Ermənistanda küçə nümayişləri başlayan andan, Kremlin kadrı olan Serj Sarkisyanın küncə qısıldığı vaxtdan və ardınca da əli sarıqlı, beli çantalı nümayişçi, Qərbin layihəsi olan Nikol Paşinyanın hakimiyyəti ələ keçirdiyi zamandan Moskva ilə İrəvan arasında münasibətlərin tamamilə fərqli bir məcrada olması barədə düşünənlər bu günə qədər çoxluq təşkil edib. Çünki belə görünürdü ki, guya Rusiya Ermənistanı tamamilə özündən uzaqlaşdırıb və Moskvanın bir də İrəvana hansısa dəstək barədə düşünməsi heç ağıla də belə gəlməzdi. Amma hadisələrin gedişi, xüsusən də Rusiya tərəfindən Ermənistana hərbi dəstək təsdiq etdi ki, heç də hər şey göründüyü kimi deyilmiş və müşahidə edilənlər gözdən pərdə asmaq üçün olan imitasiya imiş.
Nəyə görə gözdən pərdə asmağa ehtiyac duyulub?
Yəqin ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun, eləcə də nazirliyin sözçüsü Mariya Zaxarovanın və digər rəsmilərin Ermənistan əleyhinə danışarkən necə od püskürdüklərini hər kəs çox yaxşı xatırlayır. Şəxsən Rusiya XİN rəhbərinin çıxışlarında hansı şəkildə kəskin fikirlərin səsləndirildiyi də unudulmayıb. Yaxud da, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın İrəvana ünvanladığı oldu-alovlu mesajları da yaddan çıxmayıb. Hətta hər bir Rusiya rəsmisinin Ermənistan əleyhinə belə mesajlar səsləndirməsinin ardınca əks tərəfin də, yəni rəsmi İrəvanın da, erməni mediasının da, erməni cəmiyyətinin də onların dediklərinə kəskin cavab reaksiyasının da şahidi olmuşuq. İndi bütün bunlar hərbi dəstəyin fonunda bir oyunun gedişləri kimi görünür və həqiqətən də ikrah hissi doğurur. Bu qədər saxtakarcasına bənzətmə, bu qədər imitasiya nəyə lazım idi və görəsən nəyə görə gözdən pərdə asmağa ehtiyac duyulub?
Maraqlıdır, əgər Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsi ilə bağlı İrəvan dəfələrlə Kremli qıcıqlandırıbsa, Ermənistan ictimaiyyəti, erməni mediası işğalçı ölkənin bütün uğursuzluqlarında Moskvanı günahkar bəlləyibsə və bunu açıq şəkildə də bəyan edibsə, Rus dili, Rusiya kanalları yığışdırılıbsa, ruslara qarşı antipatiya daşlar ölkəsində hədsiz dərəcədədirsə, Rusiyanın hərbi, yaxud hansısa dəstəyini necə başa düşək? Ümumiyyətlə, Rusiyaya qarşı bu qədər, yəni dözülməz həddə olan nifrətin fonunda indi rusların ermənilərə yardımı nə deməkdir? Bu vaxta qədər ermənilərin ruslara etdikləri bunca xəyanətdən sonra bu nə münasibətdir axı Rusiya tərəfindən? Bunlar bir tərəfə, bəs bu qədər rəsmilərin, ən yüksək ranqa sahib məmurların, tanınmış siyasətçilərin ermənilər, bütövlükdə Ermənistan əleyhinə dediklərinə nə ad qoyaq? Şəxsən Rusiya Federasiyasının prezidenti Vladimir Putinin erməni baş nazirə münasibətdə belə saymazyana tərzini, hətta yeri gələndə hörmətsizliyini, onu gülüş hədəfinə çevirən sarkazmlarını, ironiyalarını dəfələrlə müşahidə etmişik və təkcə biz yox, bunları müşahidə edən hər kəs eyni qənaətdə olub ki, rusların artıq erməniləri görən gözləri belə yoxdur. Sən demə, bütün bunlar saxta şəkldə bənzətmədən, yəni imitasiyadan başqa bir şey deyilmiş və saxtakarlıqlar indi artıq üzə çıxmaqdadır.
