PDF Oxu

Araşdırma

  • 4

Ermənistan hakimiyyətinin hərəkətləri beynəlxalq ictimaiyyətin qınağına səbəb olub

Ermənistan hakimiyyətinin hərəkətləri beynəlxalq ictimaiyyətin qınağına səbəb olub
Məlum olduğu kimi, may ayının 18-dən etibarən Avropa Parlamentinin sədri Yeji Buzekin regiona səfəri başlayıb. İlk olaraq, Ermənistanda olan Y.Buzekin burada verdiyi bəzi bəyanatlar xüsusilə diqqətçəkən olub. Belə ki, Y.Buzek Yerevanda keçirilən mətbuat konfransında Ermənistan hakimiyyətini birbaşa olaraq ittiham etmişdir.
Y.Buzek qeyd edib ki, Avropa Parlamenti Dağlıq Qarabağı müstəqil bir qurum kimi tanımır və dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. O, həmçinin, bildirib ki, Avropanın hər bir bölgəsində təhlükəsizlik təmin olunmalıdır. "Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün isə münaqişə tərəflərinin buna hazır olması lazımdır."
Avropa Parlamenti sədrinin Ermənistanla bağlı daha bir ittihamı 2008-ci ilin 1 mart hadisələri ilə bağlı olub. Y.Buzek qeyd edib ki, 1 mart hadisələri Ermənistan üçün açıq yara olaraq qalır və onun həll edilməsi vacibdir. "Görüşlər zamanı Ermənistan rəhbərliyi məni inandırdı ki, bununla bağlı istintaq prosesi gedir və hadisənin açılması üçün mümkün olan hər şey ediləcək. Onlar, həmçinin, əmin etdilər ki, adıçəkilən işlə bağlı hər bir məhbusa qarşı münasibətdə araşdırma aparılacaq və bu, ədalətli olacaq". Y.Buzek qeyd etdi ki, hələ 2010-cu ilin dekabrında Ermənistan prezidenti ölkədə ciddi dəyişikliklərin olacağına söz vermişdi. Qeyd edək ki, 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərindən sonra S.Sarkisyanın prezident seçilməsinə qarşı Yerevanda kütləvi etiraz aksiyaları təşkil olunmuşdur ki, bunun da qarşısı çox böyük qəddarlıqla alındı. İnsan ölümü və kütləvi həbslərlə müşahidə olunan bu proses artıq bir neçə beynəlxalq və regional təşkilatların gündəliyinə çıxarılmış, bununla bağlı Ermənistana qarşı müxtəlif sənədlər qəbul olunmuşdur. Bir neçə dəfə Ermənistan rəhbərliyinə xəbərdarlığın edilməsinə baxmayaraq, hələ də bu hadisənin üstü açılmamış, həbs olunanlar azadlığa buraxılmamışdır. Avropa Parlamentinin də mövqeyi məhz Ermənistanın bu qeyri-demoktarik vəziyyəti düzəltməsi ilə bağlıdır. Artıq vəziyyət elə bir həddə çatıb ki, Ermənistan paytaxtında beynəlxalq təşkilatın sədri ölkə rəhbərliyini ittiham etməkdən çəkinmir.
Y.Buzekin Ermənistana səfəri və orada səsləndirdiyi fikirlər bir daha onu deməyə əsas verir ki, bu gün Ermənistan istər daxili, istərsə də xarici siyasi xəttinə görə Avropa Birliyini qane etmir və bu hal qətiyyətlə pislənilir. Digər bəyanatlarla yanaşı, Y.Buzekin də bəyanatını Ermənistan hakimiyyətinə bir çağırış və xəbərdarlıq kimi qiymətləndirmək olar. Bu xəbərdarlıqlar da sonsuz deyil. Ermənistanın  tez bir zamanda öz mövqeyindən geri çəkilməyəcəyi təqdirdə, ona qarşı qəbul olunmuş sənədlər və bəyanatlar reallıqda öz əksini tapa və ölkə rəhbərliyinə qarşı tətbiq oluna bilər. Bu isə bir növ Ermənistanın Avropadan və ümumiyyətlə, dünyadan təcrid olunması deməkdir. Artıq heç bir beynəlxalq təşkilat tərəfindən Ermənistanın işğalçı, eləcə də, daxildə aparılan qeyri-demokratik siyasətin qəbul olunmaması bunu deməyə əsas verir. Ermənistan rəhbərliyi başda prezident S.Sarkisyan olmaqla, öz mövqeyindən geri çəkilməzsə, bunun acı nəticələri bütövlükdə ölkəni əhatə edəcək ki, bu da hakimiyyətin dağılmasına səbəb ola bilər.

Digər xəbərlər