PDF Oxu

Araşdırma

  • 5 389

Xalqın iradə və istəyinin reallaşdığı gün - 15 OKTYABR 2003-CÜ İL

image

2003-cü ilin 15 oktyabr tarixində Cənab İlham Əliyevin Prezident seçilməsi...

Müasir Azərbaycan dövlətinin siyasi yüksəlişinin növbəti mərhələyə keçid etməsindən, möhtərəm cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsindən, 20 il ötür. 2003-cü ilin 15 oktyabr tarixində demokratik qaydada keçirilən seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 71.5%-i (3,046,401 vətəndaş) iştirak etmişdir. Seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi partiya Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev olmuşdur. Azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərin səsini qazanaraq, yəni 76.84% faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident İlham Əliyev bundan öncə Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Cənab İlham Əliyevin yürütdüyü xarici diplomatiya həm də Azərbaycanın haqq səsinin dünyaya daha geniş arealda yayılmasını şərtləndirdi. Onun AŞ PA-dakı fəaliyyəti, təklifləri və hazırladığı sənədlər Ermənistanın Azərbaycana qarşı təcavüzünün bir daha beynəlxalq təşkilatlar səviyyəsində tanınması ilə nəticələndi. AŞ PA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərdi. Məhz cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olundu, Azərbaycanın ayrılmaz parçası olan Qarabağ haqqında, münaqişə barədə Qərb dünyasında obyektiv rəy formalaşdı. Cənab İlham Əliyevin münaqişə ilə bağlı hazırladığı sənədlər qətnamələrə çevrildi. Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələri qəbul edildi. Dünya Azərbaycanın haqq səsini eşitdi.

Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən cənab İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərmişdir. Həmçinin 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına cənab İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır. Bütün bu uğurlu fəaliyyətlər isə cənab İlham Əliyevin seçkilərdə qalib gəlməsini şərtləndirən ən əsas amillər olmuşdur.

1993-2003-cü illərdə Ulu Öndər ölkəmizin uğurlu inkişafını təmin etmişdi. Digər dövlətlərin, bəlkə də, 50 ildə qazana bilmədiyi uğurlara Azərbaycan 10 il ərzində nail olmuşdu. Lakin onun hələ tamamlanmamış çox perspektivli layihələri, görüləsi işləri var idi. Təəssüf ki, dahi şəxsiyyətin səhhətində yaranan problemlər başladığı işləri tamamlamağa imkan vermirdi. Məhz belə bir tarixi məqamda Azərbaycan xalqı cənab İlham Əliyevin simasında öz yeni liderini görürdü.

"Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"

Bəli, dahi lider Heydər Əliyev bilirdi ki, liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilir. Bütün bunları nəzərə alan dahi lider 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan etdi. Xalqa müraciətində Ulu Öndər onu sevənləri siyasi varisi cənab İlham Əliyevi dəstəkləməyə çağırdı: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
1993-cü ildə təkidli tələbi ilə Ulu Öndəri Azərbaycana çağırıb özünə xilaskar Lider seçən Azərbaycan xalqı təbii ki, Heydər Əliyevə inanırdı, güvənirdi. Ona görə də seçkilərdə prezidentliyə namizədliyi irəli sürülən cənab İlham Əliyevə böyük dəstək göstərərək ona etimad mandatı verdi. Xalq cənab İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi idi.
Prezident kimi fəaliyyətə başlayan cənab İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi.

Cənab İlham Əliyev və siyasi varisliyin təntənəsi

"Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm",-deyən Azərbaycan Prezidenti İlham Əliyevin qalib lider olaraq bütün öhdəliklərini reallaşdırmaqdadır. Məhz Heydər Əliyev dühası və onun varisi İlham Əliyevin idarəetmə bacarığı sayəsində Azərbaycan bütün təhdidlərə rəğmən hazırda dünyanın ən islahatçı, sabit inkişaf edən və real müstəqilliyi olan ölkələrindən biridir. İlham Əliyev təkcə dünənin və bu günün deyil, həm də gələcəyin lideridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə idarəetmədə aparılan islahatlarda əvvəlcə məmur-vətəndaş təmaslarından elektrona, indi isə elektrondan rəqəmsala keçid baş verir. Eyni zamanda, dövlət idarəetmə islahatları məcburetmədədən könüllü riayətə, imperativ idarəetmədən tənzimlənməyə, yoxlamadan monitorinq və qiymətləndirməyə və “kölgə iqtisadiyyat”dan leqallaşmaya keçidi təmin edir. Çünki İlham Əliyevin dövlətlə, dövlətin inkişafı ilə bağlı baxışları məlumdur. Onun bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir. O, fəaliyyətində ardıcıl və praqmatikdir, rasional və səmimidir. Onu fərqləndirən cəhət budur. Cənab İlham Əliyev fəaliyyət dairəsi məhdud olan məmur deyil, əksinə, geniş baxışlara malik siyasətçidir. Onun üstünlüyü bundadır. Bütün bunlar cənab İlham Əliyevə Azərbaycanı arzuladığı və bəyan etdiyi kimi müasir dövlətə, əhalisinin sosial rifah halında cəmiyyətə çevrilməsinə imkan verəcəkdir.

