Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək və Onun Azərbaycançılıq məfkurəsini təbliğ edən Heydər Əliyev Fondu milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılanması, dövlətin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası prosesi kimi ali dəyərlərə xüsusi olaraq diqqət yetirərək bu istiqamətdə böyük layihələr həyata keçirir. Azərbaycanın məxsusi dəyərlərini, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycanın ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarların təşkilində, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına önəm yetirir.
Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Onun bütün nəsillərə örnək olan irsini təbliğ etmək məqsədi ilə fəaliyyətə başlayan Heydər Əliyev Fondu Azərbaycanın sosial inkişafına xidmət edən genişmiqyaslı proqram və layihələrin icraçısına çevrilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və məqsədyönlü fəalliyyəti nəticəsində Fond fəaliyyəti dövründə müxtəlif sahələri əhatə edən çoxsaylı layihələr reallaşdırmış, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurmuşdur. Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri - "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəb" proqramları, "Təhsilə dəstək" layihəsi qısa bir zaman məsafəsində böyük uğurlara səbəb oldu. Heydər Əliyev Fondunun xüsusi diqqət yetirdiyi prioritet sahələrdən olan ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasıdır.
Mehriban Əliyeva azərbaycançılıq ideyalarının çarçısı olaraq Azərbaycandan kənarda da amalını gerçəkləşdirmək yönümündə irimiqyaslı layihələri ilə çıxış edir. Onun böyük təşəbbüsü ilə müasir dövrümüzdə fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Sözsüz ki, belə bir dövlətlərdə nümayəndəliklərin yaranması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətlidir.
Yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda milli-mənəvi dəyərlərinin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq məxsusisiliyinin dünyəviləşməsi istiqamətində Mehriban Əliyevanın gördüyü işlər kifayət qədərdir. Fondun fəaliyyət göstərdiyi sahələrdən biri də elm və texnologiyadır. Azərbaycan həqiqətlərinin internet şəbəkəsi vasitəsilə dünyaya yayılması və xalqımızın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədi ilə Fond tərəfindən materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə istifadə olunmuş internet texnologiyalarına görə ölkəmizdə analoqu olmayan "Azərbaycan" internet portalı yaradıldı. Azərbaycan, ingilis və rus dillərində tərtib olunan "Azərbaycan" portalı ölkəmizin beynəlxalq aləmdə təbliği işinə, dünyada Azərbaycan haqqında tam, həqiqi və dolğun təsəvvür yaradılmasına böyük kömək göstərir. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən müxtəlif saytlar və multimedia diskləri hazırlandı. 2005-ci ildən başlayaraq Azərbaycan, ingilis və rus dillərində Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətlərinə həsr olunmuş saytlar, multimedia diskləri, həmçinin Fondun fəaliyyətini əks etdirən sayt yaradılaraq ictimaiyyətin istifadəsinə verildi.
Heydər Əliyev ideyalarını daşıyıcısı olmaq vəzifəsini üzərinə götürən Mehriban Əliyeva Dahi Şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar nəşr etdirməyi də diqqətdən kənarda saxlamayaraq "Görkəmli şəxsiyyətlərin həyatı" silsiləsindən Azərbaycan, rus, ingilis və fars dillərində "Heydər Əliyev" kitabı çap olundu. Daha sonra Ulu Öndərin kəlamları toplanmış ikicildlik "Heydər Əliyev. Müdrik fikirlər" kitabı işıq üzü gördü. Azərbaycan haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa önəm verən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələr sırasında "Qarabağ həqiqətləri" bukletlər toplusunun nəşri xüsusi əhəmiyyətə malikdir. Qarabağın tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə dəyən ziyan, Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdiyi terror aktları haqqında faktları əks etdirən və ingilis, fransız, alman, rus, macar dillərində nəşr olunmuş bukletlər indiyədək bir çox xarici ölkələrdə yayılmışdır. "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və digər tarixi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir.
AZƏRBAYCANA QARŞI MÜHARİBƏ: MƏDƏNİ İRSİN HƏDƏFƏ ALINMASI
"Qarabağ həqiqətləri" silsiləsinin davamı olaraq 2007-ci ildə Heydər Əliyev Fondu Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edən "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində nəşr etdirdi. Kitaba işğal olunmuş rayonlarımızdakı mədəni sərvətlərimizin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində və işğal altındakı bölgələrimizdəki tarixi və mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyətini əks etdirən videomateriallar əlavə olunub. Rus alimi, yazıçı-tarixçi, professor Rudolf İvanovun "Bəyazidin müdafiəsi: həqiqət və yalan", "Əlahəzrətin general - adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan", "Sovet İttifaqı adından" kitabları rus dilində nəşr olunub.
