“Fransa Senatının qəbul etdiyi anti-Azərbaycan qətnaməsi bu ölkənin mahiyyətini, iç üzünü göstərdi. Fransanın Afrikadan, Okeaniya ölkələrindən qovulmasını Ermənistan kimi gələcəyi olmayan bir dövlətlə kompensasiya etməsi Yelisey sarayındakıların qərəzi, islamofob düşüncələri ilə izah etmək olar. Makron Bakıya qarşı əzələ nümayiş etdirmək istəyir, amma kiminlə rəqib olduğunu unudur. Azərbaycan yüz illərlə əsarətdə saxladığı Afrika ölkələrindən deyil, əksinə Fransa ilə bütün masalarda dialoq aparan, öz maraqlarını sonuna qədər qoruyan bir ölkədir. Senat və Milli Assambleya birbaşa Yelisey Sarayından göstərişlər alır və bununla da Fransada artıq diktatura rejiminin yarandığını düşünə bilərik. Bu sənəd özündə heç bir məntiqi ehtiva etmir, Paris ən uzağı Azərbaycanla siyasi, diplomatic, iqtisadi-ticari əlaqələrini kəsə bilər. Uduzan isə yenə Fransa olacaq”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat bildirib ki, bundan əvvəl Fransa Milli Assambleyasının, indi isə Senatın bu sayaq qətnamə qəbul etməsi onu göstərir ki, Fransa iki ölkə arasında münasibətlərə xitam vermək yolunu tutub: “Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət Fransa tərəfinin həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliyi var. Amma Fransa irəli sürdüyü qətnamə layihələrində ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına alıb. Fransanın BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı irəli sürdüyü çoxsaylı qətnamə və qərar layihələrinin qəbul edilməməsi Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, eləcə də qərəzli təşəbbüslərin ədalətli qiymətləndirilməsi ilə bağlıdır. Fransanın Azərbaycana qarşı qeyri-qanuni fəaliyyət istiqamətlərindən biri də uğursuz kəşfiyyat işi olub. Bu ölkənin Bakıdakı səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun gəlməyən və Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına zidd fəaliyyətlərinə görə Azərbaycan hökuməti tərəfindən “arzuolunmaz şəxslər” edilib. Fransanın dağıdıcı və təxribatçı addımları Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsinə də mane olur və Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir. Son vaxtlar Ermənistan-Azərbaycan şərti sərhədində tam sakitliyin olması və münaqişəli vəziyyətin baş verməməsi, görünür, Fransanı narahat edir. Fransanın planı budur ki, yalnız Cənubi Qafqazda, daha dəqiq desək Ermənistanla Azərbaycan arasında qarşıdurma olduğu halda xoruzlar ölkəsinin əsgərləri region gələ bilərlər. Bütün imicini itirmiş Parisin yalnız bu halda planı işə düşə bilər. Fransa Ermənistana silah və sursat satır ki, bu da Azərbaycanla münasibətlərin normallaşmasına mane olur və Ermənistandakı revanşist qüvvələri yeni müharibəyə sövq edir. Bütün bunlara rəğmən, Milli Məclisin bəyanatında deyildiyi kimi, Fransaya qarşı adekvat addımlar atılmalıdır”.
Müəllif: Səbinə Hüseynli