Ermənistan hakimiyyəti hiyləgərcəsinə saxtakarlıq və riyakarlıq edərək, Qərbi, ABŞ kimi bir dövləti aldadıb
Ermənistanın da, Paşinyanın özünün də öz növbəsində kifayət qədər saxtakarlıq və riyakarlıq etdiyini görməmək mümkün deyil. Bütün məğlubiyyətlərində, ələlxüsus da 44 günlük savaşda rüsvayçı məğlubiyyətlərində Rusiyanı günahkar hesab etdiyini, hayların düçar olduqları rüsvayçı vəziyyətə görə bütün günahların Moskvada olduğunu erməni baş nazir Nikol Paşinyan bildirməklə bir neçə istiqamətdə hiyləgərlik etdi. Əvvəla, uğursuzluqlara, məqlubiyyətə görə məsuliyyəti üzərindən götürmək üçün bu fikir, yəni Kremli günahkar bəlləmək fikri daxili auditoriyaya hesablanmışdı. Yəni, erməni baş nazir kütlənin nifrətini özündən uzaqlaşdırmaq üçün belə hiyləgərcəsinə addım atırdı və özünün hədəf olmaması üçün bunu etdi. Onun bu addımlarını məhz öz hakimiyyətini, hakimiyyət kürsüsünü qorumaq üçün atdığını görməmək mümkün deyil və küçə nümayişləri sayəsində baş nazir kürsüsünü ələ keçirən küçə nümayişçisinin hakimiyyət hərisliyi göz önündədir.
Məsələ burasındadır ki, hər bir uğursuzluqda, hər məğlubiyyətdə günahın Rusiyada olduğunu bəyan edən Nikol Paşinyan dolayısı ilə guya Moskvanı hədəfə aldığı görüntüsü yaradırmış. Daha dəqiq desək, bununla guya Rusiyanı düşmən hesab etdiyi barədə fikir formalaşdırmağa çalışırmış. Yəni, Paşinyan hakimiyyəti saxtakarcasına imitasiya edirmiş və Rusiyadan uzaqlaşma imitasiyası ilə ABŞ və Qərbin həm maliyyə, həm də hərbi-siyasi dəstəyini əldə etməyi planlaşdırırmış. Bir sözlə, Paşinyan hakimiyyəti ABŞ və Qərbi aldadaraq, Ermənistanın sürətlə silahlandırıılması prosesinə start verməyə nail ola bilib. Daha dəqiq desək, Ermənistan hakimiyyəti hiyləgərcəsinə saxtakarlıq və riyakarlıq edərək, Qərbi, ABŞ kimi bir dövləti aldadıb.
Rusiya-Ermənistan hərbi müttəfiqliyi davam edirsə, deməli, pərdə arxasında "mənzərə" tamamilə fərqlidir
Rusiyanı düşmən kimi qəbul etdiyini göstərən, bununla da Qərbi və ABŞ kimi bir dövləti hiyləgərcəsinə aldadaraq, özünün sürətlə silahlanması üçün böyük riyakarlıq edən Ermənistan, əslində, pərdə arxasında tamamilə fərqli şəkildə, özü də saxtakarlıqla müxtəlif hədəfləri ön planda saxlayıb və çox hiyləgər bir imitasiya edib. Guya Qərbə sədaqətli olaraq, Rusiya ilə münasibətlərini tamamilə qırmaq niyyətində olduğunu nümayiş etdirən İrəvanın heç də Moskva ilə münasibətlərini "korlamaq" niyyətində olmadığı artıq üzə çıxır. Əslində, çoxdandır bir sual hər zaman düşündürürdü ki, görəsən nəyə görə Rusiya məhz Ermənistanın xəyanətkarlığına, ruslar əleyhinə olmasına bu qədər dözümlülük nümayiş etdirir və niyə hələ də İrəvan, şəxsən Paşinyan hakimiyyəti Kreml tərəfindən cəzalandırılmır? İndi artıq bəlli olur ki, hayların, Ermənistan hakimiyyətinin imitasiya etdiyi məhz ruslar üçün sirr deyilmiş. Çox gümün ki, bu, üstəlik birgə imitasiyadır. İstənilən halda, əgər iki dövlətin bir-birinə rəqib kimi davranmasının müşahidə edilməsi fonunda münasibətlər davam edirsə və davamlı şəkildə hansısa dəstək varsa, deməli, qalan bütün oyunlar imitasiyadan başqa bir şey sayıla bilməz. Xüsusən də, Rusiya-Ermənistan hərbi müttəfiqliyinin davam etdiyi müşahidə edilirsə, belə çıxır ki, pərdə arxasında "mənzərə" tamamilə fərqlidir.
