PREZİDENT İLHAM ƏLİYEV: "74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin və aparıcı texnologiyaların inkişafına töhfə verəcək"
Son illərdə beynəlxalq tədbirlərin, siyasi toplantıların əsas ünvanlarından birinə çevrilən Azərbaycanın daha bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin siyasi nüfuzunun təzahürüdür. Belə ki, Bakı oktyabrın 2-dən etibarən beş gün ərzində daha bir mötəbər tədbirə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməyə başlayır. Oktyabrın 6-dək davam edəcək Konqresə 100-dən artıq ölkədən 5 mindən çox nümayəndə qatılıb.
Azərbaycanın ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Bu dəfə ölkəmiz Konqresə müstəqil dövlət kimi ev sahibliyi edir. Bu, Azərbaycanın müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət və hörmətin parlaq göstəricisidir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası (IAF) ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq.
Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi barədə qərar 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda qəbul edilib. Belə ki, Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Həmin seçkilərdə Azərbaycan paytaxtı bu mötəbər tədbirə ev sahibliyi üçün namizədliyini irəli sürmüş Rio-de-Janeyro, Nyu-Dehli və Sinqapur kimi müasir və inkişaf etmiş şəhərləri geridə qoyaraq qalibiyyət əldə edib.
Prezident İlham Əliyevin 2022-ci il 7 fevral tarixli Sərəncamı ilə 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Enyi zamanda, Konqreslə əlaqədar ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Prezident İlham Əliyev tərəfindən başqa bir Sərəncam da imzalanıb. Həmin Sərəncama əsasən, bu mötəbər tədbirlər əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala biləcəklər.
Dövlətimizin başçısının 2022-ci il 7 fevral tarixli Sərəncamında kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazandığı vurğulanır. Eyni zamanda, Sərəncamda bildirilir ki, Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.
Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Azərbaycan Reüspublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər.
Dövlətimizin başçısı Konqresin açılış mərasimində çıxış edərək çox mühüm məsələrə toxunaraq, Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb.
SON 30 İLDƏ AZƏRBAYCANA 300 MİLYARD DOLLARDAN ARTIQ VƏSAİT QOYULUB
Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirib ki, son 20 ildə ümumi daxili məhsulumuzun 4 dəfə, büdcə gəlirimizin 30 dəfə, xarici ticarət dövriyyəmizin 10 dəfə artdığını deyən dövlətimizin başçısı bildirib: “Biz xarici borcumuzu ÜDM-in 10 faizinə endirə bilmişik. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq bu rəqəm 7-7,5 faiz olacaq. Xarici valyuta və qızıl ehtiyatımız ÜDM-dən 10 dəfə artıqdır. Yəni, biz istədiyimiz vaxtda və iki ay ərzində borcumuzu bağlaya bilərik”. Ölkəmizdə sərmayə mühiti çox müsbət olduğunu vurğulayan Prezident İlham Əliyev son 30 ildə Azərbaycana 300 milyard dollardan artıq vəsait qoyulduğunu deyib
"BİZ ŞƏHİDLƏR VERƏRƏK BMT-NİN QƏTNAMƏLƏRİNİN İCRASINI TƏMİN ETDİK"
Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəsi çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik: "Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu, bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda – bu gün biz bunların hamısını nümayiş etdiririk".
Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında söyləyib ki, üç il əvvəl biz əsas hədəfimizə nail olduq, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik: "Biz işğalın, etnik təmizləmənin qurbanı olmuşuq. Bu, bizim xalqımız üçün böyük faciə idi və böyük humanitar fəlakət idi. Biz uzun illər ərzində çalışırdıq ki, münaqişəni dinc yolla həll edək və işğala dinc yolla son qoyaq".
28 il ərzində danışıqlar prosesinə güclü sadiqliyimizi nümayiş etdirdiyimizi, lakin üç il əvvəl BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etdiyimizi vurğulayan dövlətimizin başçısı bildirib: "Biz 3 il bundan əvvəl ərazilərimizi işğaldan azad etdik, işğala son qoyduq. Ötən ay isə bütün ölkə ərazisində suverenliyimizi tam bərpa etdik".
Prezident İlham Əliyev təəssüflə vurğulayıb ki, münaqişəyə son qoymalı olan o beynəlxalq təşkilatlar bu istiqamətdə heç bir nəticə əldə etmədilər. “BMT-nin dörd qətnaməsi Ermənistan qoşunlarının ərazimizdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin bu qətnamələr 27 il kağız üzərində qaldı. Biz şəhidlər verərək bu qətnamələrin icrasını təmin etdik», - deyə dövlətimizin başçısı bildirib.
