PDF Oxu

Araşdırma

  • 6 371

Zəfər zirvəsindən 20 ilə baxış - TƏHLİL

image

15 OKTYABR 2003-CÜ İL - Xalq sözü imzası qədər dəyərli olan Liderə səs verməkdə yanılmayıb

Bu gün çox mühüm bir siyasi hadisələrin astanasındayıq. Dünyanın templi ictimai-siyasi həyatı xalqımız və dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisə –15 oktyabr 2003-cü il. Azərbaycan xalqı ilk dəfə 2003-cü ildə cənab İlham Əliyevə səs verməklə Heydər Əliyev siyasi kursunun davamına, xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək verdi. Bu, ilk növbədə, xalqın müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevə olan inamının göstəricisi idi. Çünki dahi şəxsiyyət seçkilərdən öncə - 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edərək tam əmin idi ki, müstəqil Azərbaycanın işıqlı gələcəyi üçün məyyənləşdirdiyi inkişaf konsepsiyasını məhz cənab İlham Əliyev uğurla davam etdirərək reallığa çevirə bilər: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ümummilli liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək səsvermə hüququna malik olan vətəndaşların 71.5%-i Yeni Azərbaycan Partiyasının namizədi, partiya Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev cənablarına səs verməklə bir daha xalqın düzgün seçim etdiyini təsdiqlədi. Azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərin səsini qazanaraq, yəni 76.84% faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.

BU GÜNÜN ZİRVƏSİNDƏN ÖTƏN 20 İLƏ - AZƏRBAYCANIN MİSİLSİZ UĞURLARINDA PREZİDENT İLHAM ƏLİYEV İMZASI

Bəli, bu günün zirvəsindən dönüb ötən 20 ilə nəzər saldıqda Azərbaycanın nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının canlı şahidi oluruq. Həmin dövrü Azərbaycanın yeni və parlaq inkişaf mərhələsi, Prezident İlham Əliyevin isə onun memarı adlandırılması üçün bütün əsasların olduğunu indi hamı birmənalı şəkildə etiraf edir. Çünki həyat sübuta yetirdi ki, Azərbaycan xalqı 2003-cü ildə tariximizin yeni mərhələsinin ən mühüm qərarını qəbul edərək, ölkəyə Heydər Əliyev miqyasında siyasətçidən sonra yeni lider və prezident seçərkən özünə xas müdrikliyinə əsaslanan yeganə düzgün seçimini edə bilmişdir. Bu yeni əsrin Qalib Lideri Prezident İlham Əliyev cənablarıdır.

Bəli, ulu öndərin başa çatdıra bilmədiyi taleyüklü məsələlər bu gün reallaşmaqdadır. 2003-cü ildən bu günə qədər Azərbaycan sürətli inkişaf dövrü yaşayır və ümummilli lider Heydər Əliyev siyasəti davam etdirilir. Və bu 20 il ərzində, ulu öndər Heydər Əliyevin demokratik-hüquqi və dünyəvi dövlət quruculuğuna yönəldilmiş müstəqillik siyasətini qətiyyətlə həyata keçirən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi.

Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. 5 ildə gördüyü işlər Onun 2008-ci il 15 oktyabr prezident seçkilərində 88,73 faiz səs qazanmasına imkan yaratdı. 2013 və 2018-ci il prezident seçkilərində də qələbəsini təkrarlaması hər bir vədini konkret əməli işdə təsdiqləməsi ilə şərtləndirdi. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Bəli, bu gün Azərbaycan dünyada güclü, qüdrətli ölkə olaraq hər bir sahədə sözünü deyir. Məhz Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılmaz mexanizmi yoxdur.

Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü ilə kimi hərəkata 4 il sədrlik etməklə bir ilkə imza atıb. Belə ki, ölkəmizin son üç ildə istər İkinci Qarabağ müharibəsi, istərsə də COVID-19 pandemiyası ilə mübarizə dövründə qazandığı uğurlar, atdığı addımlar ona olan etimadın daha da yüksəlməsini şərtləndirdi. atdığı addımlar ona olan etimadın daha da yüksəlməsini şərtləndirdi.

Ordu quruculuğu məsələlərinin dövlət siyasətinin prioriteti kimi müəyyən olunması illər sonra öz nəticəsini göstərdi və Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı.

MƏĞRUR, YENİLMƏZ XALQ OLMAĞIMIZLA FƏXR EDİRİK

Bu gün Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə xalqa təbrikində Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu da xüsusi qeyd etmişdir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu Qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı.

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz” sualını belə cavablandırmışdır ki, hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm: «Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.”

SON 20 İL – QALİBİN MƏĞLUB ÜZƏRİNDƏ QƏLƏBƏSİNİN QALİB LİDERİ İLHAM ƏLİYEV

Dövlətimizin başçısı həmişə bildirir ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Buna görə də son 20 il Prezidentlik fəaliyyəti ərzində Ali Baş Komandanımız “bir qarış torpağımızı belə heç kəsə verən deyilik” xəbərdarlığının bu gün Azərbaycan xalqı, bütün dünya bir daha gördü ki, Qarabağ Azərbaycandır!

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan bu missiyanı da şərəflə yerinə yetirdi. Cənab İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, işğalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. Noyabrın 10-da imzalanan Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi anın dünyaya təqdimatı oldu.

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Bəli, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. 44 günlük Zəfər Qələbəsi «Qarabağ Azərbaycandır və nida işarəsi»-söyləyən Prezidentimiz son 20 ildə - hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdiyinin sübutudur.

Artıq Heydər Əliyev siyasətinin uğurları, ən əsası Ümummilli Liderin 1 oktyabr 2003-cü il müraciətində əksini tapan çağırışların aydın ifadəsi bugünkü reallıqlarımızdır. Bu gün artıq Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını böyük qürur hissi ilə qeyd edirik. Bu gün ölkəmizin həyatında yeni mərhələ - işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri uğurla davam edir. Qarabağımız cənnət məkana çevrilir. Torpaqlarımız sahibinə qayıtdıqları, biz də o torpaqlara qovuşduğumuz üçün qürurluyuq. Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı! Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir.

Beləliklə də, 2003-2023-cü il tariximizin inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələsi olmaqla Azərbaycan bundan sonra da növbəti illərdə də möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər