaxşı gündə də, pis gündə də bir-birinin yanındadır. Hər iki dövlət eyni yolu yaşayır.
Prezident İlham Əliyev çıxışlarının birində bu məsələyə münasibət bildirərək deyib: "Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk" fikirləri bir daha təsdiqləyir ki, "bir millət, iki dövlət" vəhdətini heç bir kənar qüvvə poza bilməz»
Göründüyü kimi, dünya siyasi tarixinin müqayisəolunmaz və heyrət doğuran ittifaqı heç şübhəsiz Azərbaycan-Türkiyə birliyidir. Qardaş Türkiyə son antiterror tədbirlərində də Azərbaycanın yanında olduğunu ən yüksək səviyyədə bəyan etdi. İllər öncə beynəlxalq tədbirlərin birində Türkiyəyə qarşı çıxış edən erməni rəhbərə “Türkiyə Prezidenti burda yoxdur, əvəzində mən burdayam” deyən Azərbaycan lideri kimi bu günlərdə BMT kürsüsündən Azərbaycan haqqını müdafiə edən Prezident Ərdoğan dünya üçün müqayisəyəgəlməz birlik nümunəsi göstərdi. Antiterror tədbirləri ilə suverenlik və ərazi bütövlüyümüzün tam təmin olunmasından sonra Prezident Ərdoğanın səfərinin Naxçıvana təsadüf etməsi də xüsusi bir siyasi mesaj sayıla bilər. Səfər çərçivəsində keçirilən görüşlərdə və çıxışda da bu mesajlar aydın şəkildə verildi. Prezident Ərdoğanın Naxçıvan səfərində Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bütün dünya üçün bir daha nümayiş olundu. Hər iki dövlət başçılarının səmimi münasibəti, həm bölgənin, həm də bütövlükdə dünyanın siyasi proseslərinə ortaq baxışı onu göstərir ki, bu müttəfiqlik hərbi və siyasi qarşıdurma şəraitində olan bir çox ölkələrə nümunə ola bilər. Eyni zamanda Qafqazdan Orta Asiyaya uzanaraq Türk Dövlətləri Birliyini möhkəmləndirən bu müttəfiqlik dünya siyasi düzəninə də ciddi təsir göstərməkdədir. Bu gün artıq dünyanın qaynar nöqtələrində problemin həlli, böyük iqtisadi layihələrin gerçəkləşməsi üçün Ankaranın və Bakının rəyi əsas götürülür. Bütün beynəlxalq platformalarda eyni mövqedən çıxış edən bu iki qardaş ölkənin imzaladığı sənədlər də həm regional, həm geopolitik, həm də strateji baxımdan böyük əhəmiyyət kəsb edir.
Budur “bir millət, iki dövlət” birliyinin məntiqi nəticəsi. Azərbaycan Prezidenti, Azərbaycan dövləti həmişə dost, qardaş ölkə olan Türkiyənin yanında olduğunu dəfələrlə sübut edib və dövlət başçımız tərəfindən səsləndirilmiş bu sözlər özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir və ümumən Azərbaycanın mövqeyini, gücünü, beynəlxalq münasibətlər sistemində yerini və Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur! Və, Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı haqqında səsləndirdiyi səmimi sözlər bir liderin digəri haqqında rəyindən də çox, bir insanın öz doğma qardaşının uğurları ilə qürur duyması qədər xoş, sevindirici və fərəhlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında dediyi fikri bir daha demək yerinə düşər: «Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı.
Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən... Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm”.
Və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyini bir daha xatırlatmaq istərdim: "Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna bir mövqedədir və bir millət, iki dövlət olaraq əlaqələrimizi və əməkdaşlığımızı hər sahədə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk".
Budur, "Bir millət, iki dövlət"in qardaşlığı, həmrəyliyi. Bu gün öz liderlərinin sayəsində hər iki ölkə bütün dünyada böyük uğurlar əldə edən, prinsipial siyasət yürüdən güc kimi tanınırlar. Artıq şübhə yoxdur ki, iki xalq və dövlət arasındakı qardaşlıq daimidir və yaxın vaxtlarda biz hər iki ölkənin növbəti uğurlarına şahidlik edəcəyik.
Bu günə qədər bu iki dövlət qoşa qanad kimi, birlikdə addımlayıb, birlikdə bir çox möhtəşəm qələbələrə, nailiyyətlərə, uğurlara imza atıb, bundan sonra da birlikdə addımlayaraq, növbəti parlaq qələbələrə, zəfərlərə imza atacaqlar. Çünki hər iki ölkə liderlərinin səfərləri maraqlara deyil, dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan qardaşlıq birlik səfəridir. Və bu səfrlər çərçivəsində liderlərin hər görüşü yeni siyasi uğurun başlanğıcına çevrilir.
Bir sözlə, qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.
RƏFİQƏ KAMALQIZI