“Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu" mövzusunda konfrans keçirilib
Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqlara konfransın keçirildiyi Heydər Əliyev Mərkəzi haqqında məlumat verib. Qeyd edib ki, mərkəz iki il öncə fəaliyyətə başlayıb və mərkəzin açılışında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Onun sözlərinə görə, yarandığı gündən bu vaxta qədər 37 500 nəfər Heydər Əliyev irsini öyrənmək üçün bu mərkəzə gəlib. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərov qeyd edib ki, "Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu" mövzusunda konfransın keçirilməsi mühüm əhəmiyyətə malikdir. O deyib ki, ictimai rəyin formalaşmasında KİV-in rolu böyükdür. Səfərov bildirib ki, son iki ildə KİVDF bir çox qəzetlərə və xəbər agentliklərinə dəstək verib.
"Hazırda Azərbaycanda 4000-dən çox KİV qeydiyyatdan keçib. Onların 300-ə yaxını mütəmadi fəaliyyət göstərir. Müstəqillik illərində müxtəlif qəzetlər yaransa da onların bir çoxu rəqabətə dözə bilməyərək sıradan çıxıblar. Həmin proses bu gün də davam edir. Azərbaycan dövləti medianın inkişafına dəstək verir", - icraçı direktor əlavə edib.
Tədbirdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu müasir dünyada mətbuatın cəmiyyətin və dövlətlərin idarə olunmasında rolu barədə məruzə ilə çıxış edib. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev medianın dövlətin və cəmiyyətin idərə olunmasında rolunu yaxşı bildiyinə görə KİV-in imkanlarından geniş istifadə edib.
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda "reket" jurnalistika ilə mübarizə metodlarından söz açıb.
"Azərbaycanda qanunvericiliyin sadələşməsi nəticəsində hər bir şəxs qəzet təsis etmək imkanına malikdir. İstənilən ali təhsilli şəxs jurnalist fəaliyyəti ilə məşğul ola bilər. Bu isə bəzən neqativ hallarla nəticələnir. Bəzi şəxslər qəzet təsis edərək "reket" jurnalistika ilə məşğul olmağa başlayırlar", - o qeyd edib. Rəhimzadə deyib ki, Mətbuat Şurası "reket" jurnalistikasına qarşı mübarizəsini davam etdirir. "Olimpiya dünyası" və "Paralel" qəzetlərinin baş redaktorları da mövzu ilə bağlı fikirlərini bölüşüblər. Daha sonra tədbir qarşılıqlı dialoq formasında davam edib. Tədbir iştirakçılarına suallar vermək üçün xarici ölkələrdə təhsil alan Azərbaycanlı tələbələr də internet vasitəsi ilə konfransa qoşulublar.