PDF Oxu

Araşdırma

  • 5 842

3 oktyabr -Sabitliyə və tərəqqiyə gedən yol - ŞƏRH

image

Tarix sübut edir ki, hər bir xalqın və dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu olmuşdur. Eyni zamanda, Azərbaycan xalqının taleyində, həmçinin, böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub: 1993-cü il 3 oktyabr... Xalqımızın özünün gələcək taleyini, müqəddəratını həll etdiyi gün. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı və 98,84 faiz səslə Azərbaycan Prezidenti seçildi.

Əgər 1993-cü il seçkiləri Azərbaycan dövlətçiliyinin ciddi sınaq mərhələsi idisə, 1998-ci il seçkiləri, artıq formalaşan dövlətimizin imtahanı sayılırdı. Bu seçimi əsaslandırmaq üçün xalqın yüzlərlə, minlərlə arqumenti və məntiqə əsaslanan dəlil-sübutu var idi. Çünki həyata keçirilən islahatlar nəticəsində, "Xalq-Heydər- Heydər-Xalq" ifadəsi Prezident və xalq birliyinin möhtəşəm formuluna çevrilmişdi. Beynəlxalq aləm də əmin idi ki, 1993-cü ilin yayında Azərbaycan xalqını qardaş qırğınından, dövləti isə məhv olmaqdan xilas edən Ümummilli Liderimiz Heydər Əliyev növbəti dəfə Prezident seçiləcək. Həmin dövrdə bəzi qüvvələr müdrik siyasətçinin əleyhinə təbliğat aparırdı. Müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin hakimiyytə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Dahi Öndər Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ancaq növbəti seçkidə də Azərbaycan xalqı ayıq olmalı idi. 1988-1993-cü illərin faciə və gərginliklərini yaşamış hər bir kəs taleyüklü seçim məqamında qətiyyət və siyasi iradə nümayiş etdirdi. Azərbaycan xalqı, 1993-cü ildə olduğu kimi, 1998-ci ildə də düzgün seçim etdi.

"Mən ömrümün qalan hissəsini də, bundan sonra xalqıma həsr edəcəyəm" deyən dahi rəhbər siyasi hakimiyyətə qayıdışından dərhal sonra müstəqilliyimizin qorunub-möhkəmləndirilməsi üçün ən vacib tədbirlərə əl atdı.

Düşünülmüş siyasətin uğurlu nəticələri….

Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışı, həqiqətən də, çox mürəkkəb və çətin bir şəraitə təsadüf etdi. Yəni həmin dönəmdə müstəqil dövlətçiliyimiz həlledici bir dövrünü yaşayırdı. Amma müdrik rəhbərin vaxtında həyata keçirdiyi strateji inkişaf strategiyası müstəqil dövlətçiliyimizin qorunub-möhkəmlənməsində müstəsna rol oynadı. Bu strateji xəttin əsas istiqamətlərindən biri də vahid komandanlıqdan idarə edilən nizami ordunun yaradılması idi. Axı müstəqilliyimizin ilk illərində Azərbaycan qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdı, Dağlıq Qarabağ və ona bitişik ərazilər işğal edilmişdi. Belə çətin şəraitdə, döyüşlər getdiyi bir vaxtda nizami ordunun yaradılması olduqca çətin idi. Amma uzaqgörən siyasətçi, çox qısa vaxt ərzində, bu vəzifənin öhdəsindən layiqincə gəlməyi bacardı. Bu gün fəxrlə deyirik ki, müasir müstəqil Azərbaycan, həmçinin, Silahlı Qüvvələrimiz Ulu Öndər Heydər Əliyev dühasının və Onun misilsiz xidmətlərinin bəhrəsidir.

1993-cü ilin 15 iyun günü - tariximizdə Milli Qurtuluş Günü kimi qeyd olunan tarixi gün. Məhz həmin gün ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qədəm qoyan Ulu Öndərimiz öz qayıdışı ilə qurtuluşa nail oldu. Zəngin idarəçilik bacarığı olan dahi dövlət xadimi ölkəmizin bütün sahələrinin inkişaf etdirilməsinə nail oldu, siyasi-iqtisadi münasibətlər sistemində müasir inkişafın bünövrəsini yaratdı. 1994-cü ilin sentyabrında inkişaf etmiş dövlətlərin aparıcı şirkətləri ilə "Əsrin müqaviləsi" adlanan neft kontraktı imzalandı. Bu hadisə təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb edən mühüm hadisə idi. Belə mühüm müqavilənin imzalanması, bir tərəfdən, ölkədə yaranmış uzunmüddətli ictimai-siyasi sabitliyin göstəricisi idisə, digər tərəfdən, beynəlxalq aləmdə müstəqil dövlətimizin artan nüfuzu demək idi.

Ümummilli Liderin önəm verdiyi bütün məsələlər yalnız bir məqsədə - gənc müstəqil dövlətin hərtərəfli inkişafının təmin edilməsinə hesablanmışdı. Azərbaycanda, elə bir sahə yox idi ki, diqqətdən kənar qalsın. Aparılan bütün islahatlar xalqın milli düşüncə tərzinin, vahid azərbaycançılıq ideologiyasının inkişafına zəmin yaratdı. Xalqımız öz dahi rəhbərinin ətrafında sıx birləşməklə, möhkəm iradə nümayiş etdirdi və bütün sınaqlardan üzüağ çıxmağı bacardı.

Azərbaycan xalqı xoşbəxtdir ki, Ulu Öndərdən başlanılan BÖYÜK YOL bu gün Onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ən başlıcası Heydər Əliyev irsi, dahi rəhbərin ölməz ideyaları insanların şüuruna möhkəm həkk edilib. Bu gün hər birimiz yaxşı bilirik ki, Ulu Öndərimizin ideyalarına sadiq olmaqla müstəqilliyimizin daha da möhkəmlənməsinə dəyərli töhfəmizi əsirgəmirik. Azərbaycan bütün sahələrdə inkişaf edir, beynəlxalq layihələrin iştirakçısıdır, möhkəm siyasi və hüquqi dövlətçilik strategiyasına malikdir.

2016-cı ilin aprelin əvvəllərində düşmənin cəbhə xəttindəki təxribatlarının qarşısının alınmasında, bir neçə vacib yüksəkliyin işğaldan azad edilməsində, nəhayət, 30 illik torpaq həsrətinə Prezident İlham Əliyevin apardığı «Dəmir siyasəti» ilə Güclü Azərbaycan ordusunun igid əsgər və zabitlərinin rəşadəti nəticəsində İkinci Vətən Müharibəsi 44 gündə Qələbə Zəfəri ilə başa çatdı. Bütün bunlar isə 1993-cü il 3 oktyabr prezident seçkilərinin nəticəsi kimi qiymətləndirilir.

Bəli, Ümummilli Lider Heydər Əliyevin həyatı və gərgin fəaliyyəti bahasına dünyaya Günəş kimi doğan Azərbaycan, indi beynəlxalq arenada tarixi ənənələrlə müasirliyin ən bariz sintezidir. Bu sintez Ulu Öndər Heydər Əliyev müdrikliyi və xalqın birliyindən yaranıb... Bütün bunlar isə, 1993-cü il 3 oktyabr prezident seçkilərinin nəticəsi kimi qiymətləndirilir.

ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü

Digər xəbərlər