Paşinyan məhz bu gerçəkliyi son anda dərk edib
Son zamanların ən çox müzakirə edilən və əhəmiyyətinin əsasını təşkil edən mövzularından biri də, məhz Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Xüsusilə, İrəvanın müxtəlif bəhanələrlə dəhlizin açılmasına qarşı əngəllər yaratmaq cəhdi belə qənaətə gəlməyə zəmin yaradırdı ki, dəhliz Ermənistandan yan keçməklə qonşu İranın ərazisindən reallaşdırılacaq. Lakin bu günlərdə Ermənistanın baş naziri Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı, açığını desək, gözlənilməz və müsbət mesajlar səsləndirməsi sözügedən mövzunun daha da aktuallığını artırıb.
Əbdülqadir Uraloğlu: "Dəhlizin Ermənistan hissəsinin uzunluğu 43 km-ə yaxındır"
Bu arada, Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu Türkiyə telekanalına müsahibəsində bir sıra məqamlara aydınlıq gətirərək bildirib ki, ilk dəfə belə bir təşəbbüs irəli sürüləndə rəsmi İrəvan tərəfi bu layihənin Ermənistana faydasından danışsa da, mənfi reaksiya verib.
Bu baxımdan, türkiyəli nazirin sözlərindən həm də belə nəticə çıxarmaq olar ki, Ermənistan son ana qədər bəlli havadarlarına arxalanaraq istədiyinə nail olacağını düşünürdü. Amma göründüyü kimi, İrəvan bu dəfə də geriyə çəkilməli oldu. Daha dəqiq desək, Cənubi Qafqaz regionunun real oyunçularının olduğu yerdə hər hansı digər oyunçular bu məsələyə qarışmağa cürət etmədilər. Hətta İran faktoru da artıq arxa plana keçib. Bunu Əbdülqadir Uraloğlunun növbəti fikirlərindən də aydın görmək olar.
Beləliklə, nazirin sözlərinə görə, Türkiyə dəhliz layihəsini 2029-cu ilə qədər həyata keçirməyi planlaşdırır.
"Zəngəzur dəhlizinin Bakıdan Horadizə qədər olan Azərbaycan hissəsi tamamlanmaq üzrədir. Türkiyə hissəsinin uzunluğu 224 km-dir. Ümumilikdə bu dəhlizin yaradılması prosesi 5 il çəkəcək. Düşünürəm ki, 2028-ci ildə biz işləri tamamilə başa çatdıracağıq", - deyə Uraloğlu bildirib.
"Türkiyə türk dünyası və Mərkəzi Asiya ölkələrinə birbaşa və asan çıxış əldə edəcək"
Ankara İranın da öz ərazisi vasitəsilə Türkiyə ilə Azərbaycanı birləşdirən bu əlaqənin bir hissəsinə çevrilməsini istisna etmir. O, həmçinin vurğulayıb ki, dəhlizin Ermənistan hissəsinin uzunluğu 43 km-ə yaxındır: "Onlar (yəni Ermənistan - red.) dəhlizin tam başa çatmış sayılması üçün planlaşdırma və tenderlər aparmalı olacaqlar. Beləliklə, Türkiyə türk dünyası və Mərkəzi Asiya ölkələrinə birbaşa və asan çıxış əldə edəcək".
İran faktoruna gəldikdə isə Əbdülqadir Uraloğlu qeyd edib ki, rəsmi Tehran da, öz növbəsində, Ermənistandan yan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirəcək yolun tikintisi təşəbbüsü ilə çıxış edib. Ancaq buna baxmayaraq, Uraloğlu paralel olaraq Zəngəzur dəhlizi layihəsinin reallaşacağını bir daha vurğulayaraq bildirib ki, Ankara İranın da öz ərazisi vasitəsilə Türkiyə ilə Azərbaycanı birləşdirən bu əlaqənin bir hissəsinə çevrilməsini istisna etmir və bu layihənin vaxtında həyata keçiriləcəyini gözləyir.
Paşinyanın layihə ilə bağlı fikrini dəyişməsi belə nəticəyə gəlməyə əsas yaradır ki...
Söz yox ki, Paşinyanın layihə ilə bağlı fikrini dəyişməsi belə nəticəyə gəlməyə əsas yaradır ki, artıq o da Ermənistanın iqtisadi cəhətdən son şansını əldən verilməsinin ölkəsini hansı acınacaqlı vəziyyətə sürükləyəcəyini tam dəqiqliyi ilə anlayıb. Xüsusilə, Rusiya ilə münasibətlərin son həddə gərgin olduğu bir vaxtda Moskvanın İrəvana daha ağır dərs verəcəyini, son iqtisadi dəstəklərin kəsiləcəyi fonunda bu, Ermənistanın baş nazirinin yeganə düzgün qərarı ola bilər. Yəni, Zəngəzur dəhlizinin açılması həm Ermənistanın, həm də regionun yeni və qlobal iqtisadi nəfəs almasını təmin edəcək. Əks halda Ermənistan son nəfəsini verə bilər. Paşinyan da məhz bu gerçəkliyi son anda dərk edib.
Afət Tahirqızı