Ermənistanı Azərbaycanla müharibəyə başlamasından keçən dövrdə "ən dəhşətli" miqrasiya dalğası gözləyir. Bunu erməni KİV hökumətin apardığı tədqiqatlara istinadən yazır. "Aykakan Jamanak" ("Erməni vaxtı") qəzeti yazır ki, hazırkı siyasi vəziyyət dəyişməsə, ilin sonunadək ölkəni daha 300 min insan tərk edəcək. Qəzetin mənbələrinin dediyinə görə, bu 300 min hələ Gürcüstana miqrasiya edən Ermənistan vətəndaşlarına aid deyil- onların əksəriyyəti qonşu ölkədə işləyir, tez-tez vətənə gəlir və geri dönür. Bu səbəbdən, onları Ermənistanda yaşayan vətəndaşlar saymaq olar.
Ermənilərsiz
Ermənistan?
Eyni tədqiqatın nəticələrinə görə, Ermənistanda miqrasiyanın səviyyəsinin yüksəlməsi əhalinin 80%-də sabaha inamın olmaması və məyusluqla əlaqədardır. "Bu prosesi dayandırmaq üçün insanlar yenidən sabaha inanmalıdır. Bu problemi isə yalnız hakimiyyətin dəyişməsi ilə həll etmək mümkündür. Aparılmış tədqiqatın nəticəsi ortadadır: ya hakimiyyət dəyişikliyi, ya da ermənilərsiz Ermənistan", - deyə məqalə müəllifləri yazır.
Yerevan Miqrasiya Problemləri Mərkəzinin eksperti H.Manukunyan hakimiyyət təmsilçiləri ölkəni cənginə alan mühacirətin dəhşətli səviyyəyə çatdığını etiraf etmək istəmədiklərinə təəssüflə yanaşıb: "İmkanı olan başını götürüb qaçır. Elə kəndlər var ki, orada hər 10 evdən 5-6-da işıqlar yanmır. Gedənlərin tam əksəriyyəti 25-40 yaş arasında olanlardır. Belədirsə, Ermənistanda kim qalıb işləyəcək və əgər müharibə olarsa, bu ölkəni kim, necə qoruyacaq?"
Ermənistan İnsan Haqları Mərkəzinin son hesabatında vurğulanır ki, ölkənin iri şəhərlərində keçirilən miqrasiya problemlərinə həsr olunmuş sorğuya qatılan yetkinlik yaşına çatmış respondentlərin 73 faizi imkanları olsa ölkəni tərk edəcəklərini bildiriblər.
Politoloq Fuad Axundovun fikrincə, Ermənistanda yalnız hakimiyyətin dəyişdirilməsi ilə siyasi, iqtisadi və müvafiq olaraq demoqrafik vəziyyəti düzəltmək mümkün olmayacaq: "Rəsmi Yerevan, demək olar ki, bütün qonşularına qarşı təcavüzkar siyasətinin əsirinə çevrilib. Məhz bu siyasət Ermənistanın regionda reallaşdırılan miqyaslı layihələrdən kənarda qalmasının səbəbidir. Nəticədə, Ermənistanda əhalinin yaşamaq üçün süründüyü vaxtda onun qonşularında həyat səviyyəsi Avropanın ən inkişaf etmiş dövlətlərindəkindən heç də pis deyil".
Politoloqun fikrincə, bu acınacaqlı durumdan çıxış yolu var: "Bunun üçün əsas görülməli olan iş Ermənistan-Azərbaycan münaqişəsinin həllidir. Bunu Yerevan da anlayır. Amma Ermənistanın hakim Qarabağ klanı xalq qarşısında bunu etiraf etməyə özündə güc tapmırsa, eks-prezident Levon Ter-Petrosyanın simasında müxalifət Qarabağ probleminin həllinin, ilk növbədə, Ermənistan üçün həyati əhəmiyyətə malik olduğunu açıq şəkildə dilə gətirir".
Yerevan seçim
qarşısında
Qeyd edək ki, hələ 1997-ci il sentyabrın 26-da Ermənistan prezidenti kimi, L.Ter-Petrosyan keçirdiyi geniş mətbuat konfransında çoxları üçün gözlənilməz bəyanat səsləndirmişdi: "Bu gün bizim rədd etdiklərimizi gələcəkdə özümüz istəyəcəyik. Amma o zaman onu da ala bilməyəcəyik... Realist olmaq və anlamaq lazımdır ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağdakı vəziyyətlə uzun müddət barışmayacaq. Çünki bu vəziyyət regional əməkdaşlığa, təhlükəsizliyə, Qərbin neft maraqlarına ziddir".
