Əhmədinejad: “İran və Ermənistan xalqları bir-birindən ayrı düşə bilməzlər”
"İran və Ermənistan xalqları bir-birindən ayrı düşə bilməzlər". SİA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Mahmud Əhmədinejad Tehranda səfərdə olan Ermənistanın enerji və təbii ehtiyatlar naziri Armen Movsisyanla görüşündə deyib. İyunun 6-da başlayacaq Ermənistan səfərinə toxunan İran prezidenti bildirib ki, danışıqlar zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsinə xidmət edən qərarlar qəbul olunacaq: "İranla Ermənistan arasında əməkdaşlıq əlaqələri möhkəmlənməlidir. Region ölkələri öz problemlərini qarşılıqlı anlaşma yolu ilə həll etməlidirlər. İran və Ermənistan tarixi və mədəni əlaqələrə malikdir, onların xalqları isə çox yaxındır". Lakin ölkə daxilində gərginlik davam edir. İran parlamenti Əhmədinejadın işini məhkəməyə göndərib. İşin məhkəməyə göndərilməsinin "lehinə" 165 nəfər, "əleyhinə", 1 nəfər səs verib. 13 nəfər isə bitərəf qalıb. Qeyd edək ki, Mahmud Əhmədinejad neft, sosial təminat və sənaye nazirlərini işdən qovmuşdu. Nazirlər işdən İranda nazirliklərin rəhbərlərinin ixtisarı planı üzrə uzaqlaşdırılmışdılar.