Tarixçi alim faktları təqdim edir
1988-1991-ci illərin deportasiyası təkcə etnik təmizləmə deyil, əslində Ermənistanın işğal və azərbaycanlılara qarşı soyqırımı taktikası idi. Qərbi Azərbaycanda həyata keçirilən bu siyasət sonradan Qarabağda da eynən davam etdirildi. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə açıqlamasında BDU-nun Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova söyləyib.
Tarixçi alim bildirib ki, 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanda rayon rəhbərləri, onların nümayəndələri azərbaycanlılar yaşayan kəndlərdə yerli əhaliyə guya onları qırğından qorunmaq məqsədilə Azərbaycana köçməyi məsləhət görür, avtobuslar təşkil edirdilər. Bəzi hallarda isə erməni sürücülərin idarə etdikləri maşın karvanları yolda erməni "saqqallılar"a rast gəlirdi, beləliklə də vahid mərkəzdən idarə olunan məkrli plan üzrə əhalini quldur dəstələrinin əli ilə qırırdılar. Qaçıb xilas olanlar qarlı-boranlı dağ cığırları ilə Azərbaycana üz tuturdular.
Dosent Kəmalə Nəcəfova Qərbi azərbaycanlıların sonuncu deportasiyası ilə bağlı Rusiya tarixçisi Yuri Pompeyevin kitablarına istinad edərək ondan bu fikirləri sitat gətirib: "Müdafiəsiz, silahsız azərbaycanlıları adətən çılpaq və əliyalın evlərindən qovaraq deyirdilər: "Lənətə gəlmiş türklər, rədd olun Ermənistandan!"
BDU-nun dekan müavini mənbələrə istinadla 1988-ci il noyabrın 25-dən başlayaraq soydaşlarımızın deportasiyaya məruz qalmasını konkret faktlar əsasında diqqətə çatdırıb: "Ermənilər noyabrın 25-dən 26-na keçən gecə Kirovakan (indiki Vanadzor) şəhərinə bitişik Şaumyan (əvvəlki adı Vartanlı olub) kəndinə silahlı hücum edərək 14 azərbaycanlını vəhşicəsinə öldürüb yandırdılar. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu havada gündüzlər gizlənib gecələr yol gedərək 13-14 günə Azərbaycana çatdılar. Noyabrın 28-də erməni dəstələri Basarkeçər rayonunun Çaxırlı, Qanlı, Kərkibaş, Şişqaya, Zod kəndlərinə basqın etdilər. Əliyalın əhalidən 34 nəfər döyülərək, işgəncə verilərək qətlə yetirildi. Sağ qalanlar Gədəbəyə, Kəlbəcərə keçmək üçün Sarınər, Urumbasar gədiklərindən aşmalı oldular. On iki nəfər donvurmadan tələf oldu (yenə də Xocalı, Kəlbəcər, Qarabağın digər bölgələri yada düşür). Noyabrın 28-də Spitak (Hamamlı) rayonunda 3 nəfər azərbaycanlı öldürüldü, 7 nəfər ağır yaralandı.
Noyabrın 29-da daşnak terror qruplarının təzyiq və təcavüzlərinə davam gətirməyən Basarkeçərin Aşağı və Yuxarı Şorca, Qayabaşı, Qoşabulaq, Subatan, Zağalı, Sarı Yaqub, Qaraqoyunlu, Nəriman, Ağkilsə, Zərkənd, İnəkdağı kəndlərinin əhalisi 44 nəfər itki verərək qarlı dağlar aşıb Kəlbəcər rayonu ərazisinə qaçdılar. Bir çox yaşlı adamlar, uşaq və qadınlar isə qarlı-çovğunlu havada donvurmadan həyatlarını itirdilər".
Kəmalə Nəcəfovanın fikrincə, o zaman Göyçə qızıl mədənlərində çalışan L.V.Tolstyakın şahid ifadəsindən bir məqama diqqət yetirmək kifayətdir: "1988-ci il noyabrın 27-də Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonradan Ermənistan KP MK-nın birinci katibi olmuş V.Movsesyan Vardeniz (Basarkeçər) rayonunun Zod kəndinə gələrək, yerli əhalinin kəndi tərk etməsi üçün 3 gün vaxt verdiyini, əks halda təhlükəsizliyə təminat verilməyəcəyini bildirdi. Elə həmin gün kəndə elektrik enerjisi və ərzaq verilməsi dayandırıldı, gecələr kənd atəşə tutuldu".
Tarixçi alim qeyd edib ki, 1988-ci ilin sonlarında bir tərəfdən Ermənistanın azərbaycanlılar yaşayan kəndlərinin əhalisi sıxışdırılır, kəndlərə ərzaq göndərilmir, elektrik xətləri kəsilir və silahlı basqınlar edilir, digər tərəfdən kəndləri tərk edən ailələrə yollarda divan tutulur, əmlakları qarət edilir, özləri isə qətlə yetirilirdi. Ermənistandan Azərbaycana gedən yollar üzərində bir neçə yerdə silahlı quldur dəstələri yerləşdirilmişdi. Onlar bütün maşınları saxlayır, sərnişinlərin sənədlərini yoxlayır, azərbaycanlıları maşından düşürür, əmlaklarını qarət edir, özlərini isə vəhşicəsinə qətlə yetirirdilər. Spitak zəlzələsinə (1988-ci il 7 dekabr) qədər Ermənistanda azərbaycanlıların yaşadıqları bütün rayonlarda erməni silahlı dəstələri kütləvi qırğınlar, qətl və qarətlər törətdilər. Erməni quldurları Stepanavan (Cəlaloğlu) rayonunun Kuybışev kəndində 3 azərbaycanlını soyuq silahla qətlə yetirdilər. Gərgər kəndində isə bir qadını diri-diri yandırdılar. Ermənistan rəhbərliyi zəlzələdən sonra da öz çirkin əməllərini davam etdirdi.
Müsahibimiz diqqətə çatdırıb ki, Ermənistanın aqressiyası xüsusən 1988-ci ilin iyun ayından - Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı SSRİ Ali Sovetinə edilən müraciət təmin olunmayandan sonra daha da artmışdı. İyunun 17-20-də Zəngibasar istiqamətində avtobuslarla (Masis rayonunun mərkəzinə və Zəngilər, Zəhmət, Dəmirçilər, Dostluq, Nizami, Sarvanlar kəndlərinə) edilən basqınlar və on minlərlə azərbaycanlının didərgin salınması bunu bir daha təsdiqləyir.
"Müvafiq sənədlər və şahidlərin verdikləri ifadələr əsasında 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyətində tərtib edilmiş siyahıya görə, 1988-1990-cı illərdə Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilib və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olub. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölüb, 34 nəfər işgəncə ilə öldürülüb, 20 nəfər odlu silahla qətlə yetirilib, 15 nəfər yandırılıb, 8 nəfər maşınla vurulub, 9 nəfər yollarda qəzaya uğradılıb, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölüb, 2 nəfər intihar edib, bir nəfər asılıb, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri suda boğub öldürülüb, 6 nəfər itkin düşüb, 20 nəfər xəstəxanadan yoxa çıxıb, 48 nəfər isə dağlarda borana düşüb həlak olub.
Hadisələrin qaynar dövrü ilin son aylarında baş verdiyindən soydaşlarımız şəxsi əşyalarını belə götürə bilməmişdilər", - deyə tarixçi alim fikrini yekunlaşdırıb.