Ən başlıcası, L.Ter-Petrosyan hələ o zaman açıq şəkildə bildirirdi ki, Ermənistan seçim qarşısındadır: ya Qarabağ probleminin həllində kompromis, ya da uzun illər ərzində iqtisadi durğunluq, aşağı yaşayış səviyyəsi: "Ermənistan normal dövlət olmayacaq. Qarabağ problemi çözülmədən, blokada aradan qalxmadan biz yaxşı yaşaya bilməyəcəyik. Ya bu, ya o.
Ya bütün dünyaya deməliyik: kənara çəkilin, problemimizi özümüz həll edəcəyik, öz gücümüzə əminik və heç bir güzəştə getməyəcəyik. Amma bu halda heç kəsin yaşayış səviyyəsinin yaxşılaşdırılmasını tələb etməyə haqqı çatmayacaq. Əksinə, yaşayış səviyyəsinin daha da aşağı düşəcəyi fikri ilə barışmaq lazım gələcək. Ya da yaxşı yaşamaq, iqtisadiyyatımızı inkişaf etdirmək istəyiriksə, özümüzdə cəsarət tapmalı, ciddi qarşılıqlı güzəştlərə getməliyik".
O vaxtdan 14 il keçir və həyat göstərir ki, Ermənistan əhalisi ölkənin hazırkı rəhbərliyi tərəfindən devrilmiş L.Ter-Petrosyanın sözünə qulaq asmalı idi. O, bir müddət öncə BBC-nin Rusiya xidmətinə verdiyi müsahibəsində də bir daha bu məqama işarə edib.
L.Ter-Petrosyan bildirib ki, o zaman Dağlıq Qarabağ münaqişəsinin həlli planının iflasına "qarabağlılar (Ermənistanın hazırkı rəhbərliyi) səbəb olub. Onlar məsələyə maksimalistcəsinə yanaşıblar, əldə olunanları az hesab ediblər, bir az da sıxaraq, daha çoxuna nail olmağın mümkünlüyünü düşünüblər".
Əgər bu il Ermənistanı bir tikə çörək tapmaq üçün 300 min insan tərk edirsə, Azərbaycana hər il iş dalınca 10 minlərlə əcnəbi gəlir. Yalnız ötən il Azərbaycanda vətəndaşlığı olmayan, təxminən, 10 min əcnəbi əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə alıb. Burada söhbət hələ qeyri-leqal çalışanlardan getmir. Rəsmi məlumata görə, hazırda Azərbaycanda 92 ölkənin nümayəndələri işləyir.
Antipod qonşular
Erməni sosioloqların araşdırması göstərib ki, əhalinin, təxminən, 60%-i ölkədəki iqtisadi vəziyyətdən narazıdır. Bunu "Qafqazın tədqiqat resursları mərkəzinin" (CRRC) Ermənistan filialının direktoru Egine Manasyan USAID, CRR və "Avrasiya" fondu tərəfindən aparılmış sorğunun nəticələrini açıqlayan zaman bildirib.
Layihə rəhbərinin sözlərinə görə, rəyi soruşulanların 69%-i ən ciddi problem kimi işsizliyi göstərib. Digər problemlər sırasında inflyasiya, yoxsulluq, gəlirlərin aşağı olması, korrupsiya və emiqrasiya qeyd edilib.
Politoloq Fuad Axundov iki ölkənin iqtisadi imkanlarının müqayisəsinə diqqət çəkir: "2000-ci ildə Azərbaycanda ÜDM Ermənistanınkından 2,7 dəfə yüksək idisə, 10 il sonra bu fərq 5,5 dəfəyə çatıb. 2005-ci ildə Azərbaycan və Ermənistanda adambaşına düşən ÜDM-nin həcminə görə vəziyyət təxminən eyni idi. 2010-cu ildə isə bu göstərici də Azərbaycan Ermənistanı 2 dəfə üstələyib.
2005-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri Ermənistan büdcəsinin gəlirlərini 2,6 dəfə, 2010-cu ildə isə 7 dəfəyədək üstələyib. Müvafiq olaraq büdcə xərcləri arasındakı fərqə görə də 2005-ci ildə Azərbaycan Ermənistanı 2,5, ötən il isə 6,4 dəfə üstələyib.
Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabərdir. Qüvvələr balansını strateji valyuta ehtiyatları arasındakı fərq də açıq-aşkar göstərir. Bu göstəricidə Azərbaycan Ermənistanı 16 dəfə üstələyir.