PREZİDENT İLHAM ƏLİYEV: "Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz"
Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı: işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işlərini həyata keçirmək, Böyük Qayıdış proqramının icrasını uğurla başa çatdırmaq. Dövlət başçımız 44 günlük İkinci Qarabağ müharibəsinin başa çatmasından təxminən 20 gün sonra - dekabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə demişdir: "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq".
Bəli, müharibənin başa çatmasından 3 il ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydanına çevrilib. Burada Böyük Qayıdışı təmin etmək üçün əvvəlcə ərazilər minalardan təmizlənir. Bunun ardınca isə həm şəhər və kəndlərin bərpası həyata keçirilir, həm də müxtəlif istiqamətlərdə zəruri infrastrukturun yaradılması ilə bağlı layihələr reallaşdırılır. Mübağiləstz demək olar ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş rayonlara davamlı səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.
Bu gün doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, "ağıllı kənd" və "ağıllı şəhər" layihələri reallaşdırılır. İşğaldan azad edilmiş bölgələrimizdə elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura , işığa bürünür. Tezliklə ərazilər minalardan tamamilə təmizləndikdə sonra insanlarımız, bu qədim diyarın əsl sakinləri yenidən öz döğma ocaqlarına qayıdacaq, firavan həyat yenidən təmin ediləcək, yurddaşlarımız əkib-becərəcək, qurub yaradacaqlar. Bütün bunlar lap tezliklə reallaşacaqdır.
Dövlət başçımız çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz doğma Qarabağımızı tezliklə cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Sahibinə qayıdan torpaqlarımızda yeni həyat başlayır və qısa zaman kəsiyində işğaldan azad olunmuş torpaqları bərpa etməsi üçün önündəki yeganə maneə zamandır: "Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz".
Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, Prezident cənab İlham Əliyev sentyabrın 28-də növbəti dəfə işğaldan azad olunmuş bölgələrimizə – Cəbrayıl və Zəngilana səfər etdi. Səfər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması və yeni obyektlərin açılışı həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır.
VERİLƏN VƏDLƏR, GERÇƏKLİYƏ ÇEVRİLƏN İŞLƏR...
Səfər çərçivəsində Prezident İlham Əliyev Cəbrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub. Bildirilib ki, ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir. Dördmərtəbəli və beşmərtəbəli binalarda ümumilikdə 718 mənzil olacaq. Dövlət başçısına Şirvan, Lənkəran və Yevlax Yaşayış kompleksləri barədə də məlumat verilib və qeyd olunub ki, 8 hektardan çox ərazidə 25 binadan ibarət Şirvan Yaşayış Kompleksinin inşasına başlanılıb. Burada 9 mərtəbəli 14, 12 mərtəbəli 11 bina inşa ediləcək. Kompleksdə 32-si studio tipli, 216-sı ikiotaqlı, 768-i üçotaqlı və 248-i dördotaqlı olmaqla ümumilikdə 1264 mənzil olacaq. Bundan başqa, 960 şagird yerlik orta məktəb binası və 80 yerlik uşaq bağçası da tikiləcək. Tikintisi yekunlaşmaqda olan Lənkəran Yaşayış Kompleksində doqquzmərtəbəli 5 bina inşa edilib. Binalarda ümumilikdə 240 mənzil var. Mənzillərin 32-si birotaqlı (studio tipli), 36-sı ikiotaqlı, 104-ü üçotaqlı, 68-i isə dördotaqlıdır. Yeddimərtəbəli 6 binadan ibarət Yevlax Yaşayış Kompleksinin inşasına tezliklə başlanılacaq. Kompleksdə 28-i birotaqlı, 14-ü studio tipli, 84-ü ikiotaqlı, 139-u üçotaqlı, 64-ü isə dördotaqlı olmaqla ümumilikdə 329 mənzil olacaq.
Həmçinin, səfər çərçivəsində Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib, Zəngilan rayonunun Alıbəyli kəndinin təməlini qoyub, Zəngilan Konqres Mərkəzi Kompleksinin, “AzərEnerji” ASC-nin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışlarını edib, Zəngilan kəndinin təməlini qoyub. Həmçinin, dövlətimizin başçısı Zəngilanda üç yaşayış kompleksinin və 160 yerlik uşaq bağçasının təməllərini qoyub, Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.
Bir sözlə, görülən işlər Qalib Lider, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri zamanı "Qarabağda cənnət yaradacağıq” vədi sözü ilə əməlin bir olmasının göstəricisidir.
AĞALIDAN BAŞLAYAN “BÖYÜK QAYIDIŞIN NÖVBƏTİ MÜJDƏSİ - ZƏNGİLANIN ALIBƏYLİ VƏ ZƏNGİLAN KƏNDLƏRİNİN TƏMƏLİ QOYULDU
Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər zamanı dövlət başçısı Qarabağımıza “Böyük Qayıdış”ın rəmzi olan, Zəngilanın Ağalı kəndinin “Ağıllı kənd” layihəsi ilə yenidən qurulmasının başa çatması ilə əlaqədər Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə demişdir ki, Müstəqillik Günü ərəfəsində burada olmalı idimi, çünki bunun böyük rəmzi mənası var, budur müstəqillik, budur azadlıq: «Bu gün “Böyük Qayıdış” dediyimiz prosesə start verildi. “Böyük Qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bəli, bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması istiqamətində mühüm işlər görülür və 2026-cı ilədək başa çatması nəzərdə tutulan “Böyük Qayıdış” proqramının icrası ilə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək, keyfiyyətcə yeni bir həyata qayıdış olacaq.
Belə ki, Prezident İlham Əliyevin sentyabrın 28-də Zəngilana səfəri çərçivəsində Zəngilan və Alıbəyli kəndinin təməlini qoyub. Verilən məlumata görə, Alıbəyli kəndində 2568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 772 sakin üçün 197 fərdi evin layihələndirilməsi və tikilməsi planlaşdırılır. Kənddə inzibati bina, klub icma mərkəzi və qonaq evi, idman sağlamlıq mərkəzi, məktəb binası, bazar kompleksi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq. Qeyd olundu ki, Alıbəyli kəndində əhali üçün tələbata uyğun ümumilikdə 462 şagird yerlik iki tam orta məktəb binasının tikintisi planlaşdırılır. Birinci mərhələdə 143 şagird yerlik məktəb binası inşa olunacaq. Üçmərtəbəli məktəbin ərazisində həm şagirdlər, həm də əhali üçün qaçış zolağı olan geniş idman meydançasının yaradılması nəzərdə tutulur. Kənddə məskunlaşacaq əhali üçün ümumilikdə 160 yerlik iki uşaq bağçası da inşa olunacaq.
Dövlət başçısı səfər çərçivəsində Zəngilan kəndinin təməlini qoyub. Baş plana əsasən, Zəngilan kəndi İçəri Müşlan və Məlikli kəndləri ilə birlikdə layihələndirilib. Kəndin layihələndirilən ümumi ərazi 111,3 hektardır. Zəngilan kəndində 1631 sakin üçün 306 fərdi evin və 102 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin tikilməsi nəzərdə tutulur. Birinci mərhələdə Zəngilan kəndinə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı və qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacağı bildirilib. Həmçinin Zəngilan kəndində 294 şagird yerlik tam orta məktəb, 60 və 40 yerlik iki uşaq bağçası da inşa olunacaq. Bir sözlə, bu gün Zəngilan özünün yeni dövrünü yaşayır. İşğaldan azad olunduqdan sonra həyatın canlandığı Zəngilan rayonunun Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışının davam etməsi prosesinə şahidlik etməyimizin özü də ayrı bir xoşbəxtlikdir. Bütün bu uğurlar, məhz müharibədən sonra dövlətimizin dərhal düzgün istiqamət götürüb quruculuq-bərpa işlərinə start verməsi oldu.
Bəli, dövlət başçımızın söylədiyi kimi: "Biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd apara bilər. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur".
Bəli, bu gün fəxrlə deyə bilərik ki, dövlət başçımız İlham Əliyevin təkmil idarəçilik sisteminə əsaslanan uğurlu siyasəti nəticəsində artan iqtisadi və maliyyə imkanlarımız, dost ölkələrlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi fonunda erməni faşizminin ağır yaralar vurduğu bu ərazilərimiz tezliklə, sözün əsl mənasında, cənnət-məkana çevriləcək.
Beləliklə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar. Ancaq mənfur düşmən unutmamalıdır, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanlar öz el-obalarına geri dönəcəklər. Artıq insanlar öz el-obalarına geri dönməkdədilər. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!
RƏFİQƏ KAMALQIZI