ATƏT Azərbaycanda söz və mətbuat azadlığının yüksək səviyyədə təminatını alqışlayır
Bu günlərdə ölkəmizdə keçirilən "Qanunvericilik islahatları vasitəsilə diffamasiyanın dekriminallaşdırılması" mövzusunda konfrans Azərbaycanda söz və mətbuat azadlığının təminatında əldə olunan uğurları bir daha göstərmiş oldu. Konfrans zamanı aparılan müzakirələr və səsləndirilən fikirlər Azərbaycanın söz və mətbuat azadlığında böyük inkişafa nail olunduğunu, bu sahədə aparılan islahatların isə özünü ən yüksək səviyyədə göstərdiyini deməyə əsas verir.
Konfransda iştirak edən ATƏT-in media ofisinin rəhbəri Dunya Miyatoviç "Regnum" İA-ya açıqlamasında da Azərbaycandakı yüksək səviyyəli söz və mətbuat azadlığını xüsusilə vurğulamışdır. "ATƏT diffamasiya haqqında qanunun müzakirəsi ilə bağlı təşəbbüsünə görə Azərbaycan hökumətinin mövqeyini alqışlayır. Biz şadıq ki, son vaxtlar Azərbaycanda diffamasiya məsələlərinə görə jurnalistlər cinayət məsuliyyətinə cəlb olunmayıblar. Bundan əlavə, çox sevindirici haldır ki, Azərbaycanda jurnalistlərə qarşı məhkəmə iddialarının sayı azalıb. Söz azadlığının təmin olunması hər bir demokratik ölkənin öhdəliklərindən biridir. Əgər Azərbaycan demokratik inkişaf yolu seçibsə, o da bu məsələdə məsuliyyətli və daha dözümlü olmalıdır. Ancaq düşünmək lazım deyil ki, Qərbin inkişaf etmiş ölkələrdə media ilə problemlər mövcud deyil. Orada da öz problemləri var və bizim ofis bu ölkələrdə də pozuntuları qeydə alır. ATƏT söz azadlığının inkişafında və diffamasiya haqqında qanunun qəbul olunmasında Azərbaycan hökumətinə yardım göstərməyə hazırdır."
D.Miyatoviçin də dediyi kimi, Azərbaycanda adıçəkilən sahədə əldə olunan nailiyyətləri qeyd etməmək olmaz. Onun bu bəyanatı bir növ digər beynəlxalq təşkilatlara da bir mesaj kimi qiymətləndirilə bilər. Yəni bu gün Azərbaycanda söz və mətbuat azadlığının məhdudlaşdırılması ilə əlaqədar hesabatlar yayan bəzi təşkilatlar bu mövqeyi görməli və subyektiv rəy əsasında hesabat tərtib etməməlidirlər. Onsuz da Azərbaycan öz layiqli qiymətini digər nüfuzlu təşkilatlar tərəfindən alır və alacaqdır. Hər nə qədər ölkəmizin nüfuzunu aşağı salmağa çalışsalar da, Azərbaycan dövləti apardığı siyasətdə düzgündür və sonuna kimi də bunun arxasında duracaqdır.