Araşdırma

  • 2 856

Verilən bütün vədlər həyata keçirilir - TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir"

Azərbaycanda regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin tərəqqisinin yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci və 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, bölgələrin potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb.

Hazırda bu imkanlardan çıxış edərək ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionlarda, o cümlədən kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi, eləcə də ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxıb. Bu məsələlərin uğurlu həlli ölkənin regionlarında mövcud olan potensialdan daha səmərəli istifadə etməklə bölgələrdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və bu inkişafın davamlılığının möhkəmləndirilməsini zəruri edir. Bu isə öz növbəsində regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar dövlət tədbirlərinin, o cümlədən kompleks proqramlar hazırlanıb icra olunmasının davam etdirilməsini nəzərdə tutur.

Ötən 20 il ərzində sosial-iqtisadi inkişaf üzrə dövlət proqramları uğurla yerinə yetirilib. Azərbaycan başdan-başa inkişaf edən, öz kimliyini bərqərar edən dövlətə çevrilib. Modernləşən ölkəmiz yeni keyfiyyət mərhələsinə qədəm qoyub, siyasi, iqtisadi, mədəni həyatı müasirləşərək tamamilə dəyişib. Prezident İlham Əliyevin praqmatik, çevik siyasəti, sistemli və ardıcıl strateji kursu ölkəmizin müasir inkişafını təmin edib. Dövlət başçısının qürurla vurğuladığı kimi, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalq-iqtidar birliyi dayanır. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət Azərbaycanın daha güclü dövlətə çevrilməsinə, xalqın rifahına, firavan yaşayışına və inkişafına hesablanıb. Bunun üstündən kimsə xətt çəkə bilməz!

İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayırması bugünkü uğurların mənbəyidir. Regionların inkişafı dövlət başçısının siyasətində əsas hədəflərdən biridir. Prezidentin bölgələrə tez-tez səfər etməsi bu faktı bir daha təsdiqləyir. Həyata keçirdiyi siyasətin əsas məqsədi paytaxtımızla yanaşı, bütün bölgələrimizin də hərtərəfli inkişafının təmin edilməsidir. Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir, yeni infrastrukturlar qurulur, yollar çəkilir, körpülər tikilir, kəndlərimiz qazlaşdırılır. Eləcə də yeni müəssisələr yaradılır ki, bu da insanların işlə təminatında vacib rol oynayır. Təbii ki, bu amil əhalinin sosial rifah halının daha da yüksəlməsi ilə müşayiət olunur. 2004-cü ilən başlayan bu proses hələ də davam etməkdədir.

AZƏRBAYCAN ETİBARLI SU TƏCHİZATINA NAİL OLUNMASINI STRATEJİ HƏDƏF KİMİ QARŞIYA QOYUB

Prezident İlham Əliyev çıxışlarında mütəmadi olaraq bu məqamı xüsusi qeyd edir ki, 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Və Azərbaycanın regional inkişafda əldə etdiyi uğurlar nəticəsində bölgələrimiz ölkənin milli iqtisadiyyatının dinamik və davamlı inkişafına təkan verən aparıcı bir qüvvəyə çevrilmişdir.

Bəli, bu gün bölgələrimiz arasında gedən sağlam rəqabət diqqətdən kənarda qalmır. Belə ki, ölkə Prezidentinin Fərmanları əsasında təsdiqlənən Regional İnkişaf Proqramlarının uğurlu icrası hər bir bölgənin simasının yenilənməsində, şəhərlə kənd arasında fərqin aradan götürülməsində, yeni iş yerlərinin yaradılmasında aydın ifadəsini tapır. Xüsuilə son illərdə bütün ölkə boyu müasir infrastruktur qurulmasından söhbət açarkən meliorasiya və su təsərrüfatının da yenilənməsini xüsusi vurğulamaq lazımdır. Azərbaycanın etibarlı su təchizatına nail olunmasını strateji hədəf kimi qarşıya qoyması isə heç də təsadüfi deyil. Qeyd etdiyimiz kimi, ölkəmizdə etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib və bu istiqamətdə işlər Prezident İlham Əliyevin səyləri ilə intensiv şəkildə davam etdirilir. Xüsui ilə vurğulamaq yazımdır ki, son 20 il ərzində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanda su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən infrastruktur layihələr ölkəmizin gücünü və qüdrətini təsdiqləyir. Belə layihələri həyata keçirməyə yalnız Azərbaycan kimi geniş, hərtərəfli potensialı olan ölkə qadirdir. Bu layihələr regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bu məqamı xüsusi qeyd edib ki, bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalandı. Bu gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətdar hadisədir: "Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. Təbii olaraq bu da itkilərə səbəb olub, su itkiləri kifayət qədər çoxdur. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir və bu gün kanalın, - artıq bu kanal Şirvan kanalı adlandırılır, - yeni mərhələsi başlayır. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq".

Dövlət başçısı bildirib ki, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır. Artıq genişmiqyaslı proqramın işlənib hazırlandığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, artıq genişmiqyaslı proqram işlənib hazırlanıb. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir: "Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Əgər bizim suvarma ilə bağlı ümumi layihələrimizi götürsək, görərik ki, bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir. Eyni zamanda, müasir idarəetmə sistemləri, itkilərin azaldılması - indi Şirvan kanalında itkilər 30 faizə yaxındır. İndi beton məcralı kanal inşa ediləndən sonra itkilər maksimum 5 faiz olacaq. Yəni, suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük".

ŞİRVAN SUVARMA KANALININ TƏMƏLİNİN QOYULMASI ÇOX ƏLAMƏTDAR HADİSƏDİR.

Dövlət başçısı Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib ki, son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var: "Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır".

Artıq bu kanalın Şirvan kanalı adlandırıldığını vurğulayan dövlətimizin başçısı bildirib: “Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. «İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək».

Bunun böyük hissəsinin yeni suvarılacaq əkin sahələri olacağını qeyd edən dövlətimizin başçısı vurğulayıb: “Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır”.

"BU LAYİHƏ İLƏ BİZ BU SAHƏYƏ YENİ NƏFƏS GƏTİRİRİK"

Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib ki, bu kanal suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq: "Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk".

Dvlətimizin başçısı gələn il Qarabağ kanalının inşasına başlanılacağını vurğulayıb: "Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq".

Prezident İlham Əliyev təməlqoyma mərasimindəki çıxışında Qarabağda və Şərqi Zəngəzurda görülən işlərələ bağlı bildirib ki, görülən işlərin dünyada misli-bərabəri yoxdur Çünki Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir: "Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir. Dediyim bu layihələrin hamısı icra ediləcək".

"Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq", deyən dövlət başçısı bildirib ki, Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq. Vaxtilə Ermənistanın təkcə bizim torpaqlarımızı deyil, resurslarımızı da işğal etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır”. Prezident qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var.

"HƏR ŞEYİ PLANLI ŞƏKİLDƏ EDİRİK Kİ, HƏR QARIŞ TORPAQDAN MAKSİMUM SƏMƏRƏ GÖTÜRƏK"

"Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib.Həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.

Beləliklə, Prezident İlham Əliyev bir daha vurğulayıb ki, ölkəmizin gələcək inkişafının əsas istiqamətləri bundan ibarətdir, çünki qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi - bütün bu amillər gördüyümüz işlərdə əks olunur: "Mən bir daha demək istəyirəm ki, Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər