PDF Oxu

Araşdırma

  • 4 107

Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə - ŞƏRH

image

Dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 21 ildə ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə də münasibətlərin gücləndirilməsinə üstünlük verir.

Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqedən çıxış etməsi, çirkin erməni təbliğatına qarşı mütəşəkkil mübarizəyə qoşulması Prezident İlham Əliyevin başlıca məqsədlərindən biridir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvi və pak mənəvi dəyərlərinə, mental xüsusiyyətlərinə ümumi səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır. Cənab İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. Əminliklə demək olar ki, bu istiqamətdə həyata keçirilən siyasət müsbət səmərəsini verəcək, türkdilli ölkələrin, xüsusən də Azərbaycanla Qazaxıstanın sıx əməkdaşlığı regionda yeni güc mərkəzinin formalaşması ilə nəticələnəcəkdir.

Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərməkdədir. İki ölkə arasında imzalanmış bir sıra mühüm sazişlər ölkələrimiz arasında əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaratmışdır.

İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib. Ümumilikdə götürsək çox qürurvericidir ki, dövlət başçıları işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan şirkəti tərəfindən inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Bu fakt qardaşlıq münasibətlərinin növbəti nümunəsidir.

Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının məsul əməkdaşı

Digər xəbərlər