Gürcüstan - dost, yoxsa...
Son günlər Azərbaycandan fərqli olaraq, regionun digər dövlətləri hesab olunan həm Ermənistanda, həm də Gürcüstanda qarmaqarışıqlıqlar hökm sürməkdədir. Ermənistanda nəyin necə olması barədə uzun-uzadı qeydlər etməyə isə ehtiyac duyulmur. Çünki oradakı vəziyyətin acınacaqlı durumdan da pis vəziyyətdə olması dünyaya bəllidir. Aclıq, səfalət, kütləvi köç və s...
Bəs Gürcüstanda nə baş verir? Hər halda düşündürücü sualdır. Belə ki, Ermənistandan fərqli olaraq, Gürcüstan dövləti hər zaman ölkəmizlə isti münasibətlərdə olub və bu münasibətlərin təməlində bəzi nüansların da dayandığı faktdır. Yəni Gürcüstanın varlığı AZƏRBAYCANIN bu dövlətə qarşı qardaşlıq münasibəti göstərməsidir. Dövlətimiz dəfələrlə qonşusunun qaz, elektrik və başqa borclarını təməldən silib. Bu möhtəşəm qonşuluq və isti münasibətlər jestini Ulu Öndərimiz Heydər Əliyev reallaşdırmışdı. Bu gün isə Azərbaycan Gürcüstana milyonlarla dollarlıq investisiyalar qoyur, Gürcüstanın iqtisadiyyatı məhz Azərbaycanın sayəsində ayaqda qalmağı bacarır. Bəs əvəzində nə olur, nəyə görə qonşu dövlətdə soydaşlarımıza qarşı ara-sıra arzuolunmaz şovinizm halları müşahidə edilir? Bir çox məsələlərdə soydaşlarımız süni əngəllərlə qarşılaşır, problemlərlə üzləşirlər? Bir də axı həm ərazi baxımından, həm də tarixi mənbələrdən bəllidir ki, qonşu dövlətin tərkibində olan Azərbaycan mahalları qədim türk-oğuz qollarının silinməz nişanələridir. Biz burada mənfur erməni xislətindən və bəzi gürcü millətçilərindən fərqli olaraq, heç bir qonşunun torpaqlarına göz dikmək və yersisz tələbdə bulunmağı qətiyyən fikrimizdən keçirmirik. Lakin...
Lakin bir həqiqəti danmaq mümkün deyil ki, Gürcüstanın hazırda düşdüyü siyasi durum daha kəskin vəziyyət ala bilərdi və qonşu Azərbaycan dövləti ona diqqət ayırmasa idi, baş verən hadisələrin daha hansı səviyyədə cərəyan edəcəyi ayrı istiqamətə yönələcəkdi. Qısası, Gürcüstan özü də içi Abxaziya və Cənubi Osetiya qarışıq işğala məruz qala, bununla da dövlət müstəqilliyini itirmək təhlükəsini yaşaya bilərdi. Düzdür, tərkibində olan iki mühüm ərazi hazırda qondarma da olsa öz "dövlət atributları" ilə dünya siyasətinə sırınmağa cəhd göstərir.Amma yenə də qonşu Azərbaycan dost və qardaş dediyi Gürcüstanın yanında oldu və tarixən sədaqətli qonşuluq siyasətini sərgilədi. Ancaq Ermənistan məlum Rusiya müdaxiləsindən dərhal sonra Cavaxetiyanı "Kiçik Ermənistan" elan etdi. Bu vaxt hörmətli qonşularımızın səsləri-pəsləri gəlmədi...
Əvəzində Gürcüstan dədə-baba Zaqatalamızı, Qax-mızı düz Şəkimizə qədər öz dilində "Sainqilo" adlandırır. Necə ki, Borçalımızı Kvemo-Kartli adlandırmışdı... Fəqət, tarixə müraciət etsək, gürcülərin özlərini gürcü dilində "sak", Gürcüstanı isə "sakvartelo" adlandırmaları arxasında mövcud faktlar dayanır. Məsələn, Qafqaz xalqları içində saklar deyilən xalq mövcud olub və bu xalq müasir Gürcüstanın aborigenləri hesab edilir. Yerdə qalanını isə oxucularımız müəyyənləşdirsinlər. Daha dəqiq desək, əgər hər hansı bir dövlətin yekdil adı mövcud deyilsə, demək, həmin dövlətin tarixinə bir də nəzər salmağa dəyər. Ən azından həqiqətləri öyrənmək üçün.
Gürcü parlamentinin qondarma erməni soyqırımının tanınması istiqamətində dəfələrlə müzakirələr aparması, təkliflərin səsləndirməsi, Gürcüstan Leyborist Partiyasının sədri Soso Şatberaşvilinin Bakıdakı gürcü səfirinin geri çağırılması ilə bağlı iddia qaldırması, Gürcüstan parlamentində erməni deputatların sayca gürcülərdən sonra gəlməsi (hansı ki, Gürcüstanda 600000 azərbaycanlı soydaşımız yaşayır, ermənilərin sayı isə yüz mini belə keçmir), Gürcüstanın dövlət rəsmilərinin Yerevandakı "soyqırımı" abidəsi önündə diz çökərək, oraya əklillər qoymaları sonra da əli azərbaycanlıların qanına bulaşmış erməni müdafiə naziri Seyran Ohanyanla dodaq-dodağa öpüşmələri kimi olaylara daha hansı qiyməti vermək mümkündür?! Yenə də qiyməti müdrik xalqımız verməlidir və verəcək də!