Yaxud, qərəzli qətnamə Azərbaycan üçün bir kağız parçasıdır
Bəli, yenə də eyni ssenari, eyni istiqamət - Avropa Parlamenti növbəti dəfə ermənipərəst mövqe nümayiş etdirərək, Azərbaycana qarşı tamamilə yalanlardan ibarət növbəti qətnamə qəbul edib. Prezident İlham Əliyev cənablarının söylədiyi kimi, bu mənasız kağız parçaları o qədərdir ki, sayı da yaddan çıxıb: "Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam".
Bu sözügedən təşkilatın həqiqətləri görməzdən gələrək ölkəmizə qarşı nə birinci, nə də sonuncudur. Burada yadıma küçə uşaqlarının işlətdikləri söz düşdü: «bez prizovnıy»…. Əvvəldən sona qədər yalanlardan ibarət olan kağız parçasında mütəmadi olaraq, guya 2020-ci il sentyabrın 27-də Azərbaycanın Ermənistana "təcavüz etdiyi" yazılır. Əslində isə, həmin tarixdə Ermənistan üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, bizə qarşı hücuma keçməyə cəhd göstərmişdi. Nəticədə, Azərbaycanın güclü Ordusu növbəti dəfə onları darmadağın etdi və bu gün əldə etdiyimiz uğurlar, o cümlədən 44 günlük Vətən müharibəsindəki tarixi faktları, real həqiqətləri inkar etməklə nəyəsə nail olmağın mümkünsüzlüyü 44 gündə 30 ilin işğalına son qoyulması ilə tarixi Zəfər düşmənlərimizi və onların xarici havadarlarını yasa qərq edib. Buna görə də hər fürsətdə Azərbaycana qarşı addıma, müxtəlif çirkin vasitələrə əl atan Avropa Parlamenti «erməni sevgisini» nümayiş etdirmək üçün 5 oktyabr tarixində qəbul edilmiş qətnaməsi də buna daha bir sübutdur. Heç bir fakt və rəqəm ortaya qoyulmadan Fransanın təşəbbüsü ilə qəbul edilən qətnamə başdan-ayağa qərəz və ikili standartlardan irəli gələn qərar kimi qiymətləndirilməlidir. Ən əsası isə, insanların ərazidən könüllü şəkildə çıxmasını “etnik təmizləmə” adlandırmaq isə həyasızlığın və riyakarlığın pik həddidir. Çünki “etnik təmizləmə”ni 30 il əvvəl məhz Ermənistan azərbaycanlılara qarşı həyata keçirib.
Ondan əvvəl isə bu siyasət əzəli Azərbaycan torpaqları olan və indi Ermənistan adlanan ərazidə həyata keçirilib. 200 minə yaxın insan əsrlər boyu yaşadıqları dədə-baba yurdlarından qovulub, hüquqları pozulub, yüzlərlə insan qətlə yetirilib. İndiyə qədər də pozulan hüquqları ilə bağlı hər hansı bir qərar qəbul edilməyib. Eyni zamanda, BMT tərəfindən Azərbaycanın torpaqlarının işğaldan azad olunması barədə dörd qətnamə qəbul olunsa da, heç biri reallaşmayıb. Və Azərbaycan erməni təxribatlarına cavab verməyə məcbur qalaraq 2020-ci il sentyabrın 27-də müharibəyə başladı və onlar 44 gün ərzində Azərbaycanı sanksiyalarla hədələməkdən tutmuş hərbi müdaxilə ilə qorxutmağa qədər getdilər. Ancaq nəticə nə oldu: özləri dedilər, özləri də eşitdilər. Bütün bunlar onu göstərir ki, Avropa Parlamentinin məqsədi insan hüquqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülhü təşviq etmək deyil, regionda gərginliyi körükləməkdir. Əminliklə deyə bilərik ki, müharibələrə, işğallara, insan iztirablarına, ölkələrin ərazi bütövlüyü və suverenliyinə etnik və dini simpatiya əsasında yanaşan irqçi, islamofob, Azərbaycanofob Avropa Parlamenti Avropanın utanc mənbəyidir.
