Araşdırma

  • 6 114

Bütöv Azərbaycanın Zəfər seçkisi - TƏHLİL

image

Azərbaycan daha bir tarixi hadisəyə şahidlik etdi. Bütöv Azərbaycanda Zəfər seçkiləri keçirildi. Seçkilər Azərbaycanda mövcud olan demokratik ənənələrə, Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun qanunlar əsasında baş tutdu. Bu günə qədər respublika ərazisində əhalinin maarifləndirilməsi, düzgün istiqamətləndirilməsi yönümündə aparılan təşviqat işləri öz nəticəsini verdi. Ölkəmizin bütün ərazilərində olduğu kimi, Nəsimi rayon ərazisində də mövcud olan dairələrdə hər bir seçici ona təqdim olunan bülletini alaraq, öz seçdiyi və etimad göstərdiyi namizədə səs verməklə seçkilərin şəffaf və ədalət prinsipinə uyğun olaraq həyata keçirildiyini təsdiqlədi. Yerli və xarici müşahidəçilərin müşayiəti altında baş tutan prezident seçkiləri, hər zaman olduğu kimi, bu gün də sakit, əmin-amanlıq, seçki normalarına əməl olunmaqla baş tutdu. Hər məntəqənin təyin olunmuş seçiciləri bayram əhval-ruhiyəsi ilə öz namizədlərini gizli yolla, kimsənin müdaxiləsi olmadan pərdə arxasında dəstəkləyirdi. Qeyd edək ki, seçki məntəqələrində veb-kameralar quraşdırılmışdır ki, bu da seçkilərin şəffaflığına yaradılan təminatdır. Hər bir seçicinin barmağı xüsusi cihaz vasitəsilə yoxlandıqdan sonra səsvermə hüququ reallaşdırılırdı. Səhər 8:00-dan dairələr üzrə bütün məntəqələrdə səsvermə prosesinə start verilmişdi.

23 SAYLI NƏSİMİ-SƏBAİL SEÇKİ DAİRƏSİNİN 26 SAYLI SEÇKİ MƏNTƏQƏSİ

Məntəqə sədri Ağamayıl Baxşıyev Sədrəddin oğlu:
- Səhər saatlarından etibarən məntəqədə səsverməyə gələn seçicilərin fəallığı müşahidə edilir. Məntəqə üzrə 1433 nəfər seçici var. Seçicilərdə aktivlik var. Proses, demək olar ki, şəffaf və demokratik şəkildə keçir. Heç bir pozuntu yoxdur. Seçicilər məntəqəyə gələrək, normal şəkildə səslərini verib gedirlər. Heç bir seçiciyə kimə səs verilməsi ilə bağlı müdaxilə yoxdur. Seçkiləri siyasi partiyaların müşahidəçiləri müşahidə edir. Həmçinin, prosesi yerli və bitərəf müşahidəçilər də izləyir. ATƏT-i, MDV-ni təmsil edən nümayəndələr də məntəqəlirmizdə olub, seçki prosesini izləyirlər.

BÖYÜK QURULUŞ PARTİYASININ MÜŞAHİDƏÇİSİ NAMİQ KƏRİMOV:
- Məntəqədə səsvermənin başladığı vaxtdan prosesi müşahidə edirəm. Seçicilərin bu məntəqədə aktivliyi var. Ümumilikdə, proses normal və şəffaf gedir.. Mən özüm artıq bir neçə saatdır ki, burdayam və proses gözümün qarşısında gedir. Seçicilər öz seçimlərində müstəqildirlər və demək olar ki, sərbəst şəkildə öz seçimlərini edərək, səs verirlər. Mən deyərdim ki, bu gün baş tutan seçki olduqca demokratik prinsiplərə əsaslanır və seçicilərin vətəndaş olaraq seçimində yüksək fəallıq etməsi müstəqil Azərbaycanın seçicilərini azad seçim hüququnu təsdiqləyən bir faktordur.

YAP VETERANLAR ŞURASININ ÜZVÜ, YAP MÜŞAHİDƏÇİSİ DİLARƏ SEYİDZADƏ:
- Zəfər seçkiləri çox yüksək səviyyədə keçir. Seçicilər bu günə qədər seçki təcrübələrindən yararlanaraq, öz səslərini müstəqil ifadə etməkdən çəkinmirlər. Azərbaycanda çox demokratik bir şəkildə seçki keçirilir. Müstəqil dövlətimizdə seçkilərin şəffaf və demokratik normalara əsasında keçirilməsi demokratiyanın təntənəsidir. Bütün seçicilər, demək olar ki, bütövlükdə, ailə üzvləri ilə seçki məntəqələrinə gəlib fərdi olaraq səsini verirlər. Mən deyərdim ki, artıq Azərbaycanda yüksək səviyyədə seçki mədəniyyəti formalaşıb. Bu əhali arasında aparılan maarifləndirmə işinin məntiqi nəticəsidir. Seçicilər Seçki Məcəlləsində nəzərdə tutulmuş müvafiq qanunvericiliyə əsasən, bütün prosesləri ardıcıllıqla qoruyaraq, öz seçki bülletenlərini məntəqələrdə qoyulmuş qutulara atırlar. Bu məntəqədə onlar üçün tam şərait yaradılmış və hər bir seçici bütövlükdə nəzarət altındadır. Bütöv Azərbaycanda keçirilən seçkilərdə seçicilər Azərbaycanı daha uğurlu gələcəyinə, tərəqqisinə səs verirlər.

