PDF Oxu

Araşdırma

  • 12

Cənubi Qafqaz dünya üçün təhlükə mənbəyinə çevrilə bilər

Cənubi Qafqaz dünya üçün təhlükə mənbəyinə çevrilə bilər
Cənubi Qafqaz regionu bu gün dünyanın ən həssas və münaqişəyə meyilli bölgələrindən biri kimi tanınır. Sovet dövrünün qalıqlarının bölgədə xalqlar arasında ixtilafların yaranmasına səbəb olması buraya daimi diqqəti tələb edir ki, bu öhdəlik də məhz beynəlxalq təşkilatların boynuna düşür. Əlbəttə, mütəmadi olaraq, bu təşkilatların hesabatlarında və digər sənədlərində region ölkələri haqqında qeydlər yer almaqdadır. Lakin problemli cəhət ondan ibarətdir ki, çox hallarda bu qeydlər qərəzli və ikili standartlar baxımından özünü göstərir.
Bunu sübut etmək üçün müxtəlif faktlar göstərmək olar. Bu gün regionda maraqları olan bir sıra nüfuzlu ölkələrin öz maraqlarını təmin etməsi üçün regiondakı vəziyyəti istədikləri kimi şərh etməsi tendensiyası çox aydın şəkildə sezilir. Yəni kimə necə sərf edirsə, elə də münasibət bildirir. Məsələn, region ölkələri olan Ermənistan, Gürcüstan və Azərbaycanda baş verən hadisələr beynəlxalq birlik tərəfindən olduğu kimi yox, onların istədikləri kimi işıqlandırılır və bu məcrada da ona qiymət verilir. Azərbaycanda müşahidə olunan yüksək sürətli hərtərəfli inkişaf və davamlı ictimai-siyasi sabitlik beynəlxalq qurumlar tərəfindən düzgün şəkildə əks etdirilmir və buna müəyyən qısqanclıqla yanaşılır. Amma bununla yanaşı, Ermənistan və Gürcüstanda qeyri-demokratik rejimlərin törətdikləri əməllər heç bir reaksiyaya səbəb olmur. Belə olan halda, hansı demokratik yanaşmadan söhbət gedə bilər?
Bu günlərdə Gürcüstanda baş qaldırmış hakimiyyət əleyhinə kütləvi etiraz mitinqlərində müşahidə olunan qeyri-insani hadisələrə, artıq üstündən bir neçə gün keçməsinə baxmayaraq, beynəlxalq birlik tərəfindən heç bir reaksiya göstərilmir. Halbuki bu hadisələrdən bir az əvvəl Azərbaycana qarşı Avropa Parlamenti tərəfindən qətnamə qəbul olunmuşdu. Ölkədə söz azadlığının məhdudlaşdırılmasına qarşı yönəldiyi bildirilən bu sənədi sübut etmək üçün isə heç bir fakt yoxdur. İndi Gürcüstanda açıq-aydın müşahidə olunan söz və sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyət isə nəinki Avropa Parlamenti, eləcə də, digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən düzgün qiymətləndirilmir. Budurmu demokratiyanın təntənəsi? Budurmu demokratik dəyərlərin təminatı? Deməli, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı dövlətlər qarşısında öhdəlik qoyan təşkilatlar özləri bu tələblərə riayət etmirlər.
Gürcüstandakı hadisələri gözardı edənlər Ermənistandakı prosesləri də görə bilmirlər? Artıq illərdir Ermənistanda kök salmış avtoritar rejim, zor gücünə qurulmuş hakimiyyət, işğalçılıq siyasəti, tapdanan insan haqları, əslində, bu ölkəyə qarşı ən sərt tədbirlərin görülməsini tələb edir. Beynəlxalq təşkilatlar isə nədənsə bu addımı atmaqdan qorxurlar. Hər dəfə Ermənistandakı vəziyyətlə bağlı məsələ gündəmə gələndə beynəlxalq təşkilatlar ya susur, ya da müzakirələri təxirə salmaqla işlərinin başa çatması qənaətini möhkəmləndirirlər. Ermənistana qarşı qəbul olunmuş, lakin hələ də öz icrasını tapmayan sənədlər də az deyil. Bunun üçün BMT-nin 4 qətnaməsini göstərmək kifayətdir. Artıq 20 ilə yaxındır ki, regionda öz qonşuları tərəfindən təcridçilik siyasətinə məruz qalan Ermənistana qarşı belə bir münasibətin göstərilməsi hər halda səbəbsiz deyil. Görünür, bu vəziyyət də beynəlxalq birliyə sərf edir. Axı, onlar yalnız öz maraqlarının təmin olunmasına çalışırlar.
Bu gün dünyada demokratik dəyərlərin təşəkkül tapmasına və formalaşmasına çalışdığını göstərən beynəlxalq və regional təşkilatlar öz mövqelərini ikiüzlü siyasəi yeritməklə nümayiş etdirirlər. Lakin onlar bilməlidirlər ki, bu münasibət gec-tez öz mənfi nəticəsini verəcək. Dünyada ziddiyyətlərin kəskinləşdiyi bir vaxtda beynəlxalq təşkilatların bölgədə də ixtilafları dərinləşdirmək yönündə gördükləri işlər bunu deməyə əsas verir. Münaqişələrin alovlanmasını cəhd edən bu siyasətin tezliklə öz nəticəsini verməsi də gözləniləndir. Separatçılıq meyillərinin gücləndiyi bir regiona beynəlxalq birlik tərəfindən də qərəzli münasibət xalqlar arasında çox kəskin ziddiyyətlərə və münaqişələrin yaranmasına səbəb ola bilər.

Digər xəbərlər