PDF Oxu

Araşdırma

  • 5

Ermənistandan kütləvi mühacirət başlayıb

Ermənistandan kütləvi mühacirət başlayıb

Ermənistan mediasının verdiyi məlumatlara görə, işğalçı ölkənin vətəndaşları dövlətin perspektivlərinə olduqca bədbin yanaşırlar. Belə ki, ağır sosial-iqtisadi vəziyyət, çətinləşən yaşam şərtləri, işsizliyin kütləvi hal alması və ölkə iqtisadiyyatının büsbütün inhisarlaşması Ermənistan vətəndaşlarını tamimilə ümidsizləşdirib. Ölkəsində iş tapa bilməyən və işsizlikdən bezən ermənilər kütləvi şəkildə xarici ölkələrə üz tuturlar.

Ermənilərin sabaha ümidi qalmayıb

Ermənistanı müstəqilliyini əldə etməsindən keçən dövrdə ən dəhşətli miqrasiya dalğası gözləyir. Bunu erməni KİV hökumətin apardığı tədqiqatlara istinadən yazır. "Aykakan Jamanak" qəzeti yazır ki, hazırkı siyasi vəziyyət dəyişməsə, ilin sonunadək ölkəni daha 300 min insan tərk edəcək. Qəzet mənbələrinin dediyinə görə, bu 300 min hələ Gürcüstana miqrasiya edən Ermənistan vətəndaşlarına aid deyil- onların əksəriyyəti qonşu ölkədə işləyir, tez-tez vətənə gəlir və geri dönür. Bu səbəbdən, onları Ermənistanda yaşayan vətəndaşlar saymaq olar.
Eyni tədqiqatın nəticələrinə görə, Ermənistanda miqrasiyanın səviyyəsinin yüksəlməsi əhalinin 80%-ində sabaha inamın olmaması və məyusluqla əlaqədardır. "Bu prosesi dayandırmaq üçün insanlar yenidən sabaha inanmalıdır. Bu problemi isə yalnız hakimiyyətin dəyişməsi ilə həll etmək mümkündür. Aparılmış tədqiqatın nəticəsi ortatadır: ya hakimiyyət dəyişikliyi, ya da ermənilərsiz Ermənistan", - deyə məqalə müəllifləri yazır.
Yerevan Miqrasiya Problemləri Mərkəzinin eksperti H.Manukyan hakimiyyət təmsilçilərinin ölkəni cənginə alan mühacirətin dəhşətli səviyyəyə çatdığını etiraf etmək istəmədiklərinə təəssüflə yanaşıb: "İmkanı olan başını götürüb qaçır. Elə kəndlər var ki, orada hər 10 evdən 5-6-sında işıqlar yanmır. Gedənlərin tam əksəriyyəti 25-40 yaş arasında olanlardır. Belədirsə, Ermənistanda kim qalıb işləyəcək və əgər müharibə olarsa, bu ölkəni kim, necə qoruyacaq?"
Ermənistan İnsan Haqları Mərkəzinin son hesabatında vurğulanır ki, ölkənin iri şəhərlərində keçirilən miqrasiya problemlərinə həsr olunmuş sorğuya qatılan yetkinlik yaşına çatmış respondentlərin 73 faizi imkanları olsa ölkəni tərk edəcəklərini bildiriblər.
Erməni sosioloqlarının fikrincə, əgər kütləvi mühacirətin qarşısı alınmasa, o zaman, ölkədəki vəziyyət daha da pisləşəcək ki, bu da Ermənistanın bölgənin ən yoxsul və perspektivsiz dövlətinə çevrilməsinə səbəb olacaq. Öz növbəsində, yaxın gələcək üçün proqnozlar da ümidverici deyil.
Erməni KİV-nin məlumatlarına görə, həyat şəraitinin ağırlaşacağı təqdirdə, qonşu Gürcüstana üz tutaraq orada biznes qurmuş şəxsləri nəzərə almamaq şərti ilə cari ilin sonunadək işğalçı ölkəni daha 300 min nəfərin tərk edəcəyi gözlənilir. Miqrasiyanın belə yüksək səviyyədə olması əhalinin 80 faizinin nə sabaha, nə də Ermənistanın gələcəyinə inamının olmaması ilə bağlıdır.

Ermənistan Azərbaycana tay deyil

Əgər bu il Ermənistanı bir tikə çörək tapmaq üçün 300 min insan tərk edirsə, Azərbaycana hər il iş dalınca 10 minlərlə əcnəbi gəlir. Yalnız ötən il Azərbaycanda vətəndaşlığı olmayan, təxminən, 10 min əcnəbi əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə alıb. Burada söhbət hələ qeyri-leqal çalışanlardan getmir. Rəsmi məlumata görə, hazırda Azərbaycanda 92 ölkənin nümayəndələri işləyir.
Erməni sosioloqların araşdırması göstərib ki, əhalinin, təxminən, 60%-i ölkədəki iqtisadi vəziyyətdən narazıdır. Bunu "Qafqazın Tədqiqat Resursları Mərkəzinin" (CRRC) Ermənistan filialının direktoru Egine Manasyan USAID, CRR və "Avrasiya" fondu tərəfindən aparılmış sorğunun nəticələrini açıqlayan zaman bildirib.
Layihə rəhbərinin sözlərinə görə, rəyi soruşulanların 69%-i ən ciddi problem kimi işsizliyi göstərib. Digər problemlər sırasında inflyasiya, yoxsulluq, gəlirlərin aşağı olması, korrupsiya və emiqrasiya qeyd edilib.
İki ölkənin iqtisadi imkanlarının son 10 ildəki səviyyəsi hər şeyə aydınlıq gətirir. Əgər 2000-ci ildə Azərbaycanda ÜDM Ermənistanınkından 2,7 dəfə yüksək idisə, 10 il sonra bu fərq 5,5 dəfəyə çatıb. 2005-ci ildə Azərbaycan və Ermənistanda adambaşına düşən ÜDM-nin həcminə görə vəziyyət təxminən eyni idi. 2010-cu ildə isə bu göstəricidə Azərbaycan Ermənistanı 2 dəfə üstələyib.
2005-ci ildə Azərbaycanın Dövlət Büdcəsinin gəlirləri Ermənistan büdcəsinin gəlirlərini 2,6 dəfə, 2010-cu ildə isə 7 dəfəyədək üstələyib. Müvafiq olaraq büdcə xərcləri arasındakı fərqə görə də 2005-ci ildə Azərbaycan Ermənistanı 2,5, ötən il isə 6,4 dəfə üstələyib.
Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabərdir. Qüvvələr balansını strateji valyuta ehtiyatları arasındakı fərq də açıq-aşkar göstərir. Bu göstəricidə Azərbaycan Ermənistanı 16 dəfə üstələyir.
Azərbaycan və Ermənistanın ÜDM-ə nisbətdə xarici borcunun həcminə də nəzər salmaq yerinə düşər. Azərbaycanda bu, ÜDM-in cəmi 7,42%-ni təşkil edirsə, Ermənistanda 2010-cu ilə xarici borc ÜDM-in 44%-ni təşkil edir.
Göründüyü kimi, münaqişənin həll olunmaması Ermənistanı getdikcə daha ağır duruma salır. Gec, ya tez bu bu problem həll olunacaq, amma bu, Ermənistanın tamamilə məhv olmasından öncə baş versə, ermənilər üçün daha yaxşı olardı.

Digər xəbərlər