Müdrik Lider, Qalib Sərkərdə Ali Baş Komandan

Son 20 il – bütün dünya qalibin məğlub üzərində qələbəsinin qalib lideri Prezident İlham Əliyev məhz dahi şəxsiyyət Heydər Əliyevdən öyrəndiyi siyasi kursu, daxili və xarici diplomatiyanı necə reallaşdırdısa, cəmi 20 ildə adını dünyada ən islahatçı Prezident, etibarlı tərəfdaş, sözünə və vədinə sadiq barışdırıcı lider, ən arzuolunan dövlət başçısı, qlobal miqyaslı layihələrin müəllifi və Müzəffər Ali Baş Komandan kimi tanıtmağa müvəffəq oldu. Son 20 ildə Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən liderdir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı necə mahir doplomat və sərkərdə qabliyyətini ortaya qoydu. 30 ilə yaxın zaman müddətində həll olunmayan qondarma "Dağlıq Qarabağ" probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci il tariximizə Qələbə ili ilə Azərbaycan tarixinə yazıldı. Və Azərbaycan 44 gündə son əsrlərin ən böyük zəfərini yaşayır və ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Vətən Müharibəsinin 44 günü ərzində "Qarabağ Azəbaycandır» və QƏLƏBƏ NİDA-sını qoyan və bununla da tariximizə ən parlaq səhifəsini yazmaqla bir daha sübut etdi ki, bu qalibin məğlub üzərindəki - Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin diplomatik və qətiyyətli siyasətinin, Güclü Ordumuzun, Rəşadətli əsgər və zabitlərimizin qələbəsidir. Bu, haqqın qələbəsidir. Bu, Azərbaycan xalqının qələbəsidir. Bu sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən tarixi qələbəsidir! Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməklə yanaşı Ali Baş Komandanımız 44-cü günün son həftə sevincini də xalqına çatdıran Azərbaycan Prezidenti İlham Əliyev cənablarının "Biz öz Vətənimizə, doğma Qarabağımıza qaydırıq!" xəbəri Azərbaycan xalqına verdiyi ən böyük müjdəsidir!

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".Bu 44 gün həm də Ulu Öndər Heydər Əliyevin Prezident İlham Əliyev haqqında dediyi "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikirlərin hər keçən gün bir daha öz təsdiqini tapır. Bəli, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. 44 günlük Zəfər Qələbəsi «Qarabağ Azərbaycandır və nida işarəsi»-söyləyən Prezidentimiz son 20 ildə - hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdiyinin sübutudur. Ən əsası isə, noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazılan tarixidir.

Prezidentin böyük dəstəkçisi, ən sadiq silahdaşı

Ötən 20 ildə Prezident İlham Əliyevin ən böyük dəstəkçisi, ən yaxın silahdaşı isə ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva olub. Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım kimi üzərinə düşən missiyanın məsuliyyətini dərindən dərk edərək ölkə üçün taleyüklü məsələlərin həllində cənab İlham Əliyevlə birgə addımlayıb. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın çoxşaxəli və genişəhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafında çox böyük çəkiyə malikdir. Prezident İlham Əliyevin bütün layihələrinin uğurla reallaşmasında böyük dəstəyi olan Mehriban xanım Əliyeva bu gün Müzəffər Ali Baş Komandanla birgə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında əvəzsiz xidmətlər göstərir.

Beləliklə, xalq son 20 ildə Cənab İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olması vədinin mütləq surətdə reallaşdığını bir daha gördü və yekdilliklə seçdiyi, ətrafında sıx birləşdiyi Prezidentinə inanır və güvənir. Çünki Prezident verdiyi hər bir vədi yerinə yetir, Azərbaycanın dünya birliyində əlaqələrinin daha da möhkəmləndirilməsi, əhalinin sosial rifahının gündən-günə yaxşılaşdırılması və Vətənin təhlükəsizliyinin təmin olunması istiqamətində bütün imkanlardan səmərəli istifadə edir. Və əminik ki, bundan sonra da ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya örnək olacaq səviyyədə daha möhtəşəm uğurlara imza atacaq.

ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü

Digər xəbərlər