Heydər Əliyev Fondu nəşrləri sırasında fransız dilində çap edilən "Azərbaycan" kitabı xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, etnoqrafik xüsusiyyətlərini əks etdirməklə yanaşı, ölkəmizin keçmişini və bu gününü, müasir simasını da təcəssüm etdirir. Bu kitab oxucuda ölkəmiz haqqında əyani təsəvvür yaratmaq, onu tanımaq və sevmək baxımından çox böyük əhəmiyyətə malikdir. Kitabda paytaxt Bakı ilə bərabər, bütün bölgələr barədə şəkillər və materiallar əksini tapmışdır. Ölkəmizin qədim tarixinin, memarlığının, mədəniyyətinin bütün tərəfləri ilə əks olunduğu "Azərbaycan" nəşri ilə tanışlıq respublikamız və paytaxt Bakı haqqında dolğun təəssürat yaratmaqla, onun mədəniyyətlər və sivilizasiyaların qovuşuğunda yerləşməsindən xəbər verir. Qədim tarixi olan Azərbaycan zəngin mədəniyyətə və incəsənətə malikdir, müxtəlif sivilizasiyaların kəsişməsində yerləşir. Azərbaycan öz mədəniyyətində müxtəlif sivilizasiyalara məxsus aspektləri əks etdirir. Buraya Yaxın Şərq, rus, yəhudi və digər xalqların mədəniyyət aspektləri daxildir. Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti və mətbəxi onun yaxın qonşuluq siyasətində mühüm rola malik olmasını sübut edir.
Fondun prezidenti Mehriban Əliyevanın fəaliyyətində bu strateji istiqamətlərdə möhtəşəm layihələr davam edir. Göründüyü kimi, Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin təbliği sahəsində gördüyü işlər əvzsizdir. Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən qədim ölkə olan Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə bu şəkildə yanaşma yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr vermişdir. Bu proses indi də davam edir. Heydər Əliyev Fondu Azərbaycanın beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına öz töhfələrini verir. Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə www.shusha.today portalı hazırlanıb.
Portalda Şuşa şəhərinin yarandığı gündən işğal olunduğu dövrə qədərki tarixi, ermənilərin Şuşa şəhərini işğal etməsi, 44 günlük müharibə, Şuşanın işğaldan azad edilməsi barədə, burada anadan olan və yaşayan tarixi şəxsiyyətlərlə bağlı məlumatlar yer alıb.
"TOLERANTLIĞIN ÜNVANI – AZƏRBAYCAN"
"Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində dini abidələrdə bərpa işləri aparılıb. Erməni vandallığı nəticəsində dağıdılan dini-tarixi abidələrimizin yenidən qurulması və bərpasına Heydər Əliyev Fondu töhfələrini verir. Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilmişdir. Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan türbələri yüksək səviyyədə bərpa edilmişdir. Bu sırada paytaxtın Buzovna qəsəbəsində "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində əsaslı təmir və yenidənqurma işləri aparılmış, Qəbələdə isə yeni məscid inşa olunmuşdur.
Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələrindən olan "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.
DAĞIDILAN DİNİ-TARİXİ ABİDƏLƏRİMİZƏ YENİDƏN VERİLƏN HƏYAT
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində mədəni abidələrimiz dağıdılmış, işğal edilmiş ərazilərdə qeyri-qanuni aparılmış qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar ermənilər tərəfindən mənimsənilmişdir. Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıb, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikmişdir. Erməni vandalizmi nəticəsində, Azərbaycan xalqının çoxəsrlik tarixini əks etdirən 700-dən artıq tarixi və mədəniyyət abidəsi qarət edilib və yandırılıb. Azərbaycanın işğal altında olan ərazilərini xarabalığa çevirən ermənlər vəhşilik missiyalarını həyata keçiriblər. İşğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda xalqımızın milli-mənəvi dəyərləri təhqir edilmişdir. Füzuli rayonunda Hacı Ələkbər məscidi, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və s. bu sıradadır. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri olan məscidlər, türbələr və digər inanc yerləridir ki, bu da erməni vandallığının göstəricisidir.
Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir. Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihə həyata keçirir. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.
Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. "PAŞA Holding"in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın "Wehdorn Architekten" şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışı, eləcə də Saatlı məscidinin açılışı dini abidələrimizə Heydər Əliyev Fondu tərəfindən ayrılan diqqətdir. Dini ocaqlara olan münasibət Azərbaycanın bugünkü həqiqətlərinin təzahürüdür. Erməni vandallığı nəticəsində dağıdılan dini-tarixi abidələrimiz yenidən qurulur,
Nəzakət ƏLƏDDİNQIZI