Ermənistanın Rusiya ilə ortaq və planlı şəkildə imitasiyası
Bildiyimiz kimi, Rusiya məhz Ukrayna ilə müharibəyə start verdikdən sonra qlobal sanksiyalara məruz qalıb və həmin sanksiya rusların hərbi sənayesinə də təsirsiz ötüşməyib. Ən azından, Qərb tərəfindən tətbiq olunan sanksiyalar sayəsində rusların hərbi sənayedə istifadə olunan elektron detallara əlçatanlığı minimuma enib və bunun təsirlərini Kreml çox yaxşı başa düşüb deyə, haylardan alət kimi istifadə edib. Beləki, Ermənistanın Qərb ölkələrindən idxal etdiyi, hayların da gizli şəkildə həmin detalları böyük qardaşlarına, ruslara göndərdikləri üçün Rusiya hərbi sənayesini dayandırmayıb, əksinə, inkişaf etdirib. Daha açıq və sadə dillə desək, Rusiya özü də Ermənistanla birgə hiyləgər oyunlarda yaxından iştirak edib və iki ölkə arasında guya yaranan narazılıq, hətta qarşıdurma, belə çıxır ki, ortaq və planlı imitasiya, ikibaşlı oyun imiş.
Sözsüz ki, statistik göstəricilər belə ortada birgə, ortaq, planlı imitasiyanın olduğunu təsdiq edir. Məsələn, Ermənistanın Rusiya ilə əlaqələrində ticarət dövriyyəsinin, eləcə də həmin dövriyyədən gələn gəlirlərinin armasına nəzər saldıqda görürük ki, əlaqələr heç də zəifləməyib və azalmayıb, əksinə, artıb. Qərb ölkələrindən, Amerikadan elektron detalların timsalında digər sanksiyaya məruz qalan məhsulları idxal edərək, Rusiyaya daha baha satan Ermənistan tərəfi əlbəttə ki, "ticarət"dən qazanmış olur. Rusiya da öz növbəsində hərbi sənayesinə lazım olan, lakin sansiyaya məruz qalan detalları "böyük razılıqla" Ermənistandan baha qiymətə almaqda qazandığını zənn edir. Buna görə də həmin idxal və satış məsələsində hər iki tərəf maraqlıdır və hayların ruslarla planlı şəkildə "əməkdaşlığı" ortaq maraqlar üzərində qurulub və Kreml də bundan məmnundur deyə, Rusiya da haqqında qeyd olunan imitasiyadan qətiyyən imtina etmək istəyində belə olmayıb. Əksinə, ortaq və planlı şəkildə imitasiya hər iki tərəfi qane edib və indi rusların hayları hərbi baxımdan dəstəkləməsi, silahlandırması tamamilə başadüşüləndir. Ona görə ki, eyni oyunun oyunçularıdırlar və Qərbi, Amerika kimi hegemon, "yekə" bir dövləti birlikdə aldadıblar və bunun fonunda Rusiyanın Ermənistana silah göndərməsi oynadıqları oyunun dəyişməz şərtləridir. Qalan bütün görünənlər isə gözdən pərdə asmaq üçün olan imitasiyadır.