PDF Oxu

Araşdırma

  • 16

Avropa Parlamentinin qərəzli qətnaməsi onu nüfuzdan salır

Avropa Parlamentinin qərəzli qətnaməsi onu nüfuzdan salır
Məlum olduğu kimi, ötən həftə Avropa Parlamentinin növbəti sessiyasının iclası zamanı Azərbaycanla bağlı qətnamə qəbul olunmuşdur. Qətnamədə yer alan bəzi məqamların qeyri-obyektiv olması və reallığı əks etdirməməsi Azərbaycan tərəfinin haqlı etirazına səbəb olmuş, buna qarşı dövlət qurumları tərəfindən dərhal reaksiya göstərilmişdir. Avropa Parlamentinin gözlənilmədən belə bir məzmunlu sənəd qəbul etməsi təəccüblu olduğu qədər də arxasında hansı məqsədlərin dayanması ilə də diqqəti cəlb edir.
Sənəddə ötən il Azərbaycanda keçirilən seçkilərə də toxunulub. Ölkədə demokratiyanın inkişaf etdirilməsi üçün bu seçkilərin hələ də tam şəkildə ürəkaçan olmadığı bildirilsə də, seçkilərin sakit bir şəraitdə keçirilməsi və bütün siyasi partiyaların prosesdə iştirakı müsbət qiymətləndirilib. Eyni zamanda, müzakirələrdə Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması Avropa Parlamentinin deputatları tərəfindən müsbət qiymətləndirilib. Bununla belə, sənəddə guya Azərbaycanda son dövrlər kütləvi mitinqlər keçirildiyi və mitinqlərdə həbslərin baş verməsi tənqid olunur.
Azərbaycanda söz azadlığının mövcud durumu ilə bağlı məsələnin müzakirəsinə gəldikdə, bu məsələ ətrafında çıxış edən Avropa Parlamentinin üzvləri Azərbaycanda siyasi azadlıqlar sahəsində irəliləyişlərin olduğunu bildirsələr də, Azərbaycanda söz və mətbuat azadlığının ürəkaçan olmadığını qeyd edib və Azərbaycan hökumətini bu istiqamətdə müsbət addımlar atmağa çağırıblar.
Bununla bağlı, yuxarıda da qeyd etdiyimiz kimi, ölkənin bir sıra dairələri tərəfindən sərt reaksiya göstərilmiş və qətnamə və onun tərkibində yer alan məqamlar tənqid olunmuşdur. Ölkənin hakim Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin Azərbaycana dair qətnaməsi ilə bağlı bəyanat verib. Bəyanatda Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini qərəzli və qeyri-obyektiv hesab edib: "Azərbaycanla Avropa arasında əməkdaşlığın çox böyük potensialına və indiki yüksək səviyyəsinə baxmayaraq, Avropa Parlamentinin 12 may 2011-ci il tarixli sessiyasının plenar iclasında qəbul edilən qətnamədə bir sıra həqiqətə uyğun olmayan müddəaların yer alması ölkə ictimaiyyəti tərəfindən dərin təəssüf hissi ilə qarşılanıb. Qətnamədə Azərbaycanda söz və mətbuat azadlığı, həmçinin, sərbəst toplaşmaq hüququnun pozulması ilə bağlı fikirlər qətiyyən obyektiv vəziyyəti əks etdirmir. Habelə, qətnamədə siyasi məhbus və siyasi baxışlarına görə insanların həbs olunması müddəası da həqiqətə uyğun deyil və obyektiv araşdırma aparılmadan sənədə daxil edilib".
Bəyanatda qətnamənin ciddi araşdırma aparılmadan hazırlandığı da vurğulanıb: "Qətnamənin qəbul edilməsi qurumun ikili standartlar mövqeyinə və Avropa Birliyi ilə Azərbaycan arasında geniş əməkdaşlıq imkanlarının ötəri maraqlara qurban vermək istəyindən xəbər verir. Belə bir qərəzli və qeyri-obyektiv qətnamənin qəbul edilməsinin Avropa Parlamenti prezidentinin Azərbaycana səfəri ərəfəsinə təsadüf etməsi də xüsusilə düşündürücüdür və nə Avropa Birliyinin, nə də Azərbaycanın maraqlarına xidmət edir".
