Əziz qardaş və bacılar! 8 noyabr tarixi Zəfər günümüzün, xeyirin şər üzərində qələbəsinin və tarixi ədalətin bərpasının 3-cü ildönümü günü idi. Gəlin bir anlıq 3 il əvvəlki keçmişimizə boylanaq. İllər uzunu, hər gün efirlərdə dönə-dönə eşitdiyimiz ağrılı sözlər yadınızdadırmı? “Torpaqlarımızın 20 faizi hələ də işqal altındadır. Və dünya birliyi buna susur”. Nə qədər ağrılı idi... Əzablı idi bunu hər dəfə eşitmək. 1 milyondan çox həmvətənimiz doğma ocaqlarından qovulmuşdu. Düşmən nə körpəyə, nə də qocaya aman verməmişdi. Qətlə yetirilməyən isə qarlı meşələrdə donmuşdu. Vətən damla-damla kiçilir, yağı oranı viran qoyur, köçkünlərin, məhv olanların sayı artırdı.
Artıq 3 ildir ki, qürurumuzu əyən bu sözlər daha səslənmir, bu olaylar baş vermir və daha heç vaxt səslənməyəcək, baş verməyəcək. 30 il müddətində güclənən iqtisadiyyatımızla, ordumuzla ayağa qalxdıq... Millətimizin bütün tarixində bəlkə də ilk dəfə olaraq xalqımız dəmir kimi möhkəm birlik yaratdı. Yadınızdadırmı? Hərbi komissarlıqların qarşısında könüllülərin sayı-hesabı yox idi. Hansı anasa qəhərini boğurdu, hansısa gözünün yaşını gizlədirdi və qürurla oğulunu cəbhəyə yola salırdı. Hansı atasa “mərd ol, sənə güvənirik” deyirdi. Hansı sevgili isə oğrun-oğrun “gözləyəcəyəm” deyirdi. Əsgər isə “şəhid olsam, ağlama, ana, vətən sağ olsun” deyirdi.
Dili “Qarabağ” sözünü deyə bilən körpələrimizdən tutmuş müdrik siyasətçi Ali Baş Komandanımıza qədər olan birlik sayəsində bu Zəfərə yetdik. Tarixə yazılan 44 günümüz Azərbaycan xalqının hansı şücaətə qadir olduğunu düşmənə və bütün dünyaya göstərdi. Bayrağımızı köksünə sıxıb, ölümünü göz önünə alıb, bir an belə geri çəkilməyən 3 mindən çox şəhidimizlə, indiyədək cismində fiziki ağrılarla yaşayan qazilərimizlə, “irəli”deyil, “ardımca” deyib əsgərdən əvvəl özü öndə gedən zabitlərimizlə, hər müsahibəsində təxribatçı müxbirləri kəskin ağlı ilə susdura bilən müdrik Prezidentimizlə buna nail olduq.
44 günün hər anı Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır!”, “Bu, adi yumruq deyil, dəmir yumruqdur” kimi əzəmətli şüarları isə igidlərimizin və bütün xalqın ən böyük mübarizə stimulu idi. Bütün bunlardan ruhlanıb aslanlar tək döyüşən, 1-cə fərarisi belə olmayan, könüllülərinin sayı aşıb-daşan gənc nəslimiz ən mübariz və ən vətənpərvər nəsil kimi ölkəmizin şanlı tarixində həmişəlik qalacaq. Bu mübariz ruh daima - ana laylasından başlayıb uşaq bağçaları, ümumtəhsil məktəbləri, musiqi məktəbləri süzgəcindən keçərək daha da güclənəcək.
Üz tuturam xalqımızın balalarına. Siz qalib Azərbaycan xalqının vətəni qoruya biləcək yeni nəsil nümayəndələrisiz. Şəhidlərimizdə, qazilərimizdə, bütün zabit və əsgərlərimizdə olan əzm, şücaət, vətən sevgisi keyfiyyətlərini qazanmaq üçün siz ilk növbədə təhsilinizə məsuliyyətlə yanaşıb yaxşı oxumalısız. Ölkəmizin tarixini, ədəbiyyatını, mədəniyyətini dərindən öyrənsəniz, onun gözəlliyini bütün qəlbinizlə duysanız, biləcəksiz ki, müqəddəs Vətən hardan başlayıb, harda bitir və bu cənnət məkanımızı hər an sevmək və qorumaq lazımdır. Siz gələcəkdə musiqi mədəniyyətimizin müdafiəçisi olmalısız. Nə vaxtsa “Sarı gəlin” mahnısının “erməni mahnısı” olduğu iddiasını eşidəndə onun “Şur” ladının qaydalarına necə tam uyğun olduğunu sübut etməyə, mahnının yaranma tarixi haqda danışmağa yetərli biliyiniz olmalıdır. Nə vaxtsa Arno Babacanyanın “vaqarşapat rəqsi”ni eşidəndə bilməlisiz ki, bu, erməni musiqisi deyil, dahi Üzeyirin “Məşədi İbad” musiqili komediyasından oğurlanmış xor musiqisidir.
Bilik - mübarizlik ruhunun ən birinci silahıdır. İlk növbədə Prezidentimizdən nümunə götürün. Onun yüksək səviyyəli təhsili, kəskin iti ağlı, dərin siyasəti olmasaydı, ordumuzun gücünə güc qatıla bilərdimi? Ağıllı siyasət qura bilərdimi? Qoy həm də təhsilinizlə, biliyinizlə yanaşı qəhrəman hərbçilərimizin əzmkarlığı da sizə həmişəlik örnək olsun. Şüvəlan kəndi şəhidlərinn simasında bütün müharibə şəhidlərimizin fədakarlığı qəlbinizdə həmişəlik yuva qursun. Hərbçilərimizin mərdliyi sizə Vətən sevgisi, əzmkarlıq aşılasın. Belə vətənpərvər millət Vətən torpağının hər qarışını ölkəmizin taleyinə həmişəlik yazılmış işğalçı qonşudan daima qoruya biləcək.
Qayıtmış torpaqlarımıza görə, azad vətənimizə görə, Azərbaycan tarixində şanlı səhifə kimi əbədi qalacaq qələbəmizə görə, Qarabağın bütün bölgələrində, o cümlədən Xankəndidə dalğalananan bayrağımıza görə Prezidentimizə, igid qazilərimizə, bütün əsgər və zabitlərimizə, bizimçün ölməyib həmişə ürəyimizdə, yaddaşımızda, yanımızda olan, bir ölüb min doğulan qəhrəman şəhidlərimizə minnətdarıq. Qələbəmiz mübarək! “Qarabağ Azərbaycandır!”.
Validə ƏLİZADƏ