Müasir Azərbaycan dövlətinin siyasi yüksəlişinin növbəti mərhələyə keçid etməsindən, möhtərəm cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsindən 20 il ötür. 2003-cü ilin bugünkü günü, 15 oktyabr tarixində demokratik qaydada keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi, partiya Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərin səsini qazanaraq, yəni 76.84% faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”;
Beləliklə də, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verməklə ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi, ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Davamlı inkişafın və uğurların təməlində duran siyasi peşəkarlıq. Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır.
Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi statusunu təsbit etdi. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.
Prezident İlham Əliyevin fəaliyyətinin ən parlaq səhifəsini Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpa olunması təşkil edir. Prezident, Ali Baş Komandan İlham Əliyev 30 il həsrətində olduğumuz "Qarabağ Azərbaycandır"ımızın "Dəmir yumruq" siyasəti ilə Güclü Ordumuzun igid əsgər və zabitlərimizin qəhrəmanlığı ilə 44 gündə qovuşmağımız, məhz Ulu Öndər Heydər Əliyev siyasətinə sadiqliyinin, xalqına verdiyi vədlərin göstəricisidir. Ən əsası isə milli mənafeyi naminə, məlum məkrli qüvvələrin təzyiqlərini göz önünə alaraq, torpaqlarımızın işğalına son qoyan Ali Baş Komandan Ermənistanı döyüş meydanında məğlub etməklə illərlə davam edən Qarabağ münaqişəsini tarixə qovuşdurdu. Tariximizə yenidən Zəfər sözü yazan bir sərkərdə, dövlətin ərazi bütövlüyünü təmin edən xilaskar oldu. Bu gün qalib ölkənin qalib xalqı kimi qürurla “Qarabağ Azərbaycandır”- deyə bilirsə, bu, uzun illər ərzində həyata keçirilən məqsdəyönlü siyasətin, Müzəffər Ali Baş Komandanın illərlə verdiyi zəhmətin və məhz onun dövründə formalaşmış qalib Azərbaycan əsgərinin, Azərbaycan xalqının birliyidir. Bu birlik bizə güclü Azərbaycanı, güclü ordunu və ən nəhayət, həsrətində olduğumuz Qələbəni bəxş etdi. Şuşanın azad edilməsindən sonra - 2020-ci il noyabrın 8-də “Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” fikirləri ilə xalqa müraciət edən Prezident İlham Əliyev bütün bunları yalnız bir atanın oğluna etdiyi vəsiyyət olaraq yerinə yetirmədi. Həm də ulu öndər Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirən böyük lider, həm də bir Prezident kimi xalqına verdiyi vədi yerinə yetirdi. Ona olan inamın qırılmasına nəinki imkan vermədi, onu getdikcə daha da gücləndirdi. Bu gün Azərbaycan bu inamın sayəsində güclənərək inkişaf edir. Bütün bunlar onun göstəricisidir ki, Prezident İlham Əliyevin fəaliyyəti hər bir sahədə əhəmiyyətli və kompleks səciyyə daşıyan uğurların qazanılmasını şərtləndirib. Dövlət başçısının xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, Onun hər bir azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" vədinin mütləq surətdə reallaşdığını bir daha təsdiqləyir. Bir sözlə, son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlar deməyə əsas verir ki, Azərbaycan bundan sonra da sürətlə inkişaf etməyə davam edəcək və daha neçə-neçə yeni uğurlara imza atacaqdır.
MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin deputatı