"AZƏRBAYCAN ETİBARLI TƏCHİZATÇI OLARAQ BEYNƏLXALQ BAZARLARA ENERJİ NƏQL EDİR"
"Bu gün enerji və nəqliyyat xəritələrinə baxsanız, o cümlədən boru kəmərlərinə nəzər salsanız, görəcəksiniz ki, burada Azərbaycanın izi var. Biz bir sıra layihələrin təşəbbüskarı olmuşuq və tərəfdaşlarımızla birlikdə onları uğurla həyata keçirmişik. Bununla da təkcə bizim bölgənin deyil, daha geniş regionun enerji təhlükəsizliyini təmin etmişik". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında söyləyib.
Bu gün enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyi məsələsinə bərabər olduğunu, onun vacib elementini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edir və Avropa İttifaqı tərəfindən PanAvropa təchizatçısı kimi dəyərləndirilir.
Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında vurğulayıb ki, bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib: "Azərbaycan XIX əsrin ortalarında dünyada neft hasil edən ilk ölkə olub. O zaman biz dünya neft hasilatının həcminin yarısını hasil edirdik. Ola bilər bir çox adam bilmir ki, dənizdə də ilk neft hasilatı Azərbaycan neftçiləri tərəfindən XX əsrin ortalarında həyata keçirilib".
"Bu gün müstəqil olduğumuz dövrdə bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib. Müstəqillik dövründə Azərbaycanın dinamik inkişafı onu nümayiş etdirir ki, biz öz sərvətlərimizdən düzgün istifadə etmişik”, - deyən dövlətimizin başçısı bildirib ki, ölkəmiz bu sərvətlərdən güclü iqtisadiyyat qurmaq üçün istifadə edib.
"AZƏRBAYCANIN ƏSRLƏR BOYU ÇOXMİLLƏTLİ, ÇOXDİNLİ, ÇOXKONFESSİYALI CƏMİYYƏTİ OLUB"
Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, əsrlər boyu Azərbaycanın çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub. 30 illik müstəqillik dövrümüzdə biz bu amilləri gücləndirmişik. Dövlətimizin başçısı bildirib ki, biz bunu sabitliyin, proqnozlaşdırmanın və bütün konfessiyaların nümayəndələri arasında birgəyaşayış nümunəsi hesab edirik. Biz bir vahid ailə kimi yaşayırıq.
Azərbaycan Prezidenti onu da söyləyib ki, eyni zamanda, Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edir. Avropa İttifaqının bir neçə üzvü ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb: "Bu, onu nümayiş etdirir ki, bizim xarici siyasətimiz açıqdır, əməkdaşlığa yönəlib və daha geniş regional inkişafa xidmət edir".
Azərbaycanın iki mühüm beynəlxalq təsisatın İƏT-in və Avropa Şurasının üzvü olduğunu xatırladan dövlətimizin başçısı vurğulayıb: “Azərbaycan azsaylı ölkələrdən biridir ki, hər iki təsisatın üzvüdür. Bu iki vacib təşkilat 100-dən artıq ölkəni birləşdirir”.
"AZƏRBAYCANIN QOŞULMAMA HƏRƏKATINA SƏDRLİYİNİN UZADILMASI ÖLKƏMİZƏ GENİŞ BEYNƏLXALQ DƏSTƏYİN TƏZAHÜRÜDÜR"
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi müxtəlif siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirak edir: «Dördüncü ildir ki, biz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bizim bu təşkilata sədrliyimiz yekdil qərarla - 120 ölkənin yekdil qərarı ilə uzadılıb. Bu, həqiqətən də Azərbaycanın malik olduğu geniş beynəlxalq dəstəyin təzahürüdür».
Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında vurğulayıb ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin və aparıcı texnologiyaların inkişafına töhfə verəcək.
Müasirləşmənin Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib”.
"Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun üzvüdür. Bu gün bizim iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peykimiz var". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında söyləyib.
Dövlətimizin başçısı bildirib: “Biz bu sahəni Azərbaycanda inkişaf etdirməyə davam edirik”.
Bir sözlə, 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi bir daha ölkəmizin nüfuzunun təzahüru olmaqla, Prezident İlham Əliyevin beynəlxalq miqyasda yüksək nüfuzunun və qlobal liderliyinin bariz nümunəsidir. Ona görə də Sinqapur, Braziliya və Hindistan kimi rəqiblər arasında Azərbaycana üstünlük verilməsi həm ölkəmizə olan etimadın, həm də inamın göstəricisidir.
RƏFİQƏ KAMALQIZI