PDF Oxu

Araşdırma

  • 20

Ermənistan öz mövqeyindən geri çəkilməlidir

Ermənistan öz mövqeyindən geri çəkilməlidir
Məlum olduğu kimi, ötən həftə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında Moskvada üçtərəfli görüş keçirilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ilə bağlı keçirilən toplantı mətbuatın iştirakı olmadan bağlı qapılar arxasında keçirilib. Görüşdə bu il martın 5-də Soçidə əldə edilmiş razılaşmalara uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunub. Nazirlər danışıqlarında prezidentlərin növbəti görüşünü də müzakirə ediblər.
Qeyd edək ki, bu görüş barədə bir müddət bundan öncə, regiona səfər edən Minsk Qrupunun həmsədrləri məlumat vermişdilər. Onlar nazirlərinin görüşünün aprel ayının sonunda, prezidentlərin üçtərəfli görüşünün isə bu ilin iyun-iyul ayında keçirilməsini bildirmişdilər. Bu görüşün də Rusiyanın ev sahibliyi ilə keçiriləcəyi gözlənilir. Ümumiyyətlə, son zamanlar Rusiya Qarabağ münaqişəsinin nizamlanması prosesində özünün əhəmiyyətli rolu ilə seçilməyə başlayıb. İstər Minsk Qrupunun həmsədri kimi, istərsə də, münaqişəyə ən yaxın olan region ölkəsi kimi Rusiya münaqişənin tezliklə və sülh yolu ilə həllinə çalışır. Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə son bir il ərzində üç zirvə görüşü keçirilib.
Doğrudur, bu görüşlərdə əsaslı irəliləyişə və qənaətbəxş nəticəyə nail olunmasa da rəsmi Moskva hesab edir ki, danışıqlar faydalıdır və Rusiya öz vasitəçiliyini davam etdirəcək. Münaqişənin tənzimlənməsi üçün həlli vacib olan məsələlər isə - zəbt olunmuş torpaqların qaytarılması və status məsələsində tərəflərin razılığa gələ bilməməsidir ki, zirvə görüşlərində də tərəflər və vasitəçilər bunu həll etməyə çalışırlar. Həmsədrlər tərəfindən verilən təkliflərdə də məhz bu məqamlar yer almaqdadır. Eyni zamanda, atəşkəs rejiminin pozulması və cəbhə xəttində yaşayan azərbaycanlı əhalinin bundan əziyyət çəkməsi də prezidentlərin görüşündə müzakirə mövzusu olaraq qalmaqdadır. Heç təsadüfi deyil ki, məhz prezidentlər arasında keçirilən son iki görüş məhz bu məsələyə həsr olunmuş və atəşkəs rejiminin pozulmaması tərəflər qarşısında öhdəlik kimi qoyulmuşdur. Lakin buna hələ ki, Ermənistan tərəfindən tam əməl olunmur və onlar öz əməllərini davam etdirirlər.
Bu vəziyyətin böyük təhlükə yaratması isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən üçtərəfli görüşdən sonra Rusiyanın "Moskva Xəbərləri" qəzetinə verdiyi müsahibəsində bir daha dilə gətirilib. O, qeyd edib ki, hazırda münaqişə üzərində status-kvonun saxlanılması regionda, eyni zamanda, münaqişə ətrafında vəziyyəti gərgin olaraq saxlayır: "Hazırda çoxlu sayda məcburi qaçqın və köçkün var. Eyni zamanda, hərb variantının gündəmdə olması çox ciddi bir faktordur. Məhz bu fonda bəlli olur ki, status-kvonun saxlanılması müsbət heç nə vəd etmir. Həmçinin, heç vaxt Dağlıq Qarabağı "dondurulumuş münaqişə" adlandırmaq olmaz. Əgər biz hər gün təmas xəttində partlayışların, atəşkəs rejiminin pozulmasının şahidi oluruqsa, necə bunu "dondurulmuş münaqişə" adlandırmaq olar? İşğal olunan ərazilərdə hərbi avadanlıqların yerləşdirilməsi, ağır hərbi potensialın çoxaldılması sonsuzluğa aparır."
E.Məmmədyarov da verdiyi müsahibəsində Rusiyanın münaqişənin həllində tutduğu mövqeyin yüksək qiymətləndirildiyini bildirmiş, həmçinin, sonuncu üçtərəfli görüşə də toxunmuşdur: "Mən həmişə rusiyalı həmkarım Sergey Lavrovla mütəmadi əlaqə saxlayıram. Eyni zamanda, münaqişənin həllində yaxından iştirak edən Rusiya prezidenti Dmitri Medvedevin də Prezident İlham Əliyevlə gözəl münasibəti mövcuddur. Görüşlər, mütəmadi olaraq, keçirilir və əsas mövzu münaqişənin həlli yolları olur. Bu, əvvəllər də belə olub. Lakin hazırda Rusiya prezidenti Dmitri Medvedev münaqişənin həllində yaxından iştirak edir və tərəflərin münaqişənin həllində mövcud olan münasibətindən xəbəri var və tam səmimiyyətlə istəyir ki, bu və ya digər formada münaqişənin donmaması və həlli üçün köməklik göstərsin".
Göründüyü kimi, münaqişə ətrafında gərgin vəziyyət qalmaqdadır. Ermənistan tərəfinin göstərdiyi qeyri-konstruktiv mövqe razılığın əldə olunmamasına və mövcud ziddiyyətin daha da kəskinləşməsinə səbəb olur. Əlbəttə, burada beynəlxalq birlik tərəfindən Ermənistana qarşı təsir və təzyiq metodlarından istifadə olunmaması amilini də qeyd etmək olar. Lakin əsasən, Ermənistanın göstərdiyi barışmaz mövqe göstərilməlidir ki, bu da, ümumilikdə, münaqişənin həllini əngəlləmiş olur.
Bu məsələ barədə fikirlərini açıqlayan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənovun sözlərinə görə, Minsk Qrupu indiyə qədər bacardığı fəaliyyəti göstərib və bu mövqelərin yaxınlaşdırılması, problemin həlli ilə bağlı kifayət qədər konstruktiv fəaliyyət sərgiləyib. "Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində ortada hələ də bir nəticə yoxdur. Amma bu, o demək deyil ki, Minsk Qrupu bu dövr ərzində fəaliyyət göstərməyib və yaxud zəif fəaliyyət göstərib. Sadəcə biz tələb edirik ki, Minsk Qrupu Ermənistana qarşı təzyiqləri artırsın. Onu qeyri-konstruktiv mövqedən daşındırmaq üçün təsirli tədbirlər həyata keçirsin.", - deyə Əli Həsənov vurğulayıb.
Bu fikirlərin isə Ermənistan tərəfindən xəbərdarlıq kimi qəbul olunması daha məqsədəuyğun olardı. Yəni onlar da anlamalıdırlar ki, bu rəsmi Bakının mövqeyidir və münaqişənin nizamlanması üçün mühüm əhəmiyyət kəsb edir. Ermənistan öz mövqeyini dəyişməzsə, tərəflər arasında münasibətlərin daha da kəskinləşməsi və münaqişənin alovlanması müşahidə oluna bilər.

Digər xəbərlər