Və bu qətnamə də əvvəlki qətnamələrdən fərqlənmir və qətnamədə əksini tapan fikirlərin tamamilə əsassız ittihamlar və tələblərdir. Hamıdan qanun tələb edən bu «qoca təşkilat» niyə özü qanunlara tabe deyil. Avropa Parlamentinin üç əsas səlahiyyəti var: Avropa İttifaqına dair qanunlar qəbul etmək, həmin qanunların yerinə yetirilməsinə nəzarət etmək və Avropa İttifaqının büdcəsinin icrasına nəzarət etmək. Bu səlahiyyətlər Avropa İttifaqına üzv ölkələr tərəfindən müəyyənləşdirilib. Azərbaycanla bağlı qətnamə qəbul etmək isə Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil. Buna görə də bu qətnamənin qəbulu yersizdir və suveren bir dövlətin daxili işlərinə müdaxilədir. Daha doğrusu, son illər Avropanın bəzi ölkələrində Azərbaycana qarşı münasibətin dəyişməsi respublikamızın əldə etdiyi böyük nailiyyətlərlə əlaqədar yaranan qısqanclıqdan, paxıllıqdan irəli gəlir. Avropanın ən böyük tədbirləri Azərbaycanda keçirilir. Azərbaycan dünyada görünməmiş qələbəyə – 30 il həsrətə 44 gündə qalib gəlməsi, işğaldan azad olunan torpaqlarda böyük bərpa və quruculuq işlərinin aparılması, özü də öz gücünə, heç kimdən kömək istəmədən. Bu, qısqanclığın, paxıllığın və xüsusilə erməni diasporunun təsirinin nəticəsidir. Avropa Parlamentinin özü korrupsiyaya bulaşmış bir qurumdur. Bu qurumun üzvlərinin nə ilə məşğul olduqları hamımıza çox yaxşı məlumdur.
Bu gün dövlətimizin başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərdən, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, xüsusilə ordumuzun güclənməsindən qorxuya düşən erməni diasporu hərəkətə keçib və qərəzli addımların atılmasında onun böyük rolu var. Avropa 50-60 min qaçqının əlində qalıb, hansı qərarı qəbul etmək barədə çətinlik çəkir. Ancaq görün Azərbaycan 1 milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli istiqamətində hansı işləri görüb?! Bu sahənin idarə olunması Prezident İlham Əliyev tərəfindən tam təmin edilib. Təsadüfi deyil ki, BMT-nin qaçqınlar üzrə ali komissarı Azərbaycan Prezidenti tərəfindən bununla bağlı görülən işlərin dünya üçün bir nümunə olduğunu deyir. Bu gün biz Avropada qaçqınlarla nə dərəcədə kobud rəftar edilməsinin şahidi oluruq. Özləri isə insan hüquqlarından, demokratiyadan danışırlar. 30 ildən çoxdur ki, bizim 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün hüquqları pozulur. Avropa Parlamenti niyə susur?! Avropa Parlamenti Azərbaycanda konkret cinayət əməllərinə görə qanunvericiliklə mühakimə olunan iki-üç nəfərin hüquqlarının pozulduğunu deyir. Məgər Avropa ölkələrində cinayət törədənlər məhkəmə qanunu ilə mühakimə olunanda onların hüquqları pozulur?! Niyə onlar Avropa ölkələrində polisin insanlara qarşı tətbiq etdiyi zorakılıqdan, Ermənistanda insanlara qarşı həyata keçirilən kütləvi zorakılıqdan danışmırlar?! Budur, onların iç üzü. Bu, riyakarlıqdır, ikiüzlülükdür. Azərbaycanda insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının tam təmin olunduğu bir vaxtda reallığı əks etdirməyən belə bir qətnamənin qəbul olunması yolverilməzdir.
Bir sözlə, Azərbaycan dövlətinin və xalqının qarşısını belə uydurma qətnamələrlə almaq mümkün deyil. Çünki buna qədər qəbul olunan bu qərəzli qətnamələr Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil. Bizim işimiz haqq işidir. Biz öz mövqelərimizi istənilən səviyyədə müdafiə edirik və Azərbaycan Prezident İlham Əliyevin bu istiqamətdəki siyasəti xalq tərəfindən birmənalı olaraq dəstləklənir.
Dövlət başçımızın dediyi kimi: «Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma ölkəmizdə hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır». Bu sözlər də Prezident İlham Əliyevin ikili standartlardan yararlananları ədalətə çağırışıdır.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü