"Tarixi Zəfərimiz ölkəmizin bütün dünyada nüfuzunu artırıb. Bununla əlaqədar Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı xeyli artıb. Xarici siyasətin əsas istiqamətlərindən biri kimi ölkəmizin Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələri daha da inkişaf edir. Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında demişdir ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib". Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, 200 milyondan çox insanın yaşadığı Türk dünyası geniş bir coğrafiyanı əhatə edir: "Türk dövlətləri arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq əlaqələri ildən ilə daha da möhkəmlənir. Prezident İlham Əliyev noyabrın 6-da Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının XI Zirvə Görüşündə iştirak etmək üçün Qırğız Respublikasının paytaxtı Bişkekdə səfərdə olub. Bişkekdə Sammit çərçivəsində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib, bu ilin iyul ayında Şuşa şəhərində keçirilən Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi isə əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Prezident İlham Əliyev qeyd edib ki, “Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür”. Ölkə başçımız əmin olduğunu bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər".