PDF Oxu

Araşdırma

  • 11 140

Tarixdə əbədi iz qoyan Lider - Heydər Əliyev

image

Leyla Nəcəfova,
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Baş Fond Müdiri

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi kimi xalqımızın qəlbində əbədi yaşayacaq. Dünya şöhrətli siyasi xadim kimi xalq və dövlət amilini öz həyatından üstün tutan Ulu Öndərimiz sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox siyasi xadimlər gələcək, amma ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə çatmaq kimsəyə nəsib olmayacaq. Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevit Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərək böyük fəxrlə demişdir: "Öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir".

Heydər Əliyev irsinin araşdırılması ilə məşğul olan bir çox müəlliflər Ulu Öndəri XX əsrin siyasət nəhəngləri, mənsub olduqları xalqlar üçün əvəzsiz xidmətlər göstərmiş Corc Vaşinqton, Uinston Çörçill, Konrad Adenauer və digərləri ilə bir sıraya qoyurlar. Amma bu şəxsiyyətlərin hər birinə böyük hörmət hissi ilə qeyd etməliyik ki, onlar yaşadıqları bir ictimai-siyasi formasiyanın verdiyi imkanlardan məxsus olduqları xalq üçün maksimum istifadə etməyə çalışmış və buna nail olmuşlar. Heydər Əliyev isə həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini tutması üçün titanik əmək sərf etmiş, mənsub olduğu xalqın və eyni zamanda özünün adını əbədi olaraq tarixə yazmışdır.

Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Ulu Öndərin Azərbaycana rəhbərliyinin 30 ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır.

Ümummilli Liderimizin keçmiş Sov.İKP MK Siyasi Bürosunun üzvləri arasında xüsusi yeri adi vətəndaşlar tərəfindən qürurla qeyd edilir, SSRİ-nin gələcək rəhbəri vəzifəsinə namizədlər sırasında birinci Heydər Əliyevin adı çəkilirdi. Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra isə Cənubi Qafqazda hadisələr çox sürətlə cərəyan etdi. Minlərlə azərbaycanlı əzəli torpaqlarından, yurd-yuvalarından qovuldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları Bakını işğal edib yüzlərlə insanı gülləbaran etdi. Bu ağır faciənin acısına dözməyən Heydər Əliyev heç bir təzyiq, təqib və təhdidə məhəl qoymadan, Moskvanın mərkəzində hiddət və qəzəbini bütün dünyaya bəyan etdi. Haqqın və ədalətin bərpası üçün isə tarixə elə böyük vaxt lazım gəlmədi. Azərbaycan xalqı öz sevimli oğlunu, böyük dahi və parlaq şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı.

Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqın son ümid yeri Heydər Əliyev idi. Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısı alındı, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı.

Ulu Öndər Heydər Əliyevin ən ali məqsədli, böyük amalı heç şübhəsiz müstəqil, azad və firavan Azərbaycan dövlətini qorumaq olmuşdur. Bu məqsəd və amal bütün həyatı boyu onu mübarizəyə, çevik siyasi gedişlərə məcbur etmişdir. Bu gün şəxsiyyəti va fəaliyyəti dövlətimizin atributu, simvolu səviyyəsinə qalxmış Heydər Əliyevin irsi - vətənə, xalqa sədaqətlə xidmət etmək, müstəqilliyimizi göz bəbəyi kimi qorumaq va bu yolda canını belə əsirgəməmək kimi müqəddəs dəyərləri bütün vətəndaşlarımız üçün həyat məktəbidir.

Heydər Əliyev idarəçilikdə, siyasi proseslərdə, daxili və beynəlxalq miqyasda böyük uğurlar qazanırdı. Enerji layihələri, neft-qaz strategiyası tarixə onun adı ilə düşdü. Dünyanın nüfuzlu neft şirkətləri əvvəlcə Azərbaycana yatırımlar qoymağa tərəddüd edirdilər. Tərəddüd torpağın altındakı neft ehtiyatlarının həcmi ilə bağlı idi. Heydər Əliyev isə doğma vətənini-Azərbaycanı gözəl tanıyırdı. Yalnız onun güclü siyasi iradəsindən sonra neft şirkətləri, bütövlükdə, beynəlxalq aləm ölkəmizə meylləndi. 1994-cü ildə ortaya qoyulan “Əsrin müqaviləsi” Azərbaycanda təntənə ilə imzalandı. Neft Azərbaycanın milli təhlükəsizlik faktoruna çevrildi.

Heydər Əliyevin siyasi təfəkküründə, analitik düşüncəsində iqtisadi resurslar, ilahidən gələn möcüzəvi nemətlər Azərbaycanın siyasi müstəqilliyinin möhkəmlənməsi, xarici müdaxilələrdən qorunması, dünyaya çıxması, özünü tanıtması, sayılan-seçilən məmləkətə çevrilməsi üçün çox böyük amil idi. Böyük İpək yolunun açılması istiqamətində addımların atılması, Bakı-Ceyhan neft kəmərinin çəkilməsi, digər strateji layihələrə imza qoymaq kimi məsələləri Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunmasında təsirli bir vasitəyə çevirdi. Ulu öndər Heydər Əliyevin möhürünü qoyduğu iqtisadi layihələrdən bu gün Azərbaycan təkcə maddi güc qazanmır, təkcə sosial siyasətini möhkəmləndirmir, Azərbaycan dünya siyasətinin müəyyənləşməsində iştirak edir.

Heydər Əliyev Azərbaycanı dünyanın heç bir ölkəsinin ayağına vermədi. Onun Azərbaycanın milli maraqlarına zidd olan heç bir sənəddə imzası olmadı. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt özündən sonra da uğurla davam etdirildi və çağdaş Azərbaycan İlham Əliyevin Liderliyi ilə Qarabağ münaqişəsini birdəfəlik həll etdi.

Digər xəbərlər