PDF Oxu

Araşdırma

  • 13

Ermənistan minilliyin proqramından kənarlaşdırılıb

Ermənistan minilliyin proqramından kənarlaşdırılıb
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində nədənsə passivlik müşahidə olunur. Bəziləri bunu ATƏT-in Minsk Qrupunun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsi ilə, bəzi politoloqlar, siyasi analitiklər isə Ermənistanın konstruktiv danışıqlar aparmaq imkanına malik olmaması ilə əlaqələndirirlər. Maraqlı görünsə də, Rusiya dövləti mövcud vəziyyəti dəyişmək üçün yenidən növbəti təşəbbüslərlə çıxış edir. Belə ki, iyun ayında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada üçtərəfli görüşünü təşkil etmək nəzərdə tutulur.
Bununla bağlı politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında qeyd etdi ki, Azərbaycan dövləti bu görüşdə də həmişəki kimi konstruktiv, real mövqedən çıxış edəcək: "Bu gün bütün beynəlxalq aləmə məlumdur ki, Azərbaycan dövləti yalnız bir standarta malik siyasət yürüdür və hər zaman hər yerdə vəziyyətdən asılı olmayaraq, öz konstruktivliyini qoruyub saxlayır. Azərbaycan dövləti bəyan edib ki, həmin görüşə yalnız bir şərtlə qatılır ki, təcavüzkar Ermənistan dövləti budəfəki danışıqlarda konstruktivlik, kompromisə meyillilik nümayiş etdirsin. Yəqin ki, prezidentlərin Moskva şəhərində keçirilməsi nəzərdə tutulan budəfəki üçtərəfli görüşündə Dağlıq Qarabağ üçün həlli uğur gətirəcək addımlara Rusiya və Ermənistan prezidentləri tərəfindən imza atılacaq".
Q. Hüseynli indiyə qədər Dağlıq Qarabağ proseslərində passiv rol oynayan və hər şeyi bütünlüklə Moskvanın öhdəsinə buraxmış rəsmi Vaşinqtonun son vaxtlar fəallaşdığını da vurğuladı: "Ötən ayın əvvəlində Vaşinqtondan çox önəmli bir bəyanat gəldi. Həmin bəyanatda Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və bunun nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulduğu faktı qeyd edilir. Bundan əlavə həmin bəyanatda dövlətimizin ərazi bütövlüyünün təmin edilməsinin zəruriliyi vurğulanırdı. Üstəlik də, bu bəyanatda Dağlıq Qarabağ münaqişəsi başlayandan bu yana, ilk dəfə olaraq, rəsmi Amerika Ermənistanın təcavüzkar olduğunu və bu təcavüzün nəticələrinin aradan qaldırılması qeyd olunub".
Politoloq bütün bunlardan əlavə, Ermənistanın "Minilliyin çağırışı" proqramından kənarlaşdırıldığını qeyd etdi: "Təbii ki, bu işğalçı dövlət üçün çox ağır bir zərbədir. Çünki Ermənistan bu proqrama görə, ABŞ-dan 250 milyon dollardan çox humanitar yardım alıb. İndi təcavüzkar dövlət olan Ermənistan, çox güman ki, ABŞ-ın 250 milyon dollarından məhrum olacaq. Bu isə işğalçı dövlətin büdcəsinin üçdə bir hissəsi deməkdir. Hətta Ermənistan Gürcüstan ərazisindən keçən yolda müəyyən məhdudiyyətlərə də məruz qalır. Belə ki Gürcüstan bundan sonra Ermənistan ərazisindəki hərbi hissələrin döyüş ləvazimatı ilə təyin olunması üçün rəsmi Tbilisi ərazisindən istifadə etməməsi haqqında qərar çıxarıb və parlamentdə bunu təsdiqləyib. Beləliklə də, Ermənistanın Gürcüstandan silah alma məsələsi də xeyli çətinə düşüb. Vaşinqton da son zamanlar problemin hansı istiqamətdə getməsi ilə daha ciddi surətdə maraqlanmağa başlayıb".

Digər xəbərlər