YAP MÜŞAHİDƏÇİSİ ADİLƏ ABBASOVA:
- İlk dəfədir ki, belə seçici fəallığı müşahidə edirəm. İki yüz illik tariximizdə ilk dəfə olaraq Azərbaycan öz torpaqların azad etdi. Seçicilər Azərbaycanın tərəqqisi naminə belə fəallıq edirlər. Hər kəs bilir ki, onun səsi seçkilərdə önəmlidir. Bütün proseslər tam nəzarətdə saxlanılır. Hər il olduğu kimi, bu dəfə də Prezident seçkiləri müstəqil Azərbaycanın bizə verdiyi dəyərlərə istinadən yüksək bir səviyyədə təşkil olunmuşdur. Seçicilər axın-axın səsvermə məntəqələrinə gələrək, böyük fəallıq nümayiş etdirirlər. Cəmiyyət həyatında və ölkəmizin demokratik imicinin formalaşmasında əsas amil olan seçki prosesi vətəndaş mövqeyinə və iradəsinə əsasən keçirilir. Dövlətimizin günü-gündən artan qüdrəti iqtisadi-siyasi sahədə əldə olunan uğurlar seçki prosesində də mütərəqqi ideyaların və bəşəri dəyərlərin təminatını mümkün etmişdir. Zəfər seçkilərin azad və ədalətli beynəlxalq sivil dəyərlərə uyğun keçirilməsi üçün dövlətimiz tərəfindən ən zəruri addımlar atılmışdır və bütün bunlar seçki prosesində özünü biruzə verir.

"ROSSİYA – 1"televiziya kanalının əməkdaşı Andrey QRİQOİYEV:
- Səhər saatlarından başlayaraq, bir çox məntəqələrdə olmuşam. Seçicilər çox intizamlı bir şəkildə səsvermədə iştirak edirlər. Heç bir qanun pozuntusu ilə rastlaşmamışam. İnanırıq ki, seçkilərin sonuna qədər bu hal müşahidə olunacaq. Azərbaycanda beynəlxalq seçki normaları yüksək səviyyədə tətbiq olunub. Bu hal seçki prosesində aydın şəkildə hiss olunur. Mən məntəqələrdə olarkən gənc. orta və yaşlı nəslin nümayəndələrinin aktivliyini gördüm. Seçki prosesi beynəlxalq standartlara və demokratik tələblərə cavab verən şəkildə keçirilir. Bütün seçki məntəqələrində mexanizm düzgün qurulmuş, seçkilərə tam demokratik şərait yaradılmışdır. Ölkənizdə seçkilər Avropa standartlarına uyğun səviyyəsində keçirilir. Bu sizin ölkədə demokratik cəmiyyət quruculuğu sahəsində görülən işlərin məntiqi nəticəsidir.

QAZAXISTAN PARLAMENTİNİN DEPUTATI AYDOS SARÜM:
- Səhər saatlarından başlayaraq, seçicilər məntəqələrə gəlib seçimlərində aktivlik göstərirlər. Mən sumqayıt şəhərində idim və oradan Bakıya gəldim. Hələ ki, heç bir qanun pozuntusu qeydə alınmayıb. Kiminsə müdaxiləsi olmadan seçicilər seçimlərində azad münasibət göstərmək imkanındadırlar. Seçkilər normal keçir. Hər şey hələ ki, qaneedicidir. Heç bir iradım yoxdur. Seçkilər demokratik ab-havada, şəffaf keçir. Aktiv seçki hüququndan fəal şəkildə istifadə olunması isə, müsbət qiymətləndirilməli hadisədir.

23 SAYLI NƏSİMİ-SƏBAİL SEÇKİ DAİRƏSİNİN 27 SAYLI SEÇKİ MƏNTƏQƏSİ
İLK DƏFƏ SƏS VERƏN GƏNC MİRƏLİYEVA MƏHDİYYƏ:

- Nə xoş ki, ilk səs dəfə səs verməyim Zəfər seçkilərinə təsadüf olundu. Düşünürəm ki, dövlətin biz gənclərə göstərdiyi qayğı və diqqət bizim məsuliyyətimizi daha da artırır. Ölkəmizin gələcək inkişafı üçün çiyinlərimizə ağır və şərəfli yük qoyur. İnanıram ki, Azərbaycan gəncliyi ona olan bu etimadı bu gün olduğu kimi, gələcəkdə də doğruldacaqdır. Biz gənclər bütün fəaliyyətimizlə bizə olan inamı və etimadı doğrultmağa çalışırıq. Bu gün Azərbaycanın daha uğurlu inkişafına və tərəqqimizə səs verərək, seçki hüququmdan yararlandım.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər