PDF Oxu

Araşdırma

  • 10

Sarkisyanın bəyanatları qorxaqlıqdan irəli gəlir

Sarkisyanın bəyanatları qorxaqlıqdan irəli gəlir
Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi nəzərdə tutulur. Keçiriləcək üçtərəfli görüşün əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olacaq. Prezidentlərin iyun ayında nəzərdə tutulan görüşü ilə bağlı millət vəkili Musa Qasımlı "Səs" qəzetinə açıqlamasında bildirdi ki, dövlət başçılarının budəfəki üçtərəfli görüşündən gözləntilərimiz çoxdur: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik. Təəssüf ki, işğalçı Ermənistan həmişə məsələni mürəkkəbləşdirir, sülh danışıqlarını uzadır. Ermənistan heç olmasa, budəfəki görüşdə beynəlxalq hüquqa zidd olan mövqeyindən əl çəkməlidir".
Millət vəkili onu da vurğuladı ki, Rusiyanın bütün sahələrdə Ermənistan kimi təcavüzkar dövlətə təsir və təzyiq imkanları çox böyükdür. Əgər Rusiya qısa zaman kəsiyində Dağlıq Qarabağ prosesinin ədalətli həllini istəyirsə, o zaman işğalçı dövlət olan Ermənistanı sərt mövqeyindən əl çəkməyə vadar etməlidir. Amma rəsmi Moskva isə bunu etmir.
M. Qasımlı qeyd etdi ki, Rusiya rəhbərliyi etiraf edir ki, biz münaqişə tərəflərindən heç birinə təzyiq və təsir göstərə bilmərik. Amma məsələ burasındadır ki, tərəf adlandırılanlardan biri torpaqları zəbt edilən, digəri isə, zəbt edəndir. Zəbt edənin kimin köməyi ilə bu zəbti gerçəkləşdirdiyi də məlum məsələdir. Göründüyü kimi, torpağı tutulanla tutan eyni gözdə görülərək "tərəf" adlandırılır. Guya neytrallıq tam qorunur. Əslində isə, bu oyun vasitəçi neytrallığı pərdəsi altında oynanılır: "Rusiya Güney Qafqazdakı reallığı daha dəqiq şəkildə qiymətləndirməli, bölgənin ən aparıcı dövləti olan Azərbaycanla səmimi və sıx əməkdaşlıq əlaqələri qurmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ savaşının Ermənistanla yanaşı Rusiyaya da yaxşı heç nə vəd etməyəcəyi birmənalıdır. Çünki əgər təcavüzkar Ermənistanla Azərbaycan arasında olan birinci savaş rəsmi Moskvanın Cənubi Qafqaz üzərində təsirinin xeyli zəifləməsi ilə nəticələndisə, ikinci savaş, tam itirilməsinə aparıb çıxara bilər.
S.Sarkisyanın müharibə ilə bağlı səsləndirdiyi bəyanata toxunan M. Qasımlı vurğuladı ki, söylənilən bu tip bəyanatların qətiyyən heç bir real əsası yoxdur. Belə bir bəyanat, sadəcə olaraq, ölkə daxili auditoriyanın inqilab ruhunu sakitləşdirməyə hesablanır: "Hər bir ölkə müharibəni insan ehtiyatları, iqtisadi qüdrət, xalqın mənəvi psixoloji ruhu, hərbi sənaye kompleksi və digər amillərin təsiri altında aparır. Həmin amillər isə Ermənistanda yoxdur. İşğalçı Ermənistanla Azərbaycan arasında müqayisə aparsaq Sarkisyanın nə qədər yalan, məntiqsiz danışdığı aydın olar. İstər əhali, texnoloji gücü, istərsə də iqtisadi resurslar baxımından Ermənistan Azərbaycandan qat-qat zəif və gücsüz ölkədir. Məlum məsələdir ki, əgər bu gün Ermənistana başqa dövlətlər yardım etməsə, ümumiyyətlə, dünya xəritəsi üzərindən birdəfəlik silinər".
Millət vəkili müharibənin başlayacağı təqdirdə, Ermənistanın məğlubiyyətinin qaçılmaz olduğunu da vurğuladı. Və əlavə etdi ki, əgər müharibə başlayarsa, Azərbaycan Silahlı Qüvvələri çox qısa zaman kəsiyində işğal altında olan torpaqları azad edəcək. Belə bir gücümüzün olduğu bütün ölkələrə o sıradan da Ermənistan və Rusiyaya bəllidir.

Digər xəbərlər