Prezident İlham Əliyev: "Bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir"
Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm işlər görülüb. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin məlum Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və bu gün onun tabeliyində "ASAN xidmət" mərkəzləri xidmət göstərir ki, bu da qısa müddətdə özünü doğrultdu. Təbii ki, elektron xidmətlər, eyni zamanda, korrupsiya hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsinin effektiv vasitələrindən biri kimi qiymətləndirilir. Bu gün əbəs deyil ki, İKT respublikada korrupsiya ilə mübarizə, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Ölkədə "Elektron hökumət" portalı fəaliyyət göstərir və bu portala qoşulmuş dövlət qurumlarının elektron xidmətlərinin "bir pəncərə" prinsipi əsasında əhaliyə təqdimi də görülən işlərin məntiqi davamıdır. Bu onu göstərir ki. Azərbaycan uğurlu inkişaf modedlinə malik dövlətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir: "Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – "ASAN xidmət" ictimai münasibətlərin və xidmətlərin müasir modelidir". Dövlət başçısının dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan "ASAN xidmət" dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub. Azərbaycanın "ASAN xidmət" modeli dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir və bu təcrübəyə böyük maraq var.
LƏNKƏRAN REGİONAL "ASAN XİDMƏT" MƏRKƏZİ 500 MİNƏ YAXIN VƏTƏNDAŞA XİDMƏT EDƏCƏK
Bildiriyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Lənkərana səfəri çərçivəsində Lənkəran regional "ASAN xidmət" mərkəzinin açılışını edib. Rayonun Qurumba kəndində inşa edilən mərkəz üçün ayrılmış iki hektar ərazidə üçmərtəbəli inzibati bina, fəvvarə, yerüstü avtomobil dayanacağı, istirahət və uşaq əyləncə meydançası, "ASAN Kafe" yaradılıb. Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan ümumilikdə 500 minə yaxın vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Burada 214 əməkdaş və 40 könüllü çalışacaq.
Mərkəz videomüşahidə kameraları, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma sistemləri, "ASAN ödəniş" terminalları, elektron şikayət, elektron rəy sorğusu və Çağrı mərkəzinə zəng köşkləri və müasir avadanlıqlarla təchiz edilib. Regionda startapların inkişafını təmin etmək məqsədilə burada "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi də fəaliyyət göstərəcək.
KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİ İLƏ ƏLAQƏDAR "ASAN XİDMƏT" MƏRKƏZLƏRİNDƏ İNNOVATİV HƏLL TƏMİN EDİLİB
Burada, həmçinin ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Əsas məqsəd qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət qurumlarında çalışan kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.
Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar "ASAN xidmət" mərkəzlərində innovativ həll təmin edilib. Belə ki, mərkəzlərdə olan "ASAN növbə" terminallarına "Seçici statusunu yoxla" adlı funksional bölmə əlavə olunub. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd edilən yerdə oxudaraq adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər. Həmçinin qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür. Bu yeni layihə Mərkəzi Seçki Komissiyası və "ASAN xidmət"in birgə layihəsi çərçivəsində reallaşdırılıb. Eyni zamanda, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "ASAN xidmət" tərəfindən həyata keçiriləcək tədbirlərlə bağlı da konseptual plan hazırlanıb. Plana əsasən, bir sıra forum, müsabiqə, hakaton və festivallar təşkil olunacaq.
SAYCA 27-Cİ "ASAN XİDMƏT" MƏRKƏZİ
Lənkəran "ASAN xidmət" mərkəzində tətbiq olunacaq innovativ yeniliklər - İntellektual məhsul ixracı, Etimad Fondu, Dövlət Xidmətlərinin Akselerasiya Mərkəzi, Universal operator, Süni intellekt əsaslı xidmətlər və smart qolbaq barədə məlumat verildi. İşğaldan azad olunmuş ərazilərdə "ASAN xidmət"lə əlaqədar bildirildi ki, mərkəzlərin qurulması üçün Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. Təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq Ağdam, Laçın və Cəbrayıl rayonlarında "ASAN xidmət" mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib. Eyni zamanda, hazırda Şuşa şəhərində də "ASAN xidmət"in binasının inşası davam etdirilir.
Qeyd edək ki, hazırda ölkəmizdə 26 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Lənkəran "ASAN xidmət" mərkəzi sayca 27-cidir.
"ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən vətəndaşlara ümumilikdə 400-ə yaxın, "ASAN kommunal" mərkəzlərində isə "Azərişıq" ASC, "Azərsu" ASC və "Azəriqaz" İB tərəfindən 55 xidmət göstərilir. Bu il yanvarın 8-dək "ASAN xidmət" mərkəzlərinə 8 milyon 890 mindən çox vətəndaş tərəfindən 70 milyona yaxın müraciət daxil olub. Dövlət Agentliyi "ASAN xidmət" modelinin ixracı ilə bağlı 20-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalayıb.
"ASAN XİDMƏT"İN FƏALİYYƏTƏ BAŞLAMASI BİZİM NİYYƏTİMİZİ GÖSTƏRİR"
Ümumiyyətlə, bu gün Azərbaycanda gedən bütün işlər müasir səviyyədə həyata keçirilir. Hər görülən iş, aparılan islahatlar, reallaşan layihələr insanların sosial məişətinin, həyatın firəvanlığına yönəlib. Buna Azərbaycanın bütövlükdə inkişafı imkan verir. "Ölkəmiz müasirləşir, inkişaf edir. "ASAN xidmət"in fəaliyyətə başlaması bizim niyyətimizi göstərir. Biz istəyirik ki, insanlar rahat yaşasınlar, ən gözəl xidmətlərə malik olsunlar, – deyən Cənab İlham Əliyev korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə də "ASAN xidmət"in çox mühüm rol oynadığını vurğulayıb. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir.
Yeni texnologiyaların, innovasiyaların tətbiqi yeni fikrin, yeni yanaşmanın yaranması Azərbaycanın inkişafının göstəricisidir.
Zümrüd BAYRAMOVA