Bununla yanaşı, Prezident Adminstrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da bununla bağlı xüsusi bəyanat yayaraq hər hansı əsaslı araşdırma aparmadan və Azərbaycanın rəsmi qurumlarının mümkün mövqeyini öyrənmədən çox məhdud miqyaslı və məhdud sayda insanın cəlb olunduğu formatda bəzi hadisələrlə bağlı təcili müzakirələr prosedurundan Azərbaycana qarşı sui-istifadə olunmasının ölkəmizin nüfuzuna xələl yetirməyə yönəldiyini vurğulayıb. Bu bəyanatdan da aydın olur ki, Azərbaycan tərəfinin qətnamənin qəbuluna münasibəti birmənalıdır və heç bir halda qəbul olunmur. Ölkədəki obyektiv reallığı əks etdirməməsi qətnamənin qərəzli olduğunu və arxasında başqa məqsədlərin dayandığını göstərmiş olur.
Bu arada Avropa Parlamentinin ölkəmizdəki nümayəndəsi Roland Kobia da Azərbaycan dövlətinin məsələ ilə bağlı mövqeyinə münasibət bildirərkən Avropa Parlamentinin qəbul etdiyi qətnaməni əsaslandırmağa və onu müdafiə etməyə çalışıb. O bildirib ki, Avropa Parlamentinin rolu prinsipləri xatırlatmaq, durumu qanunvericilik və siyasi bəyannamələr yolu ilə yaxşılaşdırmağa dair təkliflər irəli sürməkdən ibarətdir: "Birbaşa seçki yolu ilə formalaşan və 500 milyona yaxın insanın maraqlarını təmsil edən instituta hörmətlə yanaşmaq lazımdır. Bir neçə ay əvvəl Avropa Parlamenti Azərbaycana dair daha pozitiv hesabat qəbul edib, son qətnamənin ruhu daha tələbkardır, orada narahatlıq ifadə olunur və bunun səbəbləri olmalıdır."
Roland Kobia bildirib ki, Avropa institutları Azərbaycan Konstitusiyasında əksini tapmış azadlıqların daha effektiv realizə olunması üçün ölkəmizlə genişmiqyaslı əməkdaşlıqdan yararlanmaq istəyir: "Bu, ölkənin öz xeyiri üçün edilir, başqasının xeyiri üçün deyil. Korrupsiya ilə mübarizə Azərbaycan hökumətinin irəli sürdüyü yaxşı təşəbbüsdür və bu təşəbbüsü davam etdirmək və genişləndirmək lazımdır. Biz Azərbaycanla bu və digər sahələrdə əməkdaşlığımızın daha da inkişaf etməsini gözləyirik".
Göründüyü kimi, R.Kobia da öz açıqlamasında qətnamədəki məqamları ört-basdır etməyə, müxtəlif bəhanələrlə ona haqq qazandırmağa çalışıb. Lakin hər halda qəbul olunmuş qətnamə qeyri-obyektivdir və heç bir reallığı əks etdirmir. Bunun qəbul olunmasının arxasında duran məqsədlərə gəldikdə isə, demək olar ki, burada Azərbaycana qarşı haqsızlıq və ona siyasi təzyiqetmə qabardıla bilər. Yəni, bu gün Azərbaycanın regionda və dünyada artan nüfuzunun kimlərisə narahat etməsi bu və ya digər qurumlar tərəfindən ölkəmizə qarşı ayrı-seçkiliyə yol verilməsinə gətirib çıxarır. Əgər adıçəkilən qətnamədə yer alan məqamlarla bağlı ölkəmizdə obyektiv araşdırılma aparılsa, bu fikirlərin tam əksinin mövcud olduğunu görmək olar. Lakin nədənsə beynəlxalq təşkilatlar heç bir araşdırma aparmadan öz subyektiv rəylərini ortaya qoyaraq, Azərbaycanı tənqid etməkdə maraqlıdırlar.
Təbiidir ki, bu gün Azərbaycan gerçəkləşdirdiyi layihələrlə bütün dünya dövlətlərini özü ilə hesablaşmağa vadar edir. Bundan narahat olan qüvvələr isə ölkəmizə qarşı əks təbliğatın aparılmasında maraqlıdırlar. Azərbaycanda bütün sahələrdə yüksək sürətli inkişafın əldə olunmasına baxmayaraq, onlar kiçik nöqsanları belə qabartmağa və böyük problemlərin olduğunu göstərməyə çalışırlar. Əlbəttə, nəinki Avropa Parlamentinin hər hansı bir digər təşkilatın da Azərbaycandakı reallığı təhrif etməklə, nəyəsə nail olacağı güman edilə bilməz. Bu baxımdan Azərbaycandakı vəziyyəti təhrif edən qurumlar özlərinin nüfuzu və onlara olan inam barədə düşünməlidirlər. Yəni bu cür qərəzli və səhv sənədlər tərtib etməklə, Avropa Parlamenti də, digər təşkilatlar da özlərini nüfuzdan salırlar.

Digər xəbərlər