Xankəndi uzun illərdən, qərinələrdən sonra bayram təntənəsi ilə azadlığını qeyd etdi. 2024-cü ilin Novruz bayramı suverenliyini bərpa etmiş respublika üçün tarixi bir gün oldu. Əzəli Azərbaycan torpaqlarında qəhrəmanlıq dastanları yazan bir xalqın çoxdan gözlədiyi bayram tonqalı Xankəndidə alovlandı. O tonqal ki, düşmənin bağrını yarır. Mürəkkəb tarixi, siyasi, hərbi yollardan keçib Zəfərə çatan Azərbaycanın tonqallarında erməni xislətinin məqsədləri kül olur.
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Ölkə başçısı İlham Əliyev bayram təbrikində Xankədinin tarixini təhlil edərək şəhərin qədim Azərbaycan torpağı olduğunu xatırladaraq deyir: “Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır.” İlham Əliyev tarixin bir çox mərhələlərində baş vermiş proseslərin kompleks şəkildə həllinə nail olmuş lider kimi tariximizə yön verir. Onun müəllifi olduğu Böyük Qayıdış layihəsi mahiyyəti ilə, xarakteri ilə, səviyyəsi ilə, tarixi əhəmiyyəti ilə dünyada misli görülməmiş hadisədir. Bu proseslər suverenliyimizlə yanaşı mənəvi tamlığımızın da bərpasıdır.
Son illərdə Azərbaycan xalqı Novruz bayramını başqa bir coşqu, başqa bir təntənə ilə qeyd edir. Cənubi Qafqazın güclü halqası kimi Azərbaycan Respublikası iqtisadi, siyasi, mədəni inkişafını yeni müstəviyə qaldırıb. Beynəlxalq hüquq normaları çərçivəsindən kənara çıxmadan separatizmlə, terrorizmlə, ərazi iddiaları ilə mübarizə aparan Azərbaycan dövləti yeni perspektivlərə imkan qazanıb. Beləki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq prinsipial şəkildə bütün hüquqi ərazilərində ədaləti bərpa edib – azərbaycanlıların öz tarixi torpaqlarına geri dönməsini təmin edib və bu proses uğurla davam edir. Bununla da, Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə. Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaq.”-vədi yerinə yetirilib.
Leyla Hüseynova
YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini