Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə oktyabrın 5-də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyanın Qranada şəhərinə getməkdən imtina edib. Səbəb isə Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantısında iştirakla bağlı fikir ayrılığı olub. Belə bir şəraitdə Prezident İlham Əliyev: "Türkiyə yoxdursa..".
Bəli, bu Türkiyə və Azərbaycan liderlərinin qardaşlığı, iki dövlət bir yumruq həmrəyliyi birliyi, dar gündə, xoş gündə bir yerdə olması sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Bu sərhəd tanımayan qardaşlıq birliyidir.
Və hər yerdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələrə, o cümlədən Fransa və və onun yedəyində sürünən Almaniya rəsmilərinə öz yerlərini göstərirlər. Çünki, bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşlər Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilirdi və bu görüşlərdə nisbətən müsbət atmosfer formalaşmışdı.
Fransa Prezidenti Emmanuel Makron masada oturmağa başladıqdan bu yana Brüsselin vasitəçiliyində irəliləyiş olmayıb. Şarl Mişelin Makronun təzyiqi ilə masa iştirakçılarının sayını artırması yanlış qərar idi. Və Prezident İlham Əliyevin “masada Fransa və Almaniya varsa, Türkiyə də olmalıdır” tələbi də yerində olmaqla bir daha kimi kim olduğunu onlara bir daha çatdırmış oldu.
Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına bu dəyərlərin gücü ilə çıxırlar, onlara öz yerlərini göstərirlər. Və bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!
Çünki Azərbaycan xalqı bu sarsılmaz birliyin qüdrətinə 44 günlük şanlı Vətən müharibəsində gördü və bütün dünya bir daha şahid oldu. Və qələbədən də sonra Türkiyə həmişə olduğu kimi, yenə də haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım da geri çəkilmədi, daim Azərbaycanın yanında oldu.
Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın bu günlərdə BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycana verdiyi dəstəyə görə dövlət başçımız sosial şəbəkədə təşəkkürünü bildirib: «Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir. Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli anlarda da daim bir yerdədirlər. Beynəlxalq təşkilatlarda həmişə bir-birimizin haqlı mövqeyini müdafiə edirik. Şuşa bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siz də, mən də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan "Bir millət, iki dövlət" kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq».
Göründüyü kimi, atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. İllər öncə Ermənistanın qatil rəhbəri Praqada keçirilən, Türkiyənin təmsil olunmadığı “Şərq Tərəfdaşlığı” sammitində “dərə xəlvət, tülkü bəy” yanaşmasından çıxış edərək qardaş ölkənin ünvanına saxta ittihamlar, hədyanlar söyləyəndə Azərbaycan Prezidenti İlham Əliyev “Türkiyə burda yoxsa da, mən burdayam və sizin cavabınızı verəcəyəm”, söyləməklə dünyanı mat qoymuşdu, eyni zamanda bütün Türk dünyasının ürəyini fəth etmişdi. Eyni zamanda Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”, mövqeyi ilə Türk birliyi mesajını verdi dünyaya.
Bir sözlə, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, ümumiyyətlə dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri həm xalqlarımız, həm də dünya birliyi üçün əsl nümunədir. Və Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan dostluq və qardaşlığı maraqlar, mənfəətlər üzərində qurulmayıb, quru sözlərdən ibarət deyil, sözdə, əməldə, konkret fəaliyyətdədir.
Bu yerdə Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı haqqında səsləndirdiyi səmimi sözlər bir liderin digəri haqqında rəyindən də çox, bir insanın öz doğma qardaşının uğurları ilə qürur duyması qədər xoş, sevindirici və fərəhlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında dediyi fikri bir daha demək yerinə düşər: «Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən... Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm”.
Bir sözlə, bu gün tarixi sınaqlardan çıxmış Güclü Azərbaycan - Güclü Türkiyə liderlərinin örnək qardaşlıq birliyi bütün dünyanın diqqətindədir. Sözsüz ki, bu danılmaz faktordur ki, bütün bu qardaşlıq münasibəti ulu öndər Heydər Əliyevin söylədiyi «Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir» və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi. Və bu gün bu iki güclü Liderlərin şad gündə, dar gündə bir-birinin yanında olması bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da bir olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir və bundan sonra da birlikdə addımlayaraq, növbəti parlaq qələbələrə, zəfərlərə imza atacaqlar. Və bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü