PDF Oxu

Araşdırma

  • 4 935

Möhtəşəm tarixi gün - Zəfər Günü - ŞƏRH

image

Xalqımız 30 ilə yaxın gözlədiyi Qələbənin sevincini yaşayır. Üç ildir bayramlarımız sırasına daha bir möhtəşəm tarixi gün əlavə olunub - Zəfər Günü. Dövlətimizin başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Qarabağın tacı Şuşamızın işğaldan azad edildiyi tarix - 8 noyabr ölkəmizdə Zəfər Günü kimi təsis edildi. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə imzalanan Sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı.

Dövlətimizin qətiyyəti, Azərbaycan xalqının əzmi, iradəsi, iqtisadi qüdrəti, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi İkinci Qarabağ müharibəsində Qələbəmizi təmin edən mühüm amillər oldu. Dünyaya səs salan Zəfərimiz xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatıdır. Bir daha sübut olundu ki, tarixi ədalətə, real faktlara əsaslanan siyasət qalib olur. Ermənilər illərdir himayədarlarının dəstəyi ilə tarixi saxtalaşdırmağa çalışsalar da sonda yenə də sözünü deyən tarixi faktlar oldu. Zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Ərazi bütövlüyümüzün bərpa olunması müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin prioriteti oldu. “Dövlətimizin başçısının 20 illik prezidentlik dövrünün 17 ili torpaqlarımızın azadlığa qovuşmasına hazırlıq dövrü kimi xarakterizə edilir. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Uzun illər Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artması bütün sahələrdə, o cümlədən ordu quruculuğunda davamlı addımların atılmasını şərtləndirdi. Dövlət büdcəsindən ayırmalarda müdafiə xərcləri birinci yerdə dayanır. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, müasir silah-sursat, texnika ilə təchiz edildi. Dövlət başçısı cənab İlham Əliyev daim bu çağırışı edir ki, gənclərimiz milli vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. Tarixi Zəfərimiz xalqımızın torpaq, Vətən sevgisinin nümayişi oldu. İqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi. Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil.

İşğalçılıq siyasəti ucbatından bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq, Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə regionda tamamilə yeni mənzərə yaratdı. Adını tarixə qalib Sərkərdə kimi qızıl hərflərlə yazan Prezident cənab İlham Əliyevin Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş torpaqlarımıza səfərləri tarixi hadisə kimi dəyərləndirilərək Böyük Qayıdışın reallığa çevrilməsi istiqamətində mühüm addım oldu. Azərbaycan dünyaya dirçəliş modelini təqdim edir. Bütün işğaldan azad edilmiş torpaqlar quruculuq meydanına çevrilib.

Azərbaycan xalqı tamamilə dağıdılmış azad olunmuş ərazilərimizdə yeni həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident cənab İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Hava qapılarını dünyaya açan Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Dövlətimizin başçısı cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qarabağlı və Şərqi zəngəzurlu Azərbaycanın gələcək inkişafının yol xəritəsidir”.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə Ərazi partiya təşkilatının sədri

